Krım tatarlarının lideri: "Deportasiya barədə narahatıq"

Şəklin mənbəyi, UNIAN
Krım Tatar Milli Assambleyasının lideri Refat Çubarov BBC Newshour proqramına danışıb.
Cənab Çubarov deyib ki, Krım Rusiyaya qoşularsa, ərazidəki tatarların gələcəkdə yenidən deportasiya olunması barədə narahatdır.
Referendumu nə üçün boykot etdiniz?
Birincisi, referendum qeyri-leqaldır. Ukrayna qanunlarına ziddir. İkincisi, referendum keçirildiyi bir vaxtda Krım ərazisində Rusiya qoşunları var, səsvermə onların nəzarəti altında keçirilir. Üçüncüsü, xeyli vacib suallar qaldıran bu referendum cəmi 10 gün əvvəl elan olunub. Buna görə də biz qərar vermişik ki, vətənimizin taleyi belə bir referendumda, əsgər silahlarının kölgəsi altında həll oluna bilməz.
Narahatlıqlarınızı rusiyalılara bildirdinizmi?
Yox, çünki referendum üçün hazırlıqlar qapalı qapılar arxasında keçirilirdi və Rusiya əsgərləri Krıma daxil olandan sonra elan olundu. Aydın oldu ki, rusiyalılar Krıma nəzarət etmək istəyirdi. Bu referendum sadəcə bir rəsmiyyətdir. Sadəcə dünyada ictimai rəyi çaşdırmaq üçündür. Bəzi adamları qorxudublar, bu həqiqi referendum deyildi. Onlar istədikləri nəticəni alacaqlar.
Krım Rusiyanın nəzarəti altına qayıtsa, Krım tatarları üçün narahatlıqlarınız nədən ibarətdir?
Bu, vətənimizdir. 20-ci əsrdə fəlakətlə üzləşmişdik, Stalin bizi vətənimizdən deportasiya etmişdi. 50 il sürgündə yaşamalı olmuşuq. 23-24 il əvvəl torpaqlarımıza qayıtmağa başladıq. Burada 300 000 Krım tatarı yaşayır, Özbəkistanda isə daha 250 000 tatar sürgündə yaşayır. Krımdan başqa gedə biləcəyimiz yer yoxdur. Bilmirik Krım Rusiyanın nəzarəti altında olacaq, yoxsa gələcəkdə Ukrayna nəzarətini bərpa etməyə çalışacaq. Amma beynəlxalq ictimaiyyət, BMT və Avropa İttifaqı Şurası bu ədalətsizlik barədə qərar verməlidir. Biz Krım tatarları bu ədalətsizliyi təsdiq etməyəcəyik.
Krım tatarlarının Krımdan yenidən deportasiya edilməsi barədə narahatsınızmı?
Bəli. Bizim mövqeyimiz çox aydındır. Hamı bilir ki, Rusiyanı dəstəkləmirik. Krım (Rusiyanın) nəzarəti altında olsa, Rusiyapərəstlər bizim xalqa qarşı belə addımlar ata bilər. Bizim xalqda belə narahatlıqlar var.
Yüksək rütbəli Krım tatar siyasətçisi Mustafa Cemilev demişdi ki, Rusiya Krımı özünə birləşdirsə, cihad üslublu zorakılıqla üzləşə bilər. Bununla razısınızmı?
Cənab Cemilev deyib ki, Rusiyaya qarşı cihad başlamaq üçün Krımın xaricindən bəzi admlar Krıma gəlmək fikrində ola bilərlər. O deməmişdi ki, Krım tatarları cihad-üslublu zorakılıq başlaya bilərlər. Biz burada azlığıq. Ciddi narahatlığımız odur ki, burada irimiqyaslı provokasiyalar olmasın. Burada hər hansı etnik zorakılığın qabağını almağa çalışırıq. BMT və Avropa İttifaqı Şurası böhranın sülh yolu ilə həllini axtarmalıdırlar.
Krım tatarlarının gələcəyi barədə Moskva ilə siyasi dialoqa başlamağa razısınızmı?
Cənab Cemilev Rusiya Prezidenti Vladimir Putinlə danışıb və onlar bir-birinə Krım üzrə mövqelərini bildiriblər. Gələcəkdə nə olacaq, görərik. Bütün suallara indi cavab verə bilmərik, çünki Rusiyanın planlarını bilmirik. Heç kim dəqiq bilmir, Rusiya Krımı özünə birləşdirəcək ya yox.




