Kral uşağı: anaların rolu necə dəyişir?

Kensington Sarayının divarlarının kənarında, krallıq uşaq otağında inqilab baş verir, krallıq məsələləri üzrə şərhçi Carolyn Harris yazır. Amma yeni krallıq uşağının tərbiyəsi, sələflərindən necə fərqlənəcək?

Cambridge hersoqu və hersoginyası gələcək kral və ya kraliçanın tamamilə müasir tərbiyə alması üçün sakitcə işlər aparıblar. Uşağın valideynləri və nənə və babaları uşağa hər hansı dayədən çox təsir göstərəcək. William və Kate (Catherine) isə krallıq öhdəlikləri ilə ailə vaxtı arasında balans yaradacaqlar.

Krallıq cütlüyü həm ictimaiyyətdən, həm də saraydan misli görünməmiş dəstək alır. Onlar monarxiyanın gələcəyini təmsil edirlər və onların qərarları xalqın həm valideynlər, həm də krallıq ailəsinə dair fikirlərini formalaşdıracaq.

Yanvarda onlar ev xidmətçisi üçün elan verdilər, dayə üçün isə yox. Mediada bu, bir işarə kimi qəbul edildi: kral cütlüyü uşağın əsas baxıcısı olacaq.

Vəzifəni kraliçanın ev qulluqçusu Antonella Fresolone aldı. O, paltarları yumaq, gümüş qab-qacağı parıldatmaq, iti gəzdirmək və uşağa baxmaq kimi vəzifələri yerinə yetirməli olacaq.

Şahzadə Charles və hətta Şahzadə William uşaq olanda, bu işlər kral evinin bir neçə üzvü arasında bölünürdü.

Kral dayəsi vəzifəsinin yarımştat statusuna dəyişilməsi, ənənəyə uyğun deyil və bu, Cambridge hersoqu və hersoginyasının 21-ci əsrin "iş və həyat balansı" debatında mövqelərini açıqlayır.

Kral dayəsindən tələb olunan vəzifələr əsrlər ərzində çox dəyişiklərdən keçib. 19-cu və 20-ci əsrdəki dayələrin malik olduğu səlahiyyətlər bəzi kral uşaqlarına fəlakət, digərləri üçün isə rahatlıq gətirib.

Şahzadələr William və Harry doğulanda, kral dayəsinin ənənəvi rolu, Şahzadələr Charles və Diananın istədikləri tərbiyə ilə uyğun deyildi. Onlar uşaqların həyatlarında rol oynamaq, onları özləri də böyütmək istəyirdilər.

Kraliçanın və Şahzadə Philip-in bəyəndikləri rəsmi yanaşmaya rəğmən Charles və Diana uşaqlarını ictimaiyyətdə qucaqlayıb, onları gənc yaşdan xarici səfərlərə özləri ilə aparırdılar. Məlumata görə Diana düşünürdü ki, Williamın birinci dayəsi Barbara Barnes gənc şahzadəyə həddindən artıq "ikinci ana" münasibəti göstərirdi. Bu, əvvəlki nəsillərin kral dayələri üçün qəbul edilmiş rol idi.

1992-ci ildə Diana və Charles ayrılanda, ata uşaqlara baxmaq üçün Tiggy Legge-Bourke adlı qeyri-ənənəvi bir dayəni işə götürdü.

Gənc Legge-Bourke şahzadələrə daha çox böyük bacı və dost münasibəti göstərirdi. Beləliklə Catherine və Williamın yaratdığı evdar qadın-dayə rolu, kral uşaq otağındakı innovasiya prosesini davam etdirir.

Deyilənə görə, körpənin tərbiyəsində nənə və babasının rolu dayədən daha böyük olacaq - dayə işə götürülsə də belə.

Məlumata görə, Kate uşağı doğandan sonrakı həftələri valideynləri - Michael və Carole Middleton ilə keçirməyə planlaşdırır. 20-ci əsrdən əvvəl, Britaniya monarxları adətən xarici kral ailəsi nümayəndələri ilə evlənirdi. Beləliklə uşağın həyatında bir tərəfdən nənə və babanın rolu məhdud idi.

Diana ailəsi ilə tez-tez mübahisədə olsa da, William və Harry "Gran Fran" ("Fran nənə", Frances Shand Kydd) ilə yaxın əlaqə qurdular. Beləliklə Frances - kral uşağı üçün favorit adlardan biridir.

Bir çox digər işarələr də göstərir ki, William və Catherine kral ənənəçiləri deyil, yenilikçilərin addımları ilə gedəcəklər. Kraliça Victoria-nın əri Şahzadə Albertdən sonra, Şahzadə Charles - doğum şöbəsinə daxil olan birinci ata idi. Görünür ki, William da bunu edəcək.

18 və 19-cu əsrlərdə, uşaqlarını əmizdirməyə qərar verən kral anaları ziddiyyətlə üzləşib. Fransada Kraliça Marie Antoinette Fransız Maarifçilik tərbiyə ideyalarına riayət etməyə qərar verəndə, anasından hirsli məktub almışdı.

Kraliça Victoria öyrənəndə ki, qızları öz uşaqlarını əmizdirir, kral südçülük fermasında inəklərdən birini Şahzadə Allice adlandırdı. Diana oğullarını özü əmizdirməyə qərar verəndə, ictimaiyyət onu təriflədi və Catherine də müasir kral anası olduğuna görə oxşar dəstək görəcək.