İranda ABŞ və İsrailə casusluq etməkdə ittiham olunan iki şəxs edam edilib

Xəritə

Iranda rəsmilərinin bildirdiyinə görə, İsrail və ABŞ-a casusluq etməkdə ittiham olunan 2 şəxs dar ağacından asılmaqla edam ediliblər.

Məhəmməd Heydəri "təhlükəsizlik və dövlət sirrinin" İsrailin Mossad kəşfiyyyatına ötürülməsində ittiham edilib.

Tehran prokurorluğunun məlumatına görə, Kuroş Əhmədi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə kəşfiyyat xarakterli materialların ötürülməsində ittiham olunub.

İran dəfələrlə İsraili və ABŞ-ı ona qarşı məxvi kəşfiyyat əməliyyatlarının aparılmasında ittiham edib.

Heydəri və Əhmədinin nə vaxt həbs olunduqları və məhkəmələrinin nə vaxt keçirildiyi barədə bir məlumat yoxdur.

Bu arada İranın nüvə proqramı ilə bağlı gərginlik davam etməkdədir. Tehran proqramının dinc məramlı olmasında təkidlidir.

Lakin Qərb ölkələri güman edir ki, bu proqram atom silahının hazırlanması üçün istifadə oluna bilər.

İranın Fars xəbər agentliyinin məlumatına görə, qeyd olunan 2 şəxsin edamı Tehran İnqilab Məhkəməsi tərəfindən həyata keçirilib və Ali Məhkəmə tərəfrindən təsdiqlənib.

Agentlik iki nəfərin dar ağaçından səhər tezdən asıldıqlarını bildirib.

Bu ilin əvvəlində, İranın Ali Məhkəməsi MKİ-ə casusluqda ittiham olunmuş İran əsilli ABŞ vətəndaşı Əmir Mirzəyi Hikmətiyə kəsilən ölüm hökmünü dəyişib.

Hakim ittihamı natamam sayaraq məhkəmə işinə yenidən baxılması barədə qərar çıxarıb.

Həm Hikməti, həm də ABŞ İran tərəfindən irəli sürülən casusluq ittihamını rədd edirlər.