Rusiya “Maqnitski siyahısına” öz siyahısı ilə cavab verib

Moskva öz vətəndaşlarına qarşı sanksiyaları nəzərdə tutan “Maqnitski siyahısı"na cavab olaraq 18 ABŞ vətəndaşının Rusiyaya girişini yasaqlayıb.
Rusiya siyahısında hərbçilər və yüksək rütbəli rəsmilərin adları əks olunub.
Reaksiya
“Daxili işlərimizə qarışmaq cəhdinə lazım olan qaydada reaksiya verdik”, - Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.
Aprelin 12-də ABŞ “Maqnitski siyahısını” açıqlayıb.
ABŞ Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş siyahiya daxil edilən Rusiya və MDB dövlətlərindən olan 18 şəxsə qarşı maliyyə və viza qadağaları tətbiq ediləcək.
Siyahıda yüksək rütbəli rəsmilərin adları əks olunmayıb.
Məxfi siyahı
Rusiya mətbuatı insan haqlarını pozmaqda şübhəli bilinənlərin əlavə məxfi siyaha salındığını yazır.
Bundan əvvəl AP agentliyi siyahıda Çeçenistan prezidenti və Rusiya İstintaq Komitəsi başçısının adının əks olunacağını bildirmişdir.
Son günlər Konqres üzvləri, insan haqları müdafiəçiləri və xüsusi xidmətlər siyahıya 280 adamın salınmasını tələb edirdilər.
Siyahıdakı 16 adam bilavasitə Hermitage Capital şirkətinin hüquqşünası Sergey Maqnitskinin ölümünə aidiyyatda şübhəli bilinən şəxslərdir.
Daha iki nəfərin adı keçmişdə qalmaqallı məhkəmə işləri ilə bağlı hallandırılıb.
Rusiya cümə günü "Maqnitski siyahısı"na adekvat cavab verəcəyini bildirib.
"Maqnitski aktı"
Ötən il qəbul olunmuş “Maqnitski aktı” qanununa uyğun olaraq Maliyyə Nazirliyinin siyahısına salınan şəxslərin ölkəyə girişi yasaqlanacaq və bank hesabları dondurulacaq.
Sergey Maqnitski 2009-cu ildə Moskvanın istintaq təcridxanasında vəfat edib.
Həbsindən əvvəl hüquqşünas çoxmilyardlıq büdcə vəsaitlərinin mənimsənilməsini araşdırıb.
Hüquqşünasın təmsil etdiyi Hermitage Capital bildirib ki, Sergey Maqnitski oğurluqda suçladığı şəxslər tərəfindən şərlənərək məhbəsə atılmışdır.




