Yer Kürəsi ölçüsündə "17 milyard" planet var

Şəklin mənbəyi, BBC World Service
Astronomların söylədiyinə görə kainatımızdakı ulduzların hər 6-dan birinin yaxın peyki Yer kürəsi ölçüsündədir, bu cür planetlərin ümumi sayının isə 17 milyard olduğu güman edilir.
Bu nəticəyə NASA tərəfindən yaradılmış Kepler kosmik rəsədxanasında aparılan müşahidələrin təhlili nəticəsində gəlinib.
Kepler teleskopunu idarə edən elmi qrup tərəfindən planet sayılması üçün 461 yeni namizəd seçilib. Peyklərin ümumi sayı 2.740-ə çatıb.
Bu nəticələr Kaliforniyada keçirilmiş Amerika Astronomiya Cəmiyyətinin 221-ci iclasında açıqlanıb.
Transit
2009-cu ildə orbitdə işə başlayandan Kepler teleskopu kosmik fəzanın müəyyən bir güşəsinə tuşlanaraq öz nəzarət sektorunda 150,000-dan çox ulduzu müşahidə edib.
Teleskop ulduzdan gələn işığın 1 dəqiqəlik zəifləməsini qeydə ala bilir.
İşıq zəifləməsi ulduzun qarşısından planetin keçməsi kimi qiymətləndirilir. Bu prosesə astronomlar "transit" adı veriblər.
Lakin bu ölçü üsulunun dəqiqliyi bir sıra amillərdən asılıdır, çünki ümumilikdə işığın intensivliyi yalnız faizin cüzi hissəsi qədər dəyişir və işığın zəifləməsi də heç də həmişə planetin transiti təsirinə görə baş vermir.
Belə ki, ilk Yer ölçülü planetləri kəşf edən Harvard-Smithsonian Astrofizika Mərkəzindən Fransua Fressin, Kepler namizədlərindən bəzilərini planetlər siyahısından çıxdaş etməklə yanaşı Kepler teleskopunun görə bilmədiyi planetləri də müəyyən etmək istiqamətində cəhdlərə başlayıb.
"Biz yalnız 2 məqamı düzəltməliyik - birincisi Kepler namizədləri siyahısı natamamdır", o, BBC-ə bildirib.

Şəklin mənbəyi, NASA
"Biz yalnız o planetləri görürük ki, onlar ulduzlarının qarşısından keçir, həmin ulduzların bizim görə bildiyimiz və onlarla görə bilmədiyimiz planetləri mövcuddur.
"İkinci əsas düzəliş namizədlərin siyahısına edilməlidir – onların arasında elələri var ki, onlar həqiqi planetlər deyil, fərqli astrofizika obyektləridir."
Belə obyektlərdən biri qoşa ulduzlar ola bilər. Bu kosmik obyekt qarşılıqlı orbital hərəkətdə olan iki ulduzdan ibarətdir.
"Biz bütün mümkün konfiqurasiyaları nəzərdən keçirdik və müəyyən etmişik ki, onları Kepler planetlərinin yalnız 9,5 faizi təşkil edə bilər, qalanları isə gerçək planetlərdir," Dr Fressin izah edib.
Əldə edilmiş nəticələrə görə, güman etmək olar ki, ulduzların 17 faizində peyk planetlər var. Həmin planetlərdən ən irisinin ölçüsü Yer kürəsinin 1.25-ni təşkil edir. Peyklərin orbiti ana ulduza yaxındır, beləki orbitin bir dövrünü peyk təxminən 85 günə, ya da bundan da az vaxta başa vurur.
Bu o, deməkdir ki, bizim qalaktikamızda ən azı Yer kürəsi ölçüsündə olan 17 milyard planet mövcuddur.
Kepler missiyası arxasında əsas hərəkətverici qüvvə William Borucki deyir ki yeni nəticələr onu ilhamlandırıb.
"Ən əhəmiyyətli məqam statistika ilə bağlıdır – söhbət bir yox 100 Yer planetinin tapılmasından gedir. Zaman etibarilə Kepler missiyası bizə məhz bu nəticəni təmin etməlidir, çünki bu missiya məhz çoxlu yerı planetlərinin tapılması məqsədilə yaradılıb."




