Silikon implantları şirkətinin başçısı həbs olunub

Şəklin mənbəyi, BBC World Service
Fransada qalmaqal mərkəzindəki döş implantları istehsalı üzrə Poly Implant Prothese (PIP) şirkətinin sahibi həbs olunub.
72 yaşlı Jean-Claude Mas-ın Fransanın cənubundakı evində həbs olunduğu bildirilir.
PİP döş implantlarının yırtılması hallarının qeydə alınmasından sonra onların istifadəsinə qadağa qoyulub.
Güsurlu protezlərdən silikon sızıntısının sağlamlıq üçün problem törətdiyi bildirilir.
Fransa həkimləri cərrahiyyə əməliyyatı etmiş 30 min qadın pasientə PİP implantlarının çıxarılmasını məsləhət biliblər.
PİP istehsalı olan silikonlar 65 ölkədə 300-400 min qadın tərəfindən istifadə olunub.
Ötən ilin sonunda Mas aşağı keyfiyyətli texniki silikonun təftişdən gizlədildiyi ilə bağlı polis tərəfindən dindirilib.
Mas o zaman Avropa müfəttişlərini 13 il ərzində aldatdığını bildirib.
O həmçinin deyib ki, implantları dəyişdirmək istəyən qadınlar bu əməliyyatdan qazanmaq niyyətində olduqları üçün şikayət edirlər.
Fransada 2700 qadın PİP şirkətinə qarşı məhkəmə iddiası ilə çıxış edib.
Həkimlər implantların yalnız narahatlıq yaratdığı təqdirində çıxarılmasını məsləhət görüblər.
İngiltərədə bu kimi əməliyyatların dəyəri müstəsna hallarda dövlət səhiyyə xidməti tərəfindən ödənilir.




