Şimali Koreyanın yeni lideri: Kim Çen In

Şəklin mənbəyi, AFP
"Əziz lider" Kim Çen İrin ölümündən sonra oğlu Kim Çen Inın (Kim Jong-un) Şimali Koreyanın yeni lideri olacağı gözlənilir.
BBC-nin onun haqqında hazırladığı qısa bioqrafiyanı aşağıda oxuyun:
Kim Çen In Kim Çen İr və onun üçüncü arvadı Ko Yonq-huinin kiçik oğludur.
1983-cü ildə və ya 1984-cü ilin əvvəllərində doğulmuş bu gənc oğlanın atasının varisi olacağı əvvəllər düşünülmürdü.
Təhlilçilər əsasən diqqəti onun ögey qardaşı Kim Çen-nama və doğma qardaşı Kim Çen-çola verirdilər.
Amma onun atasının yerinə keçəcəyi barədə spekulasiyalar 2009-cu ilin yanvarında yayılmağa başladı. Belə ki, Cənubi Koreyanın Yonhap xəbərlər agentliyi atasının Kim Çen Inı varis təyin etdiyini xəbər verdi.
Şimali Koreyanı müşahidə edənlər həmçinin diqqəti onun Milli Müdafiə Komissiyasına təyin olunmasına dair xəbərlərə yönəltdilər. Bu, onun liderlik mövqeyinə irəli çəkildiyinə dair işarə kimi qəbul olundu.
Müdafiə komissiyası Şimali Koreyanın mühüm hökumət orqanıdır. Kim Çen İr komissiyanın sədri idi.
2009-cu ilin iyununda Cənubi Koreyanın kəşfiyyat agentliyi Şimali Koreyada rəsmilərə Kim Çen Inı gələcək lider kimi dəstəkləmək əmri verildiyini bildirdi.
Hətta gənc liderin üstün məziyyətlərindən bəhs edən şerlər və "Addımlar" adlı mahnı yazıldı.
Məlumata görə, yeni liderin 10 milyona yaxın portreti hazırlanıb və atası və babasının şəkillərilə yanaşı paylanacaq.
Eyni zamanda "taxt-tacın arxasındakı güc"ün Chang Song-taek olduğu bildirilir. O, Kim Çen İrin bacısının əridir və Şimali Koreya İşçi Partiyasının inzibati departamentinin direktorudur.
Bəziləri deyir ki, Kim Çen In işləri özü idarə etməyi bacaranadək "padşahlığı" səhnə arxasından Chang Song-taek edəcək.
"Dan ulduzu kralım"
Kim Çen Inın özü haqda çox az şey məlumdur. Deyilənə görə, onun anası Kim Çen İrin sevimli arvadı idi və qadın öz oğlunun irəli çəkilməsində rol oynayıb.
Deyilənə görə, anası onu "Dan ulduzu kralım" adlandırırmış.
2003-cü ildə yazdığı "Mən Kim Çen İrin aşpazı idim" kitabında Kenji Fukimoto ləqəbli yapon müəllif də yazırdı ki, Çen In atasının sevimli oğlu idi.
Qardaşları kimi İsveçrədə oxuyanda Kim Çen In Qərbin təsirlərindən qaçarmış, dərsini bitirəndən sonra evə qayıdar və Şimali Koreya səfiri ilə yeməyə çıxarmış.
Pxenyana qayıdandan sonra isə o, hərbi universitetdə təhsil alıb.
Onun NBA basketbol azarkeşi olduğu bildirilir.
Ancaq hər şeyin gizli saxlandığı Şimali Koreyada digər məsələlər kimi, bu təfərrüatların da təsdiqini almaq mümkün deyil.




