Bu günün xəbərləri: Kanadadan İrana 84 milyonluq təzminat qərarı, Qazaxıstanda maye qazda qiymət artımına etiraz

Torontoda keçən yıl faciənin birinci ildönümündəki anmada qurbanların fotoları

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Torontoda keçən yıl faciənin birinci ildönümündəki anmada qurbanların fotoları

Kanada məhkəməsi İranın "səhvən" vurduğu təyyarədə ölənlərin ailələrinə təzminat ödəməsinə qərar verib, Qazaxıstanın Manqıstau vilayətində maye qazın qiymətindəki artıma etiraz edən sakinlər gecəni şəhər adminstrasiyasının binası önündə keçiriblər, - ətraflı BBC News Azərbaycancanın icmalında

Vəkillər İranın aktivlərinə həbs qoyulmasına çalışacaqlar

Kanada məhkəməsi 2020-ci ildə Tehran səmasında vurulmuş təyyarənin həlak olmuş 6 sərnişinin ailəsinə 84 milyon dollar təzminat ödənməsinə qərar verib.

İki il əvvəl İran Ukraynanın Tehran-Kiyev reysi ilə uçan sərnişin təyyarəsini səmaya qalxdıqdan bir neçə dəqiqə sonra raketlə vurmuşdu.

Göyərtəsində 176 nəfər olan təyyarədən sağ çıxan olmamışdı.

Sonradan İran rəsmiləri bildirmişdilər ki, təyyarənin ABŞ raketi olduğu güman edilib və "səhvən vurulub".

Həmin vaxt İraqda iranlı general Qasım Süleymani ABŞ hücumu nəticəsində öldürülmüş, buna cavab olaraq, İran ABŞ-ın İraqdakı hərbi bazasına zərbə endirmiş və cavab zərbəsi gözləyərək ölkənin havadan müdafiə sistemini yüksək səviyyədə hazır vəziyyətə gətirmişdi.

Təyyarədə həlak olan sərnişinlər arasında 55 Kanada vətəndaşı və Kanadada ömür boyu oturma haqqına sahib 35 adam var idi.

Videonun alt yazısı, New York Times qəzetinin əldə etdiyi video İranda Ukrayna təyyarəsinə “raket zərbəsi” anını əks etdirir.

Qurban yaxınları hadisənin baş verməsində İranın məsuliyyət daşıdığını deyərək, ona qarşı məhkəmə iddiası qaldırmışdılar.

Kanada məhkəməsinin qərarında göstərilən təzminatın İrandan necə alınacağı bəlli deyil. Qurbanların qohumlarının vəkili Mark Arnold bildirib ki, onlar Kanada ve ölkə xaricində neft tankerləri də daxil İrana aid aktivlərə həbs qoyulmasına çalışacaqlar.

Aktau, gənclər

Şəklin mənbəyi, Getty Images

Maye qazda qiymət artdı, insanlar etiraza qalxdı

Maye qazın qiymətindəki artım Qazaxıstanın qərbində, Manqıstau vilayətində etirazlara səbəb olub.

Yanvarın 1-də vilayət rəhbərliyi maye qazın bir litrinin qiymətini 60 tengədən (təxminən 23 qəpik) 120 tengəyə (təxminən 46 qəpik) qaldırıb.

Yerli media vilayətin müxtəlif məntəqələrində etirazların keçirildiyini xəbər verib. Daha kütləvi etirazlar vilayət mərkəzi Aktauda olub, müxbirlər bildirirlər.

Minə yaxın etirazçı adminstrasiya binası önünə toplaşıb.

2011-ci ildə polisin etirazçılara atəş açdığı Janaozendə mitinqlər başlayıb.

"Aktauda artıq gecə yarısını ötüb, lakin etirazçılar akimliyin [şəhər administrasiyası] yaxınlığındakı meydanı tərk etmirlər. Sakinlər etirazçılar üçün yemək gətirib, çadır qurublar," - İnterfaks xəbər agentliyi etiraz şahidlərindən birinə istinadən yazır.

Yerli medianın yaydığı videolardan belə görünür ki, etirazçılar akimliyin qarşısında çadır qurublar.

Etirazçılarla polis arasında toqquşma olmadığı bildirilir. Yerli hakimiyyət nümayişçilərə müraciət edərək onları qanunu pozmamağa çağırır.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Bazar ertəsi Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev hökumətə "iqtisadi mümkünlüyü nəzərə alaraq Janaozendəki vəziyyəti təcili nəzərdən keçirməyi" tapşırıb.

Daha sonra Baş nazirinin saytında hökumətin bölgədə qazın qiymətini tənzimləmək üçün tədbirlər görməyi planlaşdırdığı və yanacaqdoldurma məntəqələrinin sahiblərinin "öz təşəbbüsü ilə" maye qazda 1 litrin qiymətini 85-90 tengəyə salmağa razılaşdığı barədə məlumat yayılıb.

Lakin etirazçılar bununla razılaşmayıb. Onlar qiymətin 60 təngəyə qaytarılmasını tələb edirlər.

2011-ci ildə Janaozendəki neft emalı zavodunda neftçilərin uzun sürən tətili iğtişaşlara səbəb olmuşdu. Polis şəhərdə və Şetpe dəmiryol vağzalında nümayişçilərə atəş açmış, nəticədə 16 nəfər ölmüş, 100-dən çox insan yaralanmışdı.