Brüsseldə Aİ Şurası Prezidentinin iştirakı ilə Əliyev-Paşinyan görüşü keçirilib

Charles Michel, İlham Əliyev və Nikol Paşinyan

Şəklin mənbəyi, Azertag

Çərşənbə axşamı günü Brüsseldə Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli formatda görüş keçirilib.

Prezident Əliyev və Baş nazir Paşinyan razılaşıblar ki, Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə planlaşdırılan danışıqların başlanması kontekstində yerlərdə gərginliyin azaldılması və əlverişli atmosferin yaradılması üçün əlavə ciddi addımlar atılmalıdır, görüşdən sonra Avropa Ittifaqı Şurası Prezidentinin yaydığı açıqlamada deyilir.

Sənədə əsasən, tərəflər arasında qarşılıqlılıq prinsipi əsasında dəmir yolu xətlərinin bərpasına dair işlərin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.

Baş nazir Paşinyan və Prezident Əliyev 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində götürülmüş əsas öhdəliklərin yerinə yetiriləcəyini və noyabrın 26-da Soçidə əldə olunmuş razılaşmaların yerinə yetirilməli olduğunu təsdiqləyiblər, - açıqlamada deyilir.

Üçtərəfli görüşdən əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel ayrıca olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

"Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcəkdir. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib", - Azərtac agentliyi xəbər verir.

Ermənistanın Baş naziri Brüsseldəki görüşün yekunları barədə özünün Facebook saytında məlumat yayıb. Nikol Paşinyan Ermənistan ərazisindən keçən dəmir yolu layihəsinin yenidən işə salınması barədə razılığın əldə olunduğunu bildirir.

"Dəmir yolu beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun olaraq, qarşılıqlı prinsiplər əsasında, ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək."

Nikol Paşinyan dəmir yolu ilə ölkəsinin İran İslam Respublikası və Rusiya Federasiyasına çıxışı əldə edəcəyini qeyd edib.

Brüsseldə baş tutan görüş Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında son bir ay ərzində keçirilən ikinci görüş olub. Bundan əvvəl onlar noyabrın 26-da Soçidə Vladimir Putininin iştirakı ilə baş tutan danışıqlara qatılıblar.

Görüşlər Brüsseldə "Şərq Tərəfdaşlığı" sammitindən bir gün əvvəl baş tutur.

"Şərq Tərəfdaşlığı" Aİ-nin altı tərəfdaşının - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın birgə təşəbbüsü əsasında yaradılmış əməkdaşlıq formatıdır.

BBC News Azərbaycancanın icmalında başqa xəbərlər

Əliyev və Stoltenberg

Şəklin mənbəyi, Azertag

İlham Əliyev NATO-da: Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizi ilə eyni olmalıdır

Azərbaycan Prezidenti bu gün Brüsseldə NATO-nun baş katibi ilə görüşdən sonra "Zəngəzur dəhlizi" barədə danışaraq deyib ki, bu nəqliyyat yolu Laçın dəhlizi ilə eyni rejimdə fəaliyyət göstərməlidir.

"Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır", - İlham Əliyev NATO-nun Baş katibi Jens Stoltenberg-lə alyansın mənzil-qərargahında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Naxçıvana gedəcək yolda Laçında olduğu kimi, gömrüksüz keçid rejimi təmin olunmalıdır. Əks təqdirdə gömrük rejimi Laçına da şamil ediləcək, İlham Əliyev deyib.

NATO rəhbəri ilə həmçinin İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış vəziyyət müzakirə olunub.

Jens Stoltenberg Ermənistan və Azərbaycan arasındakı nizamlamada tərəf tutmadığını bildirib.

Onun sözlərinə görə, önəmli olan odur ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylər davam etdirilir və NATO belə dialoq səylərini dəstəkləyir.

Yenidən zorakılığa səbəb ola biləcək hərəkətlərdən yayınmaq vacibdir, Jens Stoltenberg deyib.

Oktyabr ayında Cənubi Qafqaza səfər turnesini Bakıdan başlayan NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi "NATO-nun Qafqazda iştirakının gücləndirilməsi yollarını" müəyyən edəcəyini bildirib.

Javier Colomina regionda "sülhə dəstəkdən" əlavə, təmsil etdiyi qurumun "Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini" bildirilib.

Putin Xabarovskda yeni Lada avtomobilini yoxlayır (2010-cu il)

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Putin Xabarovskda yeni Lada avtomobilini yoxlayır (2010-cu il)

Vladimir Putin:"1990-cı illərdə taksi sürücüsü işləmişəm"

Rusiya Prezidenti Vladimir Putin 1991-ci ildə Sovet İttifaqının süqutundan təəssüfləndiyindən danışaraq, o vaxtı gəlirini artırmaq üçün taksi sürücüsü işləməli olduğunu deyib.

Cənab Putin SSRİ-nin parçalanmasını tarixi Rusiyanın dağılması kimi qiymətləndirib.

Bu sözlər onun keçmiş Sovet respublikası olan Ukraynaya qarşı niyyətləri ilə bağlı fərziyyələri artıra bilər.

Rusiya Ukrayna ilə sərhədində 90 mindən çox əsgər toplayıb və Ukraynanı işğal etməyi planlaşdırdığı ilə bağlı qorxular var.

Rusiya bunu inkar edir, Ukraynanı təxribatda ittiham edir və NATO-nun şərqə doğru genişlənməsinə qarşı təminat istəyir.

Vladimir Putin Sovetlər dağılanda başına gələnləri bazar günü yayımlanan "Rusiya, ən yeni tarix" adlı sənədli filmdə danışıb.

Putin bildirib ki, "Bu, tarixi Rusiyanın Sovet İttifaqı adı altında parçalanması idi".

Rusiya Prezidenti əlavə edib ki, Qərbdə Rusiyanın sonrakı parçalanmasının sadəcə zaman məsələsi olduğuna inanılırdı.

İndiyə kimi olan çıxışlarında da Putin SSRİ-nin çöküşünü faciə kimi qiymətləndirib, lakin həmin vaxt üzləşdiyi şəxsi çətinliklər barədə ilk dəfə danışıb.

"Bəzən əlavə pul qazanmalı olurdum. Demək istəyirəm ki, şəxsi sürücü kimi maşınla əlavə pul qazanırdım. Düzünü desəm, bu barədə danışmaq xoşagəlməzdir, amma təəssüf ki, belə olub", - Vladimir Putin deyib.

O vaxtlar Rusiyada taksilər qıt idi və bir çox fərdi şəxslər dolanışığını təmin etmək üçün avtomobillərinə yad adamları mindirirdilər. Bəziləri hətta təcili yardım kimi iş maşınlarından taksi kimi istifadə edərdilər.

Vladimir Putin Sovet Təhlükəsizlik Xidmətinin KQB-nin keçmiş agenti kimi tanınır.

Lakin 1990-cı illərin əvvəllərində o, Sankt-Peterburq meri Anatoli Sobçakın ofisində işləyirib. O, 1991-ci ilin avqustunda Sovet Prezidenti Mixail Qorbaçova qarşı SSRİ-nin parçalanmasına səbəb olan çevrilişdən sonra KQB-dən istefa verdiyini deyib.