Nə üçün Britaniyada Tanrı haqqında danışmaq və kilsəyə getmək dəb deyil?

церковь

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Olqa Smirnova
    • Vəzifə, BBC Rusca

Britaniyada anqlikan kilsəsi dövlətdən ayrı deyil. Parlamentin Lordlar Palatasında 26 yepiskop var, Kraliça isə kilsənin ali rəhbəri hesab olunur. Məktəblərin çoxunda "kollektiv ibadət" ("act of worship") - dua oxuma mərasimi həyata keçirilir. Uşaqları bu mərasimdən ancaq başqa dinlərin nümayəndələri və ya ateist olan valideynlərin xahişiylə azad edirlər.

Hazırda Britaniyada sözün həqiqi mənasında dini böhran yaşanmaqdadır - insanlar kilsəyə getməməyə başlayıblar və bu qurumu günün tələblərinə cavab verməməkdə günahlandırırlar.

Britaniya əhalisinin çox az qismi - 1 faizdən bir qədər çoxu kilsəyə gedir, siyasətçilər və publik şəxslərsə öz dini inancları barədə ümumiyyətlə danışmamağa üstünlük verirlər.

Xəyalətə inanmaq

Keşiş və araşdırmaçı psixoloq Jonathan Yong deyir: "İbadətə 20 nəfər gələndə özümü çox şanslı hiss edirəm". O, İngiltərənin cənubundakı Qərbi Sussex qraflığında yerləşən, əhalisi 150-300 nəfər olan kəndlərdəki üç kilsənin rəhbəridir.

Yong Britaniyada mütəşəkkil dinin tənəzzül etdiyini, gənclərdə dini apatiya olduğunu bildirir.

Ancaq bu o demək deyil ki, britaniyalılar tamamilə Tanrıya inamlarını itiriblər.

"Çoxları hesab edir ki, cənnət və cəhənnəm yoxdur. Bununla belə, onlar ölmüş əzizlərinin ruhlarına inanırlar" - Londondakı Goldsmith Universitetinin professoru Abby Day belə deyir.

Day iki yaş qrupunda - 15 və 50 yaşlı britaniyalılar arasında araşdırma aparıb.

meşədə xəyalət

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Yeniyetmələr və yaşı 50-dən çox olanlar ölmüş qohumlarının ruhlarına inanmağa meyllidirlər

O qeyd edir ki, hər iki qrupun nümayəndələri ölmüş əzizlərinin və yaxınlarının ruhlarına inanmaqla təsəlli tapırlar, amma yeniyetmələr arasında belələri daha çoxdur:

"Bu inam yeniyetmələri sakitləşdirir, onlara güc verir. Yaşlılar üçün vacib olansa ölmüş qohumlarının vəziyyətinin yaxşı olduğuna, onların ruhlarının cənnət və ya cəhənnəmdə yox, lap yaxınlıqda olduğuna inanmaqdır".

Müqəddəs atanın idman zalı

2017-2020-ci illərdə anqlikan kilsəsi ölkə miqyasında inanclıların sayının azalması prosesini dayandırmaq üçün 240 milyon funt (330 milyin dollar) pul xərcləyib. Ancaq kilsənin rəhbəri, Kenterberi arxiyepiskopu Justin Welby bu cəhdlərin uğursuzluqla nəticələndiyini etiraf edib.

"Yenilənmə və islahat" proqramı kilsəyə dəstək olmağa, icmalara yeni insanlar cəlb etməyə yönəlib - xüsusilə Britaniyanın kasıb rayonlarında.

Vəsait əsasən idman zalları və kafeləri də olan müasir kilsələrin tikilməsinə xərclənib. Bunlardan ən məşhuru İngiltərənin şimalında - Bradfordda, əvvəllər gecə klubu yerləşmiş binada yaradılmış kilsədir.

Köhnə kilsə binalarının təmirinə milyonlarla funt sterlinq xərclənib. Bundan başqa, proqram keçmiş dəmiryolu emalatxanalarının və univermaqların dini təsislərə çevrilməsini də maliyyələşdirib.

Ancaq bu tədbirlər də kilsəyə gələnlərin sayını artırmayıb. 2019-cu ildə bazar günü ibadətlərində iştirak edənlərin orta illik sayı 2016-cı ildəki 740 min nəfərdən 690 min nəfərə düşüb.

1960-cı illərdə həmin mərasimlərə Britaniya əhalisinin 3,5%-i gedirdisə, 2019-cu ildə bu göstərici 1%-ə enib.

Hazırda Britaniyada anqlikan kilsəsi üzvlərinin orta yaşı 61-dir, gənclərsə ibadətlərə maraq göstərmirlər.

Qadınlar dua oxuyur

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Anqlikan kilsələri 60 yaşdan yuxarı qadınların ümidinə qalıb

"Yenilənmə və islahat" proqramının rəhbəri Debbie Clinton deyir ki, kilsənin məqsədi yaşı 18-dən az olan üzvlərin sayını 2030-cu ilə qədər iki dəfə artırmaqdır.

Dinə onlayn gələnlər

Alimlər müəyyən ediblər ki, pandemiyanın ilk aylarında dünyanın bir çox ölkələrində, o cümlədən Britaniyada "Google" axtarış sistemində "dua" yazanların sayı 50% artıb.

Pandemiya elan olunandan sonra Londonun Trafalqar meydanındakı Müqəddəs Martin kilsəsində onlayn keçirilən ibadətlərə minlərlə adamın qatılması keşişlərin özlərini də təccübləndirib.

Müharibə və ya ciddi sosial dəyişikliklər dövründə dinə marağın artması və sonra da kəskin azalması ənənəvi haldır. Araşdırmaçılar əmindirlər ki, indiki artım pandemiyadan sonra azalmayla nəticələnəcək.

Keşiş Jonathan Yong insanların təhlükəsizliyi baxımından pandemiya dövründə kilsələrin bağlanmasını doğru addım hesab edir. Hərçənd bu müddət ərzində insanlar ibadətlərə qatılmaq vərdişini itiriblər və kilsəyə gedənlərin sayı əvvəlkindən azdır. Kovid epidemiyası bəzilərini bu vərdişdən uzaqlaşdırıb.

"Bəlkə də ibadət xidmətini küçədə təşkil etməliydik" - Yong belə deyir.

ibadətə gələnlər

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İbadətə gələnlərin sayı pandemiyadan əvvəlki qədər deyil

Futbol kilsəyə qarşı

1974-cü ilin yanvar ayından etibarən Britaniyada futbol matçlarını bazar günlərinə təyin etməyə başlamışdılar. Əvvəllər bu, hələ 1870-ci ildən qüvvədə olan "Bazar gününə əməl etmək aktı"na əsasən qadağan edilmişdi. Həmin qanun girişi pullu olan bütün əyləncə tədbirlərinə qadağa qoymuşdu - insanları duadan heç nə yayındırmasın deyə.

Ancaq futbol klubları bu qaydadan yan keçməyin üsulunu tapmışdılar - insanları stadiona pulsuz buraxır, tribunalara keçməyə isə yalnız matçın proqramını alan şəxslərə icazə verirdilər. 1980-ci ildə köhnə qanunun bir neçə maddəsi, 2003-cü ildə isə özü qüvvədən düşdü.

Jonathan Yong kilsəyə könülsüz getməklə futbol arasında birbaşa əlaqə görmür: "Amma bazar günləri matça getmək normaya çevriləndən sonra həmin gün futbol oynamaq da mümkün hesab edildi".

Beləliklə, kilsə Britaniyanın əsas idman oyunuyla toqquşdu və ona uduzdu. Əvvəllər bazar gününü kilsəyə getməklə başlayanlar futbol matçlarına (istər professional klubların, istərsə də uşaq komandalarının oyunlarına) baxmağa üstünlük verdilər.

Hərçənd əyləncə sənayesinə məğlub olan təkcə din deyildi: 1970-ci illərdə bütün təşkilatların, o cümlədən partiyaların da üzv saylarında azalma baş verdi, çünki onlar da bazar günləri toplanmağı xoşlayırdılar.

"Yaşlı qadınların dini həyatı: anqlikanların sonuncu aktiv nəsli" kitabının müəllifi, araşdırmaçı Abby Day hesab edir ki, 1970-ci illərin adamları öz dinlərini uşaqlarına, onlarsa öz nəvələrinə ötürməyiblər:

"Müsəlmanlarda dinin valideynlərdən uşaqlara ötürülməsi problemi yoxdur. İnanclı müsəlmanların 90%-i dini ailələrindən qəbul ediblər".

"Yaxşı adam" din deyil

Britaniya Milli Sosial Araşdırmalar Mərkəzinin hesabatına görə, ölkə əhalisinin 50%-i özünü heç bir dinə aid etmir. Britaniyalıların üçdə ikisi isə ümumiyyətlə dini mərasimlərə qatılmır (toylar, yaslar və vaftiz törənləri xaric). Rəyi soruşulanların 63%-i hesab edir ki, din daha çox konfliktlərin artmasına səbəb olur, nəinki sülhün möhkəmlənməsinə.

"Amma bu o demək deyil ki, britaniyalılar kilsəyə nifrət edirlər. Yerli kilsənin təmirə ehtiyacı olanda onlar bərpa üçün yüzlərlə funt sterlinq verməyə hazırdırlar. Bunu hətta kilsəyə heç getməyənlər də edirlər" - Yong belə deyir.

kilsə

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Jonathan Yong: "Hətta inanclı olmayanlar da kilsəsi olan kənddə yaşamaq istəyirlər"

Araşdırmaçı Abby Day müasir dövrün gənclərini "postxristian nəsli" adlandırır:

"Postxristianlar gender və seksual bərabərlik haqqında etik mülahizələrdən, sosial bərabərlikdən, iqlim dəyişikliyilə bağlı mübarizədən və mərhəmətdən motivasiya alırlar. Kilsə zəmanəmizin mənəvi problemlərinə cavab verə bilmədi və nüfuzunu itirdi. Gənc nəsil hesab edir ki, kilsə tarixi zorakılıqla doludur və o, rasizmi, homofobiyanı və seksizmi pisləmir".

Jonathan Yong deyir ki, indi Qərb əxlaqına əməl etmək üçün xristian olmaq vacib deyil:

"Yaxşı insan haqqında təsəvvürlər artıq heç də dini təlimlə assosiasiya olunmur. Sən İsanın dediyinə görə yox, yaxşı vətəndaş olduğun üçün, ənənvi ingilis davranışının təzahürü olaraq səxavət göstərirsən. İndi Qərb əxlaqı baxımından yaxşı adam olmaq üçün xristian olmaq vacib deyil".

İnancsız inancsızı seçər

Araşdırmalar göstərir ki, inancsız britaniyalılar dindar olmayanlarla münasibət qurmağa üstünlük verirlər.

Belə araşdırmalardan birinin müəllifi olan Jonathan Yong bunu Britaniya cəmiyyətinin dindarlara ümumi yanaşma tərziylə izah edir:

"İnancsızlar dindarları yeni təcrübə və ideyalara çox da açıq olmayan şəxslər hesab edirlər, onların dünyagörüşünün nisbətən dar olduğunu düşünürlər. Bu isə inanclıların çox da yaxşı partnyor olmaması fikrini doğurur".

Yoxa çıxan rituallar

"Mən deməzdim ki, bizim ölkəmizdə din psixoloji və praktiki baxımdan unikal bir funksiya yerinə yetirir. Bizdə yaxşı maliyyələşdirilən, etibarlı dövlət institutları var və hökumət yardıma ehtiyacı olan insanların praktik ehtiyaclarını ödəyir".

Pandemiyanın hökm sürdüyü son il yarım ərzində Britaniyada qarşılıqlı yardım cəmiyyətləri yaranıb. Əvvəllər dini qrupların gördüyü işləri bu gün faktiki olaraq onlar yerinə yetirirlər. Bu cəmiyyətlər ehtiyacı olanlara ərzaq və dərman paylayıblar, qapanma dövrlərində evlərində tək qalmış yaşlılara zəng ediblər. Bütün Britaniya ərazisində pulsuz yemək verən ictimai iaşə müəssələrinin sayı artıb.

Jonathan Yong həmin müəssisələrin çoxunun kilsə binalarında yerləşdiyini, amma inancsız insanlar özlərini yad hiss etməsinlər deyə bu təşəbbüslərin kilsəylə əlaqəsinin vurğulanmadığını deyir:

"Əvvəllər insanlara din psixoloji yardım göstərirdi, indi isə müxtəlif psixoloji yardım növləri var. Mən vəzifə borcuma görə insanlara ritualların vacibliyindən danışıram, ancaq son vaxtlar onlara məhz dini rituallar lazım olduğuna əmin deyiləm".

Milad

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Britaniyanın ənənəvi Milad bayramında xristianlıq motivləri azalmaqdadır

O, 25 dekabrda təşkil edilən Milad naharını misal çəkir:

"Bu, yaxşı ritualdır - hinduşkalı bayram yeməyi yeyib ardınca "Netflix"də film izləmək. Amma Miladın ilkin dini mahiyyəti qalmayıb, bayram günü kilsəyə getmək çoxdandır ki, həmin günün ən vacib hadisəsi hesab olunmur. İnsanlar deyirlər ki, yeməyi hazırlayım, çox yorulmasam, axşam ibadətinə gedərəm. Heç kim demir ki, yorulmasam, yemək bişirərəm".

Seçkilərdə "God" sözünü işlətməmək

Britaniyada siyasətçilər Allaha inamları barədə ictimaiyyət qarşısında danışmamağa üstünlük verirlər, kamera önündə dua etməyə isə onların çox az qismi razılıq verər.

Johnson kilsədə

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Britaniya siyasətçiləri kilsəyə ancaq böyük bayramlarda gedirlər

"Bizim Tanrı ilə aramız yaxşı deyil" ("We don't do God") - keçmiş Baş nazir Tony Blair-in mətbuat katibi Alistair Campbell belə demişdi. Bleyer özü isə katolikliyi qəbul etmişdi və bu "dini ehtirasına" görə intellektual dairələrdə onu bəzən lağa qoyurdular.

Liberal Demokrat Partiyasının keçmiş rəhbəri Tim Farron-un istefasının səbəbi "dini baxışlarının partiya lideri vəzifəsiylə üst-üstə düşməməsi" olmuşdu.

"Britaniyada siyasətçilər öz inancları barədə danışmasalar, yaxşıdır. Onlar hesab edirlər ki, din mane olur, bölücülüyə və konfliktlərə gətirib çıxarır" - Jonathan Yong belə deyir.

Onin qənaətinə görə, anqlikan kilsəsinin rəhbəri, Canterbury arxiyepiskopu Justin Welby bəlli bir nüfuza malik şəxsdir, amma Rusiya və ABŞ-ın dini liderləri kimi cəmiyyət həyatında əhəmiyyətli rol oynamır:

"Mən eksperiment üçün britaniyalılara arxiyepiskopun şəklini göstərib bu adamı tanıyıb-tanımadıqlarını, soyadını bilib-bilmədiklərini soruşmaq istərdim".

Justin Welby

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Küçədə Kemterberi arxiyepiskopu Justin Welby-ni tanıyan az olur

Öz inancları haqqında səs-küylü bəyanatları daha çox etnik azlıqların nümayəndələri səsləndirirlər. Yarış sürücüsü Lewis Hamilton, İngiltərə millisinin futbolçuları Marcus Rashford, Bukayo Saka və Raheem Sterling Allaha inandıqlarını bir neçə dəfə vurğulayıblar. Britaniyadakı bütün konfessiyalarda etnik azlıqların nümayəndələri var.

"Etnik azlıqların ailələrində inancın uşaqlara ötürülməsi halları daha çoxdur" - Jonathan Yong bunu belə izah edir.