"Daha diqqətli olmalıyıq": taliblərlə qonşuluq Tacikistana necə təsir edir?

sərhəd

Şəklin mənbəyi, Peter Kovalev/TASS

    • Müəllif, Olqa İvşina
    • Vəzifə, BBC

Tacikistanla Əfqanıstan arasındakı sərhədin uzunluğu təxminən 1500 kilometrdir.

Taliblər hakimiyyətə gələndən sonra minlərlə əfqanıstanlı Tacikistana qaçıb, bu ölkə "Taliban"ın sərhəddəki hərəkətlərinə nəzarət etmək üçün minlərlə əsgərini o bölgələrə göndərib.

Sərhədyanı rayonlara getməyi bacaran BBC jurnalistləri yeni ölkədə yeni həyata başlamağa çalışan qaçqınlarla da görüşüblər.

Talib ər

Boz evlər. Boz və dağılmış yol. Üstəgəl, boz səma. Beşmərtəbəli beton binaların yanında zibil yığınları.

Yol tozlu, hava dumanlıdır. Küçələrində işıqlar bərq vuran Düşənbədən sonra Tacikistan paytaxtından çox da uzaq olmayan bu şəhərcikdə özünü başqa dünyadaymış kimi hiss edirsən.

Vəhdət

Şəklin mənbəyi, Vladimir Komissarov/ BBC

Başını çəhrayı şərflə örtmüş bir qız həyətə çıxır və yol boyu uzanan kanalizasiya arxını adlayıb bizə yaxınlaşır.

Özünü Sora kimi təqdim edir. Gerçək adını və harda yaşadığını yazmamağımızı istəyir, çünki bura talib ərindən qaçıb gəlib, qorxur.

"Tacikistan sərhədini keçəndə tir-tir əsirdim, elə bilirdim keçmiş ərim arxamca düşüb qarabaqara məni izləyir".

Onlar Sora hələ universitetdə oxuyarkən evləniblərmiş, daha doğrusu, evləndiriliblərmiş.

"Əfqanıstanda qızlar ərə gedəcəkləri adamı özləri seçmirlər. Buna ailənin böyükləri qərar verir. Bizdə də elə oldu, mənə elçi düşdülər, valideynlərim də razılaşdılar".

Onda Sora artıq 4 iliymiş ki, Kabildəki tibb universitetində təhsil alırmış. Üstəlik, özəl klinikaların birində çalışırmış da. Gənc qız təhsilini başa vurub həkim olmağı arzulayırmış.

Amma ərinin fikri başqaydı.

Sora, köçkün

Şəklin mənbəyi, Vladimir Komissarov/ BBC

"Mənə oxumağı qadağan etdi. Dedi ki, evdə oturub ağzımı belə açmadan onun əmrlərini yerinə yetirməliyəm. Mən ancaq ərimin icazəsiylə danışa bilərdim. Onun böyük ailəsi vardı və orda bütün qadınların vəziyyəti beləydi. Hətta bacılarının da fikir bildirmək hüquqları yoxdu. Mən bununla razılaşmadım, etiraz etdim, ona görə də ərim məni döyməyə başladı" - Sora bunları deyib susur, bir neçə dəfə dərindən nəfəs alır.

Həmin vaxt Əfqanıstanın şimalına və Kabilə ABŞ-ın rəhbərlik etdiyi Qərb koalisiyası və Əşrəf Qəni hökuməti nəzarət edirdi. Amma Soranın əri və ailəsi taliblərə simpatiyalarını gizlətmirdilər.

"Həmişə talibləri tərifləyirdi, deyirdi ki, düz edib sərt qanunlar tətbiq edirlər, qadınların hüquqlarını məhdudlaşdırırlar, Qərb geyimlərini və rəngli yaylıqları qadağan edirlər. Guya bu, əfqan ənənlərini qoruyub saxlamağa kömək edəcəkmiş. Ərimin xeyli qohumu taliblərə qoşulmuşdu. Hamısını dəstəkləyir, onlarla tez-tez yazışırdı".

Sora bir neçə dəfə öz evlərinə qayıdıb, valideynlərindən onu müdafiə etmələrini xahiş edib. Ancaq hər iki ailə qərar verib ki, qadın uşağını doğduğu kişinin - ərinin yanında olmalıdır.

Bir müddət sonra gənc qadın həyat yoldaşının onu döydüyünü əsas gətirərək boşanmaq üçün ərizə verib. Soranın istəyi qəbul olunub, boşanma rəsmiləşdirilib. Amma keçmiş əri bu faktı qəbul etməyib.

Əfqanıstanda bazar

Şəklin mənbəyi, Getty Images

"Dedi ki, sən ömürlük mənim arvadımsan, biz puştunlarda boşanmaq söhbəti yoxdur. Dayanmadan mənə mesaj yazır, zəng edir, hədə-qorxu gəlirdi. Taliblər irəliləməyə başlayanda lap qəddarlaşdı. Məni izləməyə başladı. Hara və neçədə getdiyimi öyrənib, şəkillərimi çəkdirib mənə göndərirdi. Ya da harda hansı paltarda olduğumu deyirdi. Başıma bir iş gətitəcək deyə çox qorxmağa başladım".

Taliblər Kabilə lap yaxınlaşanda Sora oradan qaçmağa qərar verib.

"Artıq içindən keçmiş olduğum o cəhənnnəmə qayıtmaq istəmirdim. Heç kim məni ələ verməsin deyə tezcə vacib əşyalarımı topladım, qızımı da götürüb evdən çıxdım. Hətta ata-anamı da qucaqlaya bilmədim. Mənə elə gəlirdi ki, keçmiş ərim indicə gəlib mənə çatacaq. Ancaq sərhədi keçəndn sonra rahat nəfəs ala bildim".

Elə bu vaxt dəhlizdə kimsə qonşu otağın qapısını döyür, gənc qadın diksinir. Cəld qalxıb qapı dəliyindəki açarın axıra kimi çevrilib-çevrilmədiyini yoxlayır, gərgin bir şəkildə qapıdakı gözlüyə baxır. Dəhlizdə heç kimin olmadığına əmin olub geri qayıdır və yerə oturur.

Dalan

mənzil

Sora və qızı Əfqanıstan qaçqınlarının yaşadığı üçotaqlı mənzilin bir otağında kirayə qalırlar. Cırıq divar kağızları, pərdəsiz pəncərələr, sovet dövründən qalma köhnə şkaf, iki çamadan və qızının çəhrayı rəngli, parıltılı çantası - otaqda ancaq bunlar var. Ana-bala yerdə - ensiz bir döşəyin üstündə yatırlar.

"Öyrəşdiyim həyatı buraxıb gəlmək çox çətin oldu. Bu vaxta qədər heç ailəmdən uzaq, tək yaşamamışdım. Bəzən əlim-qolum boşalır, ruhdan düşürəm. Amma bunun da öhdəsindən gələcəyimə inanıram. Qızımla mənim normal həyatımız olacaq".

O, hazırda işsizdir. 100 dollarlıq kirayə haqqını Əfqanıstanda qənaət edib topladığı puldan ödəyir. Bəzən qab yumaqla pul qazanır, amma o məbləğ heç ərzaq almağa da yetmir.

Əfqanlar Tacikistanda leqal şəkildə işləyə bilmək üçün qaçqın statusu almalıdırlar. Bunun üçünsə ev kirayələmək, əmək müqaviləsini yerli administrasiyada qeydiyyata saldırmaq, ərizə yazmaq və daha bir neçə sənəd də əlavə edib DİN-də qeydiyyatdan keçmək lazımdır. Bundan sonra qaçqınları xüsusi xidmət orqanları araşdırır.

Tacikistana iyul ayında qaçanlar artıq bütün instansiyalardan keçiblər. Avqust ayında isə məmurlar ölkənin Müstəqillik gününə hazırlaşdıqlarını bəhanə edib əfqanların ərizələrinə baxmaqda boyun qaçırıblar. Müstəqilliyin 30 ili tamamlandığı üçün üçün bu il Tacikistanda təmtraqlı yubiley tədbirləri keçirilib - konsertlər; hərbçilərin, məmurların və şagirdlərin iştirak etdiyi paradlar. Yerli sakinlərin dediyinə görə, bayram bir ay davam edib.

Məmurlar, nəhayət ki, öz işləriylə məşğul olmağa başlayanda əfqanların Tacikistana turist vizalarının vaxtı bitmiş olub. Buna görə də DİN onların sənədlərini araşdırmaqdan imtina edib. Hazırda Tacikistanda belə qeyri-müəyyən vəziyyətdə olan 40 ailə var. Onları taliblərin nəzarətində olan Əfqanıstana deportasiya təhlükəsi gözləyir.

Tacikistanda qaçqınlara yardımla məşğul olan dövlət qurumları yoxdur. "Taliban"dan qaçanlara konsultasiya xidməti göstərən cəmi bir ictimai təşkilatsa müraciət selinin öhdəsindən güclə gəlir. Üstəlik, təşkilat Düşənbədə yerləşir, hakimiyyətsə təhlükəsizliyi bəhanə edərək qaçqınları bu və digər strateji əhəmiyyətli şəhərlərə buraxmır.

Vəhdət

Əmək və Miqrasiya Nazirliyi bəyan edir ki, Əfqanıstandan gələnlər yardım ala bilərlər, amma lazımi sənədlərin hamısı tərtib olunandan sonra.

"Qaçqın statusu alanlar dəstək layihələrimizdə iştirak edə bilərlər. Məsələn, bizdə "Əhaliyə yardım proqramı" var, bu proqram çərçivəsində yerli əhaliylə birlikdə qaçqınları da müvəqqəti və mövsümi işlərə cəlb etmək olar. Müəyyən qısamüddətli hazırlıq və təkrar hazırlıq kurslarına yazılmaq olar" - Əmək və Miqrasiya Nazirliyinin Miqrasiya İdarəsininn direktor müavini Pərviz Məqsədtuluzodə belə deyir.

O, ərizəsinə cavab gözləyən əfqanıstanlılara beynəlxalq təşkilatlara və ya yerli orqanlara müraciət etməyi məsləhət görür:

"Rayonlar və şəhərlər səviyyəsində bütün bunlar nəzərə alınır. Yerlərdə bu işlər proqramlar çərçivəsində həll olunur. Əlbəttə ki, yerlərdə yardım ediləcək".

Amma BBC-yə danışan qaçqınlar vəziyyəti fərqli təsvir edirlər.

"Sadə adamların bizə rəhmi gəlir və hətta kömək də edirlər, baxmayaraq ki, özləri də çox kasıb yaşayırlar. Qaçqınlarla məşğul olan xüsusi mərkəz yoxdur. Qəni hökumətini təmsil edən Əfqanıstan səfirliyinin əməkdaşları isə çarəsiz şəkildə çiyinlərini çəkirlər" - qaçqın qadınlardan biri belə deyir. O və məmurlardan şikayət edən digərləri hakimiyyətin onlara əlavə problemlər yaradacağından ehtiyatlanaraq adlarının yazılmamasını xahiş edirlər.

paltar asılmış mənzil

Oxşar mənzərəylə Tacikistanın digər şəhərlərində də qarşılaşmaq olar.

"Biz özümüz Tacikistanı seçdik, çünki televizorda gördük ki, prezident İmoməli Pahmon Əfqanıstan qaçqınlarını qəbul edəcəyini deyir. Bütün prosedurlardan keçmişik, sənədlərimizi hələ avqust ayından təhvil vermişik, amma hələ də heç bir cavab yoxdur. Bizə heç kim kömək etir. Artıq bütün pulumuzu kirayə haqqını ödəməyə xərcləmişik. Qabaqdan qış gəlir, amma nə işimiz var, nə yeməyimiz. Çox qorxuruq" - Vəhdət qəsəbəsində yaşayan qaçqın belə deyir.

"Harda olsa işləməyə hazırıq. Təki çörəkpulu qazanaq. Hər gün məmurların qəbuluna gedirik, amma bizi eşidən yoxdur" deyə, Rudaki qəsəbəsində yaşayan əfqan qadın şikayətlənir.

Rudaki və Vəhdət qəsəbələri, o cümlədən, ölkənin digər qəsəbə və şəhərləri axşamlar zülmətə qərq olur.

Tacikistanda elektrik enerjisi qıtlığı SSRİ dağılandan dərhal sonra yaranıb. Hazırda əksər binaların bloklarında ümumiyyətlə lampa yoxdur. Bir neçə evlik böyük həyətlərdə isə ən yaxşı halda kiçik bir lampa közərir. Buna alışmamış qonaqları əsas yola qədər ötürürlər - ara yollardakı açıq kanalizasiya arxlarına yıxılmasınlar deyə.

Qaranlıqda Sora da həyətə çıxır. Şərfiylə başını bürüyüb ehtiyatla ətrafa baxır - ərinin gəlib onu tapacağından qorxur.

Sərhəddəki gərginlik

sərhəd bölgə

-Çayın o biri tərəfində taliblər var. Belə vəziyyətdə yaşamağa qorxmursuz?

-Biz öyrəşmişik, həmişə sərhəddə yaşamışıq. Doğrudur, taliblər gəliblər, amma bizim tərəfə yox.

Sərhəd bölgəsindəki Kalayxum qəsəbəsinin sakinləri "Necə yaşayırsız" sualına təəccüblənirlər. Bu əraziylə Əfqanıstan arasında cəmi 20 metrlik məsafə var. Pənc çayının yatağı sərhəd xəttidir. Qarşı sahildə insanların öz işlərinin dalınca harasa getdiyi, kiminsə ipə paltar asdığı görünür.

Yoldan keçən bir nəfər məsləhət verir:

"Ora yox, bu tərəfə bax, təpəyə - orda "Taliban"ın ağ bayrağı sancılıb. Deyilənə görə, blok-postdur".

Sərhədin hər iki tərəfindəkilər dağ bədəxşanlarıdır. Onlar əsrlər boyu burda - Pənc çayının sahillərində yaşayıblar. 1920-ci illərdə çəkilən sovet-Əfqanıstan sərhədi bir çox ailəni ikiyə bölüb. SSRİ dağılandan sonra iki sahil arasındakı əlaqə bərpa olunmağa başlayıb. Pənc üzərindəki körpülərin sayı 5-dən 7-yə çatıb. Sərhəd boyu bazarlar fəaliyyətə başlayıb. Ancaq indi piştaxtalar boşdur.

"Biz körpünün düz yanında yaşayırıq. Əvvəllər hər şənbə burda bazar olurdu. Xeyli əfqan gəlib bizdən mal alırdı. Mən özüm sams, kökə bişirib satırdım. Amma bir ildən çoxdur ki, Əfqanıstandakı vəziyyətə görə bazar işləmir. O vaxtdan özümə iş tapa bilmirəm" - Zaxro belə deyir.

sərhəddə ailə

Şəklin mənbəyi, Vladimir Komissarov/ BBC

Yayda minlərlə qaçqın Pənc körpülərindən keçib Tacikistana gəlib. "Taliban" lap yaxınlaşanda 5 min əfqan çayın bu tərəfinə adlayıb. Əfqan pilotlar havadan, əsgərlərsə piyada keçiblər. Düşənbədə onları çadır, ərzaq və dərmanla təmin ediblər, amma sonra Tacikistanın Daxili İşlər Nazirliyi hərbçilərin "sülh içində öz vətənlərinə qaytarıldığını" açıqlayıb. Noyabrın 9-da Əfqanıstanın hərbi pilotlarını ABŞ-ın yardımıyla Dubaya aparıblar. Orda onlar Amerikaya getmək üçün viza gözləyəcəklər.

Avqust ayında - qərbli müttəfiqlərinin Kabildən kütləvi evakuasiyası başlayanda Amerika hökuməti Tacikistandan insanlara müvəqqəti sığınacaq verməyi xahiş edib. Rəsmi Düşənbə isə ancaq qaçqınları ölkədən çıxarmağa razılıq verən ölkələrin təyyarələrinə eniş icazəsi verib. İndi Tacikistanda qaçqınlar üçün çadır şəhərcikləri yoxdur, Pənc körpüləri və sərhəd keçid məntəqələri qapadılıb.

Taliblərin hakimiyyətini de-fakto tanıyan və onlarla danışıqlar aparan Türkmənistan və Özbəkistandan fərqli olaraq rəsmi Düşənbə açıq şəkildə Əfqanıstan müqavimətinin liderlərini dəstəkləyir.

"90-cı illərdə biz vətəndaş müharibəsi də görmüşük, aclıq da. Bizi qorxutmaq çətindir" - başında ənənəvi tacik təkkəsi olan ağ saçlı kişi belə deyir.

"Əlbəttə, indi biz daha diqqətli olmalıyıq, yəni daha ayıq-sayıq. Bizimkilər sərhəddəki patrul xidmətini gücləndiriblər, gənclərimiz gecə-gündüz keşik çəkirlər. Ona görə də təhlükə yoxdur, qorxmuruq" - bunlarsa meyvə satan qadının sözləridir.

Yerli sakinlərin dediyi gücləndirilmiş sərhəd patrulu əllərində köhnə "Kalaşnikov"lar olan, sahil boyu gəzişən çağırışçılardır. Adətən, 2-4 nəfərlik qruplar olaraq, təngənəfəs halda və bir-birindən xeyli geri qalaraq dolaşırlar.

sərhəd

Tacikistan hərbi qüvvələri Mərkəzi Asiyanın ən zəif ordusu hesab olunur - 140 pilləlik beynəlxalq reytinq cədvəlində 99-cu yerdədir. Ötən yay orduya daha 20 min nəfər cəlb edilib. Amma yüksək dağlıq ərazidə sərhəd mühafizəsini möhkəmləndirmək üçün canlı qüvvədən daha çox müasir texnika və ən yeni müşahidə sistemləri lazımdır. Tacikistan ordusunda isə bunlar azdır.

Yerli sakinlər ümid edirlər ki, sərhəddə vəziyyət pisləşsə, Moskva onların köməyinə gələcək.

Dinc atışmalar

Əfqanıstanla sərhəd, təlimlər

Şəklin mənbəyi, Petr Kovalev/ Tass

Tacikistanın sərhəd bölgələri ya başı qarlı dağlardan, ya da bataqlıq kimi çətin keçilən qumlardan ibarətdir.

Göydən od ələyən günəş və sarı-qırmızı qum təpələri. Əvvəl adama elə gəlir ki, səhrada on kilometrlərlə məsafəni aydınca müşahidə etmək mümkündür. Amma bu yolsuz ərazidən keçən ilk maşın havaya elə bir toz dumanı qaldırır ki, günəşin hansı tərəfdə olduğunu belə görmək olmur.

Əfqanıstan sərhəddindən 20 km aralıda - bu qatı qum və toz pərdəsinin içində 6 postsovet ölkəsinin hərbi ittifaqı olan Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatının (KTMT) hərbi təlimləri keçirilib. Deyilənə görə, hərbçilər Əfqanıstan tərəfdən gələn silahlı dəstələrlə toqquşublar.

"Biz artıq belə birləşmələrin yarandığını düşünürük. İŞİD tərəfdarlarıdır, onları yaxşı tanıyırıq. Əfqanıstanın şimal bölgələrində, Tacikistanın cənub sərhədlərinin yaxınlığında fəaliyyət göstərirlər" - təlimlərə rəhbərlik etmiş Rusiya generalı Yevgeni Poplavski belə deyir.

Poliqonun üzərində hücum və nəqliyyat vertolyotları, bombardmançılar və hücum təyyarələri uçur. Yerdə tanklar, zirehli transportyorlar, "Qrad" qurğuları, kəşfiyyatçıların və xüsusi təyinatlıların idarə etdiyi zirehli texnikalar bir-birini əvəz edir.

Həqiqi hərbi əməliyyatlar zamanı da belə əlaqəli fəaliyyətə nail olmaq mümkündürmü? KTMT "təhlükəsizliyi və sabitliyi təhdid edən hücum" situasiyasında ittifaqdakı istənilən dövlətə yardım edə bilər. Amma bu mexanizmi işə salmaq çoxpilləli bir prosedurdur və ancaq tammiqyaslı münaqişə zamanı dəqiq işləyə bilər. Bəs, sərhəd bölgələrindəki xırda toqquşmalar və davamlı diversiyalar zamanı nə etməli? Mövcud qaydalara görə, KTMT yekdil qərarla "aktivləşdirilə" bilər, amma qurumun terrorçu təşkilatlarla bağlı hələ də vahid siyahısı yoxdur.

səhrada təlim

Şəklin mənbəyi, ODKB press office

"Bizim dövlətlərin başçıları 6 gün ərzində qərar qəbul edərək qoşunları bizim dövlətlərin istənilən bucağına göndərə və orda yerləşdirə bilərlər. Amma qeyd etmək istəyirəm ki, bu təlimlərdə biz Əfanıstanla müharibəni məşq etmirik. KTMT üzvləri Əfqanıstanın müharibədən və narkotiklərdən azad, dinc və inkişaf edən ölkə olmasını istəyirlər" - KTMT-nin baş katibi Stanislav Zas belə deyir.

Təlimin sıravi üzvləri böyük siyasətlə bağlı fikir yürütməkdən boyun qaçırırlar, amma birgə manevrlər haqqında təəssüratlarını həvəslə bölüşürlər.

Rusiyanın Tacikistandakı 201 saylı hərbi bazasının serjantı:

"Hər şey normaldır. Hərçənd, qum çoxdur, lap çox. Hər yer qumdur. Amma zamanla öyrəşirsən. Belə də ki, biz hər şeyə hazırıq. Odur, yeni texnikalar da gəlib. Düşünürəm ki, hər şey normal olacaq".

Əfqanıstanda vəziyyət gərginləşdiyi üçün Rusiya Tacikistandakı bazasına yeni sursat və texnika - odsaçan maşınlar, snayper tüfəngləri, zirehli maşınlar, ağır texnika və daha etibarlı rabitə sistemləri göndərilməsi prosesini sürətləndirib.

Çin də fəallaşıb. Hələ 2016-cı ildə rəsmi Pekin Tacikistanın sərhəd bölgəsində bir hərbi baza tikmişdi. Rəsmi Düşənbə israr etmişdi ki, bazada Tacikistan hərbçiləri qalır. Amma "Washington Post" qəzetinin jurnalistləri 2019-cu ildə bazanın yaxınlığında olmuş və hətta Çin hərbçiləriylə danışmışdılar. Onlar jurnalistlərə artıq bir neçə ildir ki, həmin bazada xidmət etdiklərini demişdilər. KTMT-nin qaydalarına görə isə, təşkilatın üzvləri bu ittifaqa daxil olmayan dövlətlərin bazalarına ancaq müttəfiq ölkələrin razılığıyla öz ərazilərində icazə verə bilərlər.

Tacikistanın Çinlə sərhədi

Şəklin mənbəyi, Gerry Shih/The Washington Post

Hazırda Pekin ikinci hərbi bazanın tikintisinə başlayır - rəsmi versiyaya görə, Tacikistan DİN-in ehtiyacları üçün.

Son ümid

"Özümü biləndən - ta uşaqlıqdan müharibə görürəm. Düz 40 ildir… " - qəhvəyi gözləri boşluğa baxan Faxroç Usefi belə deyir. Qadın alnına tökülmüş ağ saçlarını mexaniki bir hərəkətlə yaylığının altına yığır.

60 yaşlı Faxroç düz üç dəfə hər şeyi atıb müharibədən qaçmalı olub. Birinci dəfə sovet qoşunları Əfqanıstana girəndə, sonra 90-cı illərdə taliblər hakimiyyəti ələ keçirəndə və indi - onlar yenidən qayıdanda.

"Özüm burdayam, amma fikrim Əfanıstanda qalmış övladlarımın yanındadır. Başqa heç nə barədə düşünə bilmirəm. Deyirlər, orda artıq soyuqlar düşüb, yeməyə də heç nə yoxdur. Narahatam, uşaqlarım və doğmalarım bu qışdan salamat çıxmaya bilərlər".

Fəhrox və qızı

Qadının nə səsində, nə də üzündə emosiya var. Çəkdiyi əzablar ona hisslərini biruzə verməməyi öyrədib. Ürəyindəkiləri ancaq gözlərindəki sonsuz kədərdən anlamaq olur.

Faxroçun bir oğlu həlak olub, digər üçü Əfqanıstandadır. Özü isə iki subay qızı - Moxniqor və Sabirəylə birlikdə ölkədən qaçmaq məcburiyyətində qalıb. Qorxub ki, taliblər qızlarıı zorla ərə verərlər.

"Biz milliyyətcə hazarayıq. Taliblər birinci dəfə hakimiyyətə gələndə həyatımızı cəhənnəmə döndərdilər, kəndimizin kişilərini yığıb bir quyuya atdılar, sonra da üstlərinə torpaq tökdülər. Sonrakı gün torpaq tərpənirdi, onlar hələ sağıydılar. Amma taliblər quyunun yanında durub bizi yaxınlaşmağa qoymadılar".

Faxroç hərdən əliylə qarnını tutub qıvrılır. Əfqanıstandan çıxandan sonra mədəsində kəskin ağrılar başlayıb. Kiçik qızında isə ciddi psixi pozuntular yaranıb, vəziyyətinin daha da ağırlaşmaması üçün müntəzəm olaraq dərman qəbul etməlidir. Amma nə Faxroçun, nə də qızlarının tibbi yardım almaq hüququ var - Tacikistanın Müstəqillik gününün qeyd olunmasıyla bağlı bürokratik tələyə düşmüş həmin 40 ailədən biri də onlarınkıdır.

Fahroç və qızı

"Anamın və bacımın ağrılarını az da olsa azaltmaq üçün hər şeydən keçməyə hazıram. Hər cür işə gedərəm, amma heç nə tapa bilmirəm. Dərzilik etmək üçün tikiş maşını almaq istəyirəm, ən sadəsindən. Onun da qiyməti 50 dollardır, bizim üçün indi bu, çox böyük puldur" - Faxroçun böyük qızı Moxniqor belə deyir.

Bu ailəylə görüşümüzdən bir neçə gün sonra Tacikistan hökuməti Faxroç və qızlarına sığınacaq verməmək qərarına gəliblər, noyabrın 12-də isə onları və daha səkkiz nəfəri maşına oturdub Əfqanıstan sərhədinə gətirərək ölkədən çıxarıblar. Hazırda Faxroç, Moxniqor və Sabirə BMT-nin sərhəddəki çadır düşərgəsindədirlər. Orda isə təhcizat problemi var, insanlar acından və soyuqdan ölmək təhlükəsiylə üz-üzədirlər.

Qaçqınların sözlərinə görə, sentyabr ayının ortalarından etibarən taliblərdən qaçıb Tacikistanda gizlənmək istəyənlər üçün vəziyyət daha da mürəkkəbləşib. İki ölkə arasındakı sərhəd keçid məntəqələrinin hamısı bağlanıb, birbaşa hava əlaqəsi yoxdur. Bu ölkəyə oktyabrda və daha sonra gələnlərə isə DİN-də qeydiyyata düşmək üçün arayış verilmir.

Niyəsini heç kim bilmir.

Tacikistan beynəlxalq yardım müqabilində bu il 100 mindən çox əfqanıstanlı qaçqına sığınacaq verməyi vəd etmişdi. Amma artıq sentyabr ayında hakimiyyət bəyan etdi ki, "terrorçuların digər ölkələrə soxulması təhlükəsinə görə" bu qədər adamı yerləşdirə bilməyəcək. Bundan başqa, koronavirus pandemiyası və beynəlxalq yardımın azlığı da əsas gətirildi. İl ərzində Tacikistanda taliblərdən neçə nəfərin gizlənə bildiyi barədə rəsmi məlumat yoxdur. Qaçqınlarla məşğul olan beynəlxalq təşkilatlar ölkədə 5 min əfqanıstanlı qaçqın olduğunu bildirirlər.

Taciklər Əfqanıstan əhalisinin 20%-ini təşkil edirlər. Siyasətçilər qərar verməyə tələsməsələr də, Tacikistanın sadə insanları qonşularına bacardıqları qədər kömək etməyə çalışırlar.

Yüzlərlə qaçqın qəbul etmiş Vəhdət qəsəbəsində yaşayan qadın:

"Bizim blokda Əfqanıstan qaçqınları yaşayır - hərəsində 8 nəfər olmaqla dörd mənzildə. Çox yaxşı adamlardır, biz hətta dostlaşmışıq da. Dilimiz, ənənələrimiz eynidir axı. Yəni, problem yoxdur".

- 1992-ci ildə bizim ölkəmizdə də müharibə olub. Taciklər Əfqanıstana qaçmaqla xilas olublar. Onda onlar bizi qorudular, yedizdirdilər. Deməli, biz də onları qəbul etməliyik. Mən belə düşünürəm. Amma, əlbəttə ki, özlərini bizdəki sivil qaydalara uyğun, necə deyərlər, adam kimi aparsalar.

- İndi necədirlər ki?

- Hər halda, onları gördüyüm bir ay ərzində heç bir problem olmayıb - Düşənbə yaxınlığındakı qəsəbələrdən birinin bazarında gördüyümüz kişi belə deyir.

Yaxınlığımızdakı satıcı isə suallara cavab verməkdən boyun qaçırır. Böyük bir paketə meyvə yığıb üstünə bir neçə çörək qoyaraq deyir:

- Siz indi qaçqınların yanına gedəcəksiz, eləmi? Zəhmət olmasa, bunu onlara aparın.

həyət