Paşinyan: "Bakının Naxçıvanla əlaqə yaratmaq əzmini anlayırıq"

Nikol Paşinyan

Şəklin mənbəyi, Getty Images

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana səfərə yola düşməzdən öncə bir daha bəyan edib ki, Yerevan Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır.

Ermənistan Baş nazirinin sözlərinə görə, Rusiya və İranla dəmiryol əlaqəsinin yaradılması son dərəcə vacibdir və bu məsələnin həlli üçün üçtərəfli formatda - Ermənistan, Rusiya, Azərbaycan - kommunikasiyaların açılması məsələsi müzakirə olunur.

"Biz öz qərarımızda qətiyik və Bakının da Naxçıvanla əlaqə yaratmaq əzmini anlayaraq, konkret nəticələrə çatmaq üçün səy göstərməyə hazırıq," - Paşinyan bəyan edib.

Türkiyə ilə münasibətlər

Paşinyan çərşənbə axşamı növbəti hökumət iclasında Türkiyə prezidentinin daha əvvəl Ermənistanla münasibətlərin tənzimlənməsi ilə bağlı bəyanatlarını xatırladıb.

"Həmin bəyanatlarda biz Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, avtomobil və dəmiryol əlaqələrinin bərpası məsələlərinin müzakirə edilməsi imkanlarını görürük. Biz bu kimi söhbətə hazırıq və bu daha geniş kontekst ala bilərm," - Paşinyan deyib.

Onun sözlərinə görə, əslində söhbət regionun Şimalla Cənub, Şərqlə Qərb arasında yolayrıcına çevrilməsindən gedir.

O, Rusiyanın bu prosesə dəstək verməyə hazır olduğunu qeyd edib, Avropa Birliyi, xüsusilə Fransanın, o cümlədən ABŞ-ın, Çin və Hindistanın regionda kommunikasiyaların inkişafına maraq göstərdiklərini qeyd edib.

Ermənistan regionda kommunikasiyaların açılması qərarında qətiyyətlidir, Ermənistan Baş naziri deyib.

O, ötən ay parlamentə təqdim etdiyi beşillik hökumət proqramında da Ermənistan hakimiyyətinin ən vacib fəaliyyət istiqamətlərindən biri kimi qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsi və tənzimlənməsinin qeyd olunduğunu xatırladıb.

Paşinyanın sözlərinə görə, o, yenidən Baş nazir vəzifəsinə seçildikdən sonra ilk səfərini İran İslam Respublikasına edib və bu gün də Gürcüstana gedəcəyini bildirib.

"Həm İran, həm Gürcüstanla müzakirələr gündəmində regional kommunikasiyaların inkişafı mövzusu ciddi rol oynayır," - Paşinyan deyib.

Paşinyan Yerevanın Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün ATƏT-in Minsk qrupu həmsədrliyi çərçivəsində danışıqların bərpa olunmasına ümid etdiyini bildirib.

O, həmçinin Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası məsələsinin vacibliyini qeyd edib və Ermənistan hökumətinin "bunun üçün zəruri şəraitlərin yaradılması istiqamətində" işlərin davam etdiyini bildirib.

Paşinyanın sözlərinə görə, Yerevan, həmçinin "hərbi əsir və Azərycanda saxlanılan digər şəxslərin mümkün qədər tez qaytarılmasına" ümid etdiyini bildirib.

Erdoğan: "Bu tarixi fürsətdir"

Prezident Erdoğan avqustun 29-da etdiyi çıxışında qeyd edib ki, əgər Ermənistan "konstruktiv addımlar" üçün "irəliyə getməyə hazır olduğunu bildirirsə", Ankara "Ermənistan hökuməti ilə münasibətlərin tədricən normallaşdırılması üzərində işləyə bilər".

"Artıq sülh və sabitliyi təmin edərək, iqtisadi inkişaf və regional əməkdaşlıq şəraitini saxlamalıyıq", - Erdoğan bildirib.

Türkiyə prezidenti Azərbaycanın Ermənistanla hərtərəfli sülh müqaviləsi üzrə danışıqlara başlamağı təklif etdiyini xatırladıb.

"9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamədə razılaşdırıldığı kimi, bütün regionu birləşdirərək Cənubi Qafqazın transformasiyası üçün yeni fürsətlər yaranacaq. Bu tarixi fürsətdən yetərincə istifadə etmək istəyən bütün tərəflərlə çalışmağa hazırıq. Beşli və ya altılı platforma təklifimiz var. Bu platforma Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistanı əhatə edir. Hətta biz dedik ki, Gürcüstanı da bura cəlb edək. Əgər bu platforma bu cür şəkildə qəbul olunsa, zənnimcə, bölgədə rahatlıq daha çox olar. Çünki bölgədə dəmir və avtomobil yolları çəkilməlidir.", - Prezident Erdoğan deyib.