"Nomadland" filminə görə Chloé Zhao Oscar-da 'Ən Yaxşı Rejissor' mükafatını alan ilk asiyalı qadın olub

Şəklin mənbəyi, Getty Images
2021 Oscar Mükafat mərasimi (93-cü) bu il dünyanın müxtəlif yerlərində qurulmuş studiyalarda təşkil edilib. "Nomadland" filmi 3 kateqoriyada Oscar qazanıb.
Ən yaxşı film mükafatı "Nomadland"-a, ən yaxşı rejissor mükafatı isə "Nomadland"-ın rejissoru Chloé Zhao-ya verilib. Chloé Zhao bu kateqoriyada Oscar alan ilk asiyalı qadın olub.
"Nomadland" filminin hekayəsi ABŞ-ın qərbindəki ərazilərdə avtomobilində köçəri həyat yaşayan, müvəqqəti işlərdən pul qazanan və yol boyu özü kimi köçərilərlə tanış olan Frances McDormandın canlandırdığı qadın obrazı Fernin ətrafında formalaşır. Filmdəki aktyorların əksəriyyəti peşəkar aktyorlar deyil, onlar köçəri həyatı yaşayan insanlardılar.
"Nomadland"-dan Frances McDormand "Ən Yaxşı Aktrisa" mükafatını qazanıb.

Şəklin mənbəyi, Getty Images
Anthony Hopkins "Ən Yaxşı Aktyor" Oscarını "Ata" filmindəki ifasına görə alıb. "Ata" filmi "ən yaxşı uyğunlaşdırılmış ssenari" mükafatını da qazanıb.
83 yaşlı Anthony Hopkins bu mükafatı alan ən yaşlı insan kimi tarixə düşüb.
Ən yaxşı sənədli film kateqoriyasında "Mənim Osminoq Müəllimim" Oscar mükafatını qazanıb.
Həmçinin bax:





