Almanları bu qədər nizamlı edən nədir?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Joe Baur
- Vəzifə, BBC Travel
Berlin-Düsseldorf sürət qatarında bir gənc mənimlə söhbət etməyə başladı. O sonda soruşdu: "Almanlarla amerikalılar arasında diqqətinizi çəkən mədəniyyət fərqləri hansılardır?"
Bu anda orta yaşlı bir qadın bizə yaxınlaşaraq barmağı ilə dodaqlarına toxundu: "Şh!".
O, vaqondakı sakitliyin gözlənilməsi tələbi yazılmış xəbərdarlığı göstərdi.
"Siz sakitlik tələbinə əməl etməlisiniz”, - həmin qadın dedi və öz yerinə qayıtdı.
"Budur, - yanımda oturana dedim. - Fərq bundadır".

Şəklin mənbəyi, Getty Images
Həmin qadın Almaniyada yaşadığım dörd ilə yaxın müddətdə qarşılaşdığım “Ordnung”-u (nizam) qorumaq üçün qaydalara ciddi şəkildə riayət edən çoxsaylı almanlardan biri idi.
Çünki Almaniyada məşhur bir ifadədə deyildiyi kimi “nizam-intizam olmalıdır” ("Ordnung muss sein").
Əslində, bu deyim alman psixikasında özünə o qədər yer edib ki, dünya boyu almanlar üçün bir mədəni klişeyə və həyat tərzinə çevrilib.
Almaniyada qəhvəyi və açıq rəngli şüşələr təkrar emal qutularına ayrı-ayrı salınmalıdır.
Axşam saat 10-dan sonra siz özünüzü sakit aparmalısınız. Hətta heç bir maşın olmadığı halda yolu qırmızı işıqda keçməməlisiniz. Bu ölkədə hər hansı bir işi görmək istəyirsinizsə, müvafiq formanı doldurmalı, qəbula yazılmalı, nömrənizi götürməli və görüşə dəvət ediləcəyiniz anı gözləməlisiniz.
"Ordnung muss sein" almanların fərdi, şəxsi və ictimai davranışının əsasıdır. Ancaq stereotiplər bir yana, Almaniya həqiqətənmi "nizamlıdır"?
"Alman" sözü ilə bağlı olan hər şey kimi, bu sualın cavabı da Martin Lüterə gedib çıxa bilər.
Almaniyanın (və dünyanın) ibadət tərzində əbədi dəyişiklik etməsindən başqa, təvazökar reformatorçunun baxışları (pivə həvəskarı olmasından tutmuş kitabsevərliyinə qədər, ilhamverici Bauhaus dizaynına qədər) son 500 ildə alman mədəniyyətini formalaşdırmağda davam edib.
Lüter yazıb: "Ordnung muss sein unter den Leuten" (sözün əsl mənasında:"İnsanlar arasında nizam olmalıdır").
Ştutqart Universitetinin müasir tarix şöbəsinin müdiri Dr Wolfram Pyta, Lüterin "Ordnung muss sein" kəlamının müasir istifadəsində vurğulanan fəzilətə istinad etmədiyini iddia edir.
"Lüter öz teoloji yazılarında rəsmiyyətə itaət etməyə çağırıb, - Pyta deyib. - Ancaq bu, dövlət nizamından daha çox fərdi şəxsi həyatındakı nizamı nəzərdə tutan çağırışdır".

Şəklin mənbəyi, Getty Images
Lüterdən sonrakı əsrlərdə bu kəlmənin işlədilməsinə dair tarixi sənədlər çox olmasa da, 1930-cu ildə New York Times qəzetində dərc olunmuş bir məqalədə Weimar Respublikasının son prezidenti Paul von Hindenburg-un bu ifadəni "bütün dünyada məşhurlaşdırdığı" bildirilmişdi.
"Ordnung muss sein!" ifadəsi alman mədəniyyətinə 1934-cü ildə Hindenburg TIME jurnalının üz qabığını bəzədəndə daha sıx bağlı oldu. Həmin ifadə onun fotoşəkilinin altında idi.
"Almaniya: Böhranın kökü" adlı baş məqalədə qeyd edilir ki, Hindenburg siyasi məsələləri Adolf Hitlerlə müzakirə edərkən "bütün hallarda ona kömək edən faydalı aforizmi" qışqıraraq səsləndirib.
"Nizam öhdəlikləri yerinə yetirməklə yanaşı dəqiqlik, zəhmət və vicdanla bərabər Prussiyanın mənəvi dəyəri hesab olunur", - beynəlxalq şirkətlərə alman partnyorları ilə səmərəli iş qurmaq üçün alman mentalitetini başa düşməyə kömək edən alman mədəniyyət mütəxəssisi Christina Röttgers deyib.
"Ordnung muss sein" ifadəsinin əsl mənşəyi nə olursa olsun, bu kəlam alman cəmiyyətinin təfəkküründə kök salıb. Ancaq maraqlısı budur ki, almanlar bunu müzakirə etmirlər, çünki Röttgers-ə görə, bununla bağlı dəyərlər və qaydalar artıq özünə yer edib. Heç kimin qaydalar barədə danışmasına ehtiyac yoxdur, çünki onların hamıya məlum olduğu güman edilir.

Şəklin mənbəyi, Getty Images
“Ordnung su təchizatındadır”, - Brown Universitetinin psixologiya üzrə alman professoru Joachim Krüger zarafatca qeyd edir.
"Hər bir uşaq bu ifadənin mənasını öz otağını təmizləmək kontekstində öyrənir, - Röttgers əlavə edir. - Bu, almanların özləri üçün gündəlik həyatlarının bir hissəsidir, amma onlar bu barədə düşünmür, necə ki, danışan zaman kimsə qrammatik qaydalar barədə düşünmür".
Kölndən kadrlar üzrə məsləhətçi Verena Netscher bu fikirlə razıdır: "Bu fikir Almaniyada insanların beynindədir, ancaq düşünmürəm ki, kimsə buna nail olmaq üçün xüsusi səy göstərir".
Ölkə boyu söhbətləşdiyim hər bir alman, Netscher-in fikirləri ilə razılaşdı. "Nizam-intizam var və bu, çox yaxşıdır, - Düsseldorfdan hüquq tələbəsi Lukas Pietrek mənə yazıb.- Ancaq bir çox insan buna baxmayaraq, həddən çox intizamlıdır və darıxdırıcıdır".

Şəklin mənbəyi, Joe Baur
"Ordnung" sözü almanların gündəlik nitqində həmişə işlədilir. Narahat görünürsənsə, yoldan keçən bir adam soruşa bilər: "Alles in Ordnung?", yəni “Hər şey qaydasındadırmı?"
Almaniyada nizam-intizam Ordnungsamt (Almaniyanın İctimai Nizam-İntizam İdarəsi) tərəfindən bu qurumda işləyən əməkdaşlar tərəfindən qorunur.
Bu, xüsusi bir polis qüvvəsidir. Onlar Almaniyada sakitlik saatlarında ucadan musiqi oxutmaq, parklanma qaydalarının və qanunun pozulması, sahibi gəzdirməyə çıxaran itlərin bərk hürməsi kimi halların qarşısını almağa çalışırlar.
"Ordnung muss sein" dedikdə, almanlar başqa bir ifadəni də dərhal səsləndirirlər - "Ordnung ist das halbe Leben" ("Nizam həyatın yarısıdır"). Amma kəlmənin qalan hissəsini də söyləyəndə, almanların səliqəlik şüarı tamam fərqli bir təəssürat yaradır: "Unordnung die andere Hälfte" ("Nizamsızlıq isə onun qalan yarısıdır").

Şəklin mənbəyi, Joe Baur
Almaniyada nizamsız hallarının baş verdiyini heç kim inkar etməz. Sərnişinlər qatarlara tələsik, çıxanlara yol vermədən girir, insanlar müntəzəm olaraq "Ordnung!" sözü yazılmış zibil qablarını dağıdırlar.
Əslində, 100 ildən çoxdur ki, Berlin mədəni təcrübə laboratoriyası kimi dünyada tanınır.
Şəhərin keçmiş meri Berlini "binəva, amma cazibədar" şəhər adlandırandan təxminən 20 il sonra, dünyanın hər yerindən insanlar özlərini hər şeydən azad hiss etmək üçün hələ də buraya axışırlar.
Lakin azadedici dözümlülüyü və anarxist ruhu ilə tanınan əfsanəvi bir şəhərdə hələ də yazılmamış qaydalar mövcuddur.
Berlin divarında boya ilə iz qoymaq istəyirsiniz? Bunu edə biləcəyiniz xüsusi yerlər var. Çılpaq gəzmək istəyirsiniz? Şəhərin mərkəzindəki Tiergarten parkında çılpaq olmaq istəyənlər üçün xüsusi yerlər ayrılıb.
Nəşələnmək və sekslə məşğul olmaq istəyirsiniz? Berlin klublarının əksəriyyətində bunun üçün ayrılmış xüsusi otaqlarda nəylə məşğul olduğunuza heç kim maraq göstərməyəcək.

Şəklin mənbəyi, Getty Images
Berlin bəlkə də xüsusi bir yerdir, amma oxşar halları Almaniyanın digər şəhərlərində də görmək olar.
Frankfurtda fahişəxana və klublarla dolu olan Bahnhofsviertel məhəlləsi var. Hamburqun St Pauli rayonunda Avropanın ən məşhur fahişəxanalar məhəlləsi yerləşir.
Hətta Bavariya və keçmiş Şərqi Almaniyanın ən mühafizəkar bölgələrində belə bunun üçün ayrılmış xüsusi yerlərdə nudistlərə rast gəlmək olar.
Əlbəttə ki, bu nümunələrin hər biri yenə də Almaniyanın özünəməxsus qaydalarına uyğun gəlir: burada nəyisə qadağan etməkdənsə, onun üçün uyğun yerlər ayrılmasına üstünlük verilir.
Qatarın sakit vaqonunda yavaşca söhbət etmək intizamsızlıq sayıla bilər, amma Berlin metrosunda pivə içilməsinə normal baxıla bilər, çünki cəmiyyət ictimai yerlərdə içki içilməsinə normal qəbul edir.

Şəklin mənbəyi, Getty Images
"Almanlar qaydalar başqaları tərəfindən pozulduqda buna dərhal işarə etməkdən utanmırlar, - Röttgers deyir. – Küçədən keçən səni məzəmmət edə bilər, çünki hamının qaydalara əməl edəcəyi gözləntisi var".
Odur ki, qonşumun mənə WhatsApp vasitəsilə təkrar emal üçün karton qutusunu düzgün bir şəkildə tökməyi öyrədən video paylaşması təəccübblü görünmür.
“Beş saniyə ərzində qutu sökülür. Mən bunu edə bilərəmsə, siz də edə bilərsiniz” mesajına bir öpüş "emoji"si də əlavə olunmuşdu.
Bütövlükdə isə alman nizam-intizamı kifayət qədər praqmatik bir təcrübədir. "Ordnung muss sein" yalançı bir gerçəkliyin yaradılması demək deyil. Bu, almanların şirkətlərə böhran dövründə işçilərinin iş günü saatlarının sayını azaltmağa imkan verən “Kurzarbeit” (qısa iş) proqramı kimi ən pis hadisələrin qarşısını ala bilən müvafiq sistemlərin mövcud olmasını tələb etməsi deməkdir.
Böhran dövrü dedikdə 2008-ci ilin maliyyə böhranı və indiki koronavirus pandemiyası kimi hadisələr nəzərdə tutulur. Böhranlı vəziyyətdə hökumət kütləvi işsizliyin qarşısını almaq üçün maaşların 60% -ni ödəyir.

Şəklin mənbəyi, Getty Images
Almaniyanın bütün 16 əyalətini gəzərək Ordnung-un bütün ölkə boyu rəvan işlədiyini gördüm. Ancaq onu da gördüm ki, almanlar lazım gələndə həmin bu Ordnung-u kənara da qoya bilirlər - istər karnaval olsun, istər futbol matçlarında zirehli geyimdəki mühafizəçi qoşunların üstünə getmək halları və ya Yeni İl ərəfəsində izdihamlı küçə və eyvanlarda qurulan atəşfəşanlıq səhnələri.
Almaniya - hər hansı bir ölkə kimi - yalnız bir ifadəyə sığmır.
"Bir çox ifadələr var ki, onları bir araya gətirəndə bütöv bir mədəniyyət mənzərəsi yaranır, - Röttgers deyib. – “Ordnung muss sein” sadəcə onlardan yalnız biridir".
İndi isə mən də gedim karton qutumu təkrar emal üçün hazırlayım və yoxlayım, görüm, itim gündəlik hürmə normasını aşmayıbmı?
Bu yazı ingiliscə BBC Travel-də çap olunub.







