Saatlı sakini: "Bircə istəyimiz var, su versinlər bizə"

bu gün Azərbaycan

Şəklin mənbəyi, Azertag

Saatlı rayonunda bəzi kəndlərin sakinləri iki aydır ki, suyun yoxluğundan şikayət edirlər.

"İçməyə bir qurtum su yoxdur kənddə. İki aydır vəziyyət belədir. Əkin bir qırağa dursun, insanların içməyə suyu yoxdur. Dünən heyvanlar böyürüşürdü susuzluqdan. Suyu heç yerdən əldə edə bilmirik", bunu Saatlı rayon sakini Fikrət Həsənov deyir.

O, BBC News Azərbaycancaya deyir ki, rayonda suyun kəsilməsi nəticəsində Çolpukənd, Nabatkənd, Fətəlikənd, Qaranur, Qarayevkənd, Şirinbəyin əhalisi və heyvanları "suya həsrətdirlər".

Fikrət Həsənov deyir ki, buna görə də cümə günü rayonun iki aydır susuz qalmış kəndlərindən olan Çolpukənd, Muğan və Qarayevkənd kəndlərinin bəzi sakinləri etiraz edərək yolu bağlamağa cəhd ediblər.

Meliorasiya və Su Təsərrüfatı ASC problemin "son zamanlar Araz çayında suyun sərfinin azalmasından" qaynaqlandığını bildirib.

Saatlı rayon Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayev suyun yoxluğunu "yağıntının az olması, ərazidə quruyan kanalın suyundan istifadə edən kənd sayının çoxluğu, bir də içməli suyun yoxluğu" ilə izah edir.

Saatlı son həftələrdə susuzluqdan şikayətlənən yeganə rayon deyil. Bundan öncə Neftçala və Salyan sakinləri də susuzluq problemi ilə bağlı şikayətlənmişdilər.

"Bircə istəyimiz var su versinlər bizə"

Saatlı sakinlər deyir ki, onların bircə istəyi var: "Rayonun susuzluqdan qırılan kəndlərinə su verilsin".

"Susuzluqdan biz də, heyvanlarımız da ağzı göyə qalmışıq. Bizim bircə istəyimiz var su versinlər bizə. Biz etiraz etməyə çalışdıq. İcra hakimiyyəti söz verdi. İndi vadavozları (su daşıyan maşınlar) buraxıblar kəndlərə. Dörd vadavoz Sabirabaddan kəndlərə su daşıyır. Ancaq bu su insanlar üçündür, heyvanlar üçün deyil. Elə sakin var həyətində yüz baş heyvanı var. Yüz baş heyvanı vedrə ilə suvarmaq olmaz. Bu dəqiqə həyətlərdəki toyuq, quş, heyvanın ümidi Allaha qalıb," Fikrət Həsənov BBC News Azərbaycancaya gileylənir.

"İki günə düzələcək"?

"Bizim arxada suyumuz var. Arazdan qol ayrılır. Sadəcə o suyu bizə vermirlər," - Fikrət Həsənov iddia edir. O deyir ki, kəndləri su ilə təmin etmək üçün Araz çayından üç qol ayrılır.

"Qollardan biri də Lenin kanalına (indiki adı ilə Aşağı Muğan kanalı- red.) gəlir. O kanalda su var. Amma indi bilinmir ki, o kanal kimindir və o su niyə bizə verilmir? Bizim bütün qonşu kəndlərin hamısı suyun altındadır, ancaq bizim kəndlərdə su yoxdur", - cənab Həsənov deyir.

Fikrət Həsənov deyir ki, etiraz yerinə gələn rəsmilər onlara iki günə problemin həll olunacağını "söz veriblər":

"İki günə həll edəcəklərini söz verdilər. Ancaq bu kəndlərə 10 gün də əvvəldən su verilə bilərdi. Bizə su verə bilərlər əslində. Su heç olmasa bilərik ki, Allahdan yoxdur. Ancaq olanı da vermirlər. Arazın bir qolu da bizim kəndin arxa tərəfinə gəlir."

Su niyə yoxdur?

Saatlı rayon Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayev deyir ki, bu kəndlərə su Bəhramtəpə hidroqovşağından mənbəyini götürən Baş Muğan kanalı verir.

"Kanal rayonun Qaralar kəndində yerləşən subolüşdürücüdə iki qola ayrılır. Biri Sabir kanalına, digəri isə Aşağı Muğan kanalına ayrılır. Suyu azalan kanal Sabir kanalıdır. O, Saatlı ərazisində 3 qola ayrılır. Bunlardan Sol Sahil və Hüsü Hacıyev kanalı Sabirabada keçir, 3-cü qol isə Qaranuru kanalıdır. Quruyan kanal Sol Sahildir. Kanal rayonun içindən 14-15 kənddən keçir. Kanal da kənd içindən gedəndə hərə bir 30-40-50-lik turba atır. Bu da suyun azalmasına gətirib çıxarır."

Tahir zayev deyir ki, hazırda bu ərazilərin suvarması səviyyə sistemi əsasında təşkil olunub. Bu isə mürəkkəb sistemdir.

"Kanala suyu ver getsin axıra kimi deyil məsələ. Kanalın içində nizamlayıcı qurğular olur. O qurğuları idarə etmək lazımdır ki, hər tərəfə su verə biləsiniz. Bəlli səviyyəni saxlamasan, o suyu o kanaldan boğaz və arxlara ötürmək olmur."

Cənab Rzayev deyir ki, "səviyyə qaldırılmalıdır ki, kanala su çıxsın."

"Yuxarılarda yağıntı yoxdur deyə su gəlmir. Bizim kanallar 65 kub su qəbul edə bilir. Bizim rayona isə suvarma aparmaq üçün 30-35 kub su lazımdır. Mən bu zaman bütün kanallara su verə bilirəm. Bu gün 14 kub suyumuz var. Ancaq həftələrlə 7-8 kub su alırdıq. Suyu indi bir az artırıblar. Xudafərindən artırıblar yəqin. Dünənə qədər 46 kub su verirdilər, hazırda 52 kuba qaldırıblar. Lenin kanalında suyun olub camaata verilməməsinə gəlincə, bu, belə deyil. Kanaldan suyun camaata verilməsi üçün nizamlama işləri aparmaq lazımdır. Suyun səviyyəsini nizamlamadan su vermək mümkün deyil." - cənab Rzayev izah edib.

"Bostan əkən var, yonca əkən var. Qarğıdalı, küncüt, süpürgə əkirlər. Məsafə uzaq, kənd sayı çox, üstəlik yaydır, su istifadəsi də çoxdur, çatdırmaq olmur. Dərd budur ki, bütün kəndlər məişət və mal-qara bu kanallara möhtacdır. İçməli su yoxdur. Çətinliyimiz bundadır", - idarə rəisi deyir.

"Həftənin birinci günü axşama..."

Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat xidmətinin sözçüsü Dilqəm Şərifov BBC News Azərbaycancaya yaranmış problemi "son zamanlar Araz çayında suyun sərfinin azalması ilə izah edib.

O bildirib ki, hazırda "xidmət etdiyi əkin sahələri nəzərə alınaraq rayonlararası su bölgü limitləri hazırlanıb və suyun miqdarı nəzərə alınaraq, bölgü təsdiq edilmiş limit daxilində həyata keçirildiyi" üçün bir sıra kəndlərdə su təminatında "çətinlik yaranıb."

"Son vaxtlar yaranmış çətinliklər nəzərə alınaraq, İranla birgə istismar olunan Araz su anbarından buraxılan suyun həcmi artırılıb. Növbəti həftənin 1-ci günü axşama rayona tələbata uyğun suyun verilməsi təmin ediləcək.", qurum sözçüsü bildirib.

Qurum sözçüsü əraziyə suyun niyə məhz birinci gün axşam verilməsinin səbəbini suyun gəlib çatanadək "müəyyən vaxta ehtiyac olması ilə" əlaqələndirib.

Cənab Şərifov həmçinin rayonun Nabatkənd və Çolpu kəndlərinə kommunal-məişət ehtiyacları üçün su verilməsinin təcili bərpası üçün yerli istismar idarəsinə "ciddi tapşırıq verildiyini" deyib.

Dilqəm Şərifov hazırda bu işin nəzarətə götürüldüyünü və onun həlli istiqamətində işlər aparıldığını bildirib.