Koronavirus: Britaniyada yaşı 70-i keçənlərin təcrid olunması məsələsi gündəlikdədir

Şəklin mənbəyi, Reuters
Britaniyanın Səhiyyə naziri Matt Hancock-un bildirdiyinə görə, "yaxın həftələrdə" yaşı 70-dən yuxarı olan hər bir britaniyalıya koronavirusdan qorunmaq üçün uzun müddət ərzində evdən çıxmamaq barədə tövsiyə ediləcək.
O, BBC-yə bildirib ki, bu göstəriş hələ qüvvəyə minməyib, lakin qüvvəyə mindikdən sonra "çox uzun müddət ərzində qüvvədə qalacaq".
Şənbə günü Britaniyada koronavirusdan ölənlərin sayı 21 nəfərə çatdıqdan sonra epidemiyaya qarşı tədbirlərin görülməsi istiqamətində səylərin artırılması tələbiylə hökümətə təzyiqlər artıb.
Ölənlərin hamısı ya yaşı 60-dan yuxarı və ya patoloji xəstəlikləri olanlardır.
Yaşı 70-i keçənlərə və səhətində problemləri olan daha azyaşlılara evlərində qalmaq göstərişi veriləcək, həmin adamlara ərzaq və dərman isə evlərinə çatdırılacaq.
Səhiyyə nazirinin sözlərinə görə, evlərində vaxt keçirməli olacaq həmin adamlara sağlam qohumları tərəfindən baş çəkmək icazəsi veriləcək, lakin bu zaman qohumlar təcriddə yaşayanlardan azı iki metr aralı durmalı olacaqlar.






