Rusiya ilə Azərbaycan arasında gediş-gəliş dayandırılır

Samur buraxlış məntəqəsi

Şəklin mənbəyi, Azertag

Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırılır.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Məlumata görə, martın 16-da Azərbaycanın Baş Naziri Əli Əsədov ilə Rusiya hökumətinin sədri Mixail Mishustin arasında telefon danışığı olub.

Telefon danışığı zamanı onlar qarşılıqlı razılığa gəliblər ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə martın 18-i saat 00.00-dan etibarən iki ölkə arasında gediş-gəliş müvəqqəti olaraq dayandırılsın.

Lakin yük maşınlarının sürücüləri istisna təşkil edəcəklər.

Bundan başqa ölkəyə qayıtmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün çarter uçuşları təşkil ediləcək, məlumatda qeyd edilib.

Aliyev - Erdoğan

Şəklin mənbəyi, Anadolu Agency/Getty Images

Bundan əvvəl koronavirusla əlaqədar Azərbaycan və Türkiyə arasında gediş-gəliş martın 15-də saat 00:00-dan etibarən müvəqqəti olaraq dayandırılıb.

Azərbaycan Prezidentinin rəsmi saytında yayılan məlumata əsasən, müvafiq razılaşma Azərbaycanın dövlət başçısı ilə Türkiyə prezidenti arasında telefon müzakirələrindən sonra əldə olunub.

"Prezidentlər koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə razılığa gəliblər", - məlumatda deyilir.

Bundan başqa Gürcüstan koronavirusla əlaqədar Azərbaycan və Ermənistanla sərhədlərini bağlayıb. Müvafiq qərarmartın 14-dən etibarən qüvvəyə minib və 10 gün ərzində tətbiq olunacaq.

15 mart tarixindən etibarən "Azərbaycan Hava Yolları"-nın Paris, Berlin, Nursultan və Aktau istiqamətləri üzrə uçuşları müvəqqəti olaraq dayandırılıb.

Dezinfeksiya

Şəklin mənbəyi, AFP/Getty images

Şəklin alt yazısı, Azərbaycan-Gürcüstan sərhədində dezinfeksiya tədbirləri, 17 fevral 2020-ci il

Gediş-gəlişə qoyulan məhdudiyyət Azərbaycan və Ermənistanla müzakirələrdən sonra qəbul olunub.

"Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Baş naziri Əli Əsədovla söhbətdən sonra Gürcüstan-Ermənistan və Gürcüstan-Azərbaycan sərhədlərinin 10 gün ərzində bağlanması barədə ortaq qərar qəbul edildi", - Gürcüstan hökumətinin yaydığı açıqlamada deyilir.

Rəsmi məlumata əsasən, vətəndaşların ölkələrinə qayıtmasını təmin etmək barədə razılıq əldə olunub. Məhdudiyyətlər malların daşınmasına şamil edilmir.

Gürcüstanda ilk koronavirus hadisəsi fevral ayında, Azərbaycan üzərindən İrandan qayıdan şəxsdə aşkar olunub. Hazırda koronavirusa yoluxanların sayı 30-a çatıb.

Koronavirusla mübarizəyə görə Gürcüstan bir sıra ölkə ilə səyahət qaydalarını sərtləşdirib.

Azərbaycanda koronavirusa ilk yoluxma halı 28 fevralda qeydə alınıb.

koronavirus
xətt