Koronavirus: ABŞ aeroportlarında virus əleyhinə müayinə tədbirləri xaos yaradıb

Chicago şəhərinin O'Hare hava limanında sərnişinlər saatlarla növbədə durmalı olub

Şəklin mənbəyi, Christina Clancy

Şəklin alt yazısı, Chicago şəhərinin O'Hare hava limanında sərnişinlər saatlarla növbədə durmalı olub

Avropadan qayıdan insanlar üçün ABŞ hava limanlarında tətbiq edilməyə başlanan koronavirus əleyhinə yeni tibbi müayinə tədbirləri aeroportlarda xaos vəziyyətinin yaranmasına səbəb olub.

Sərnişinlər sərhəd yoxlamasından keçməkdən əvvəl əvvəl koronavirusa qarşı müayinədən keçmək üçün yaranan uzun növbələrdə durmalı olurlar.

Bu arada vitse-prezident Mike Pence bildirib ki, çərşənbə axşamı günündən başlayaraq Avropa ölkələrindən ABŞ-a uçuş qadağası qoyulan ölkələrin siyahısına Britaniya və İrlandiya da əlavə ediləcək.

Son statistik məlumatlara görə, ABŞ-da koronavirusa yoluxanların sayı 2700 nəfərə çatıb, koronovirus səbəbindən ölənlərin sayı isə 54 nəfıərdir.

Illinois qubernatoru JB Pritzker Chicago aeroportunda koronavirusa qarşı tibbi yoxlanışa görə əmələ gələn uzun insan növbələrini "qəbuledilməz" adlandırıb.

Sərnişinlərdən onların xəstəliklər tarixçəsiylə bağlı suallar verilir və onlar koronavirus simptomlarına qarşı müayinədən keçirilir.

Milli səhiyyə mütəxəssislərindən bəziləri qeyd edirlər ki, insanlarla dolu olan terminallarda gözləmə daha çox insanın virusa yoluxmasına səbəb ola bilər.

Cümə günü prezident Trump, koronavirusla mübarizə üçün $50 milyard ayıraraq ölkədə fövqəladə vəziyyət elan edib.