You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Meghan və Harry: sağ qalmaq azdır, azad yaşamaq lazımdır
- Müəllif, Marie Jackson
- Vəzifə, BBC
Amerikalı Megan Markl məşhur aktrisa və aktiv feministiydi, ciddi səviyyədə xeyriyyəçiliklə məşğul olurdu. Əyləncə məclislərini sevən şahzadə Harry isə hərbçiydi və evlilik üçün ən çox həsəd doğuran namizədlərdən biri hesab edilirdi. Onlar 2016-cı ildə ortaq tanışları vasitəsilə Londonda tanış olmuşdular.
"Gözəl Megan bir balaca büdrədi və düz həyatımın ortasına yıxıldı" - bir müddət sonra Harry jurnalistlərə belə demişdi. O, Megan-ın öz "yarısı" olduğunu dərhal anlamışdı.
Daha iki görüşdən sonra cütlük Botsvaya - ulduzlu səmanı seyr etməyə yollanmışdı.
Harry-nin dediyinə görə, onlar "elə ağlasığmaz sürətlə" bir-birinə vurulmuşdular ki, bunun "göylərin diqtəsiylə" baş verdiyinə şübhə qalmamışdı.
Gənc nəsillə eyni dildə danışan, cəmiyyətin diqqətini cəlb edən, hər şeyə gözəl bir monarxiya parıltısı qatan bu qızıl cütlüyün sevgi tarixçəsi Britaniya mətbuatı üçün göydəndüşmə olmuşdu.
Hərçənd ilk aylarda Meghan və Harry fotoqraflardan gizlənmiş və ancaq 2017-ci ildə Torontoda - şahzadənin də təşkilatçılarından biri olduğu "Invictus Games" oyunlarında bir yerdə görünmüşdülər. Əlil hərbçilərin iştirak etdiyi bu oyunlarda fotoqraflar, nəhayət ki, onları bir-birinin əlindən tutub xoşbəxtcəsinə gülümsəyən halda çəkə bilmişdilər.
Ancaq bu nağılvari hekayənin hələ lap əvvəlindəki bəzi əlamətlər ənənəvi "xoşbəxt sonluğun" olmayacağından xəbər verirdi.
"Və onlar uzun və xoşbəxt bir ömür sürdülər" - bunu Harry və Meghan haqqında demək olmazdı.
2016-cı ilin sonunda Meghan-la münasibətini etiraf edən Harry mətbuata da savaş elan etmişdi.
O, reportyorların saxta xəbərlər dərc etmələrinə, Meghan-ın evinə yaxınlaşmalarına, davamlı olaraq onun dostlarını "bombalamalarına" mane olmaq məqsədilə hüquqi müzakirələr apardığını deyirdi.
Vəziyyət pisləşməkdə davam etsə də, bu, Meghan və Harry-nin münasibətinə mane olmur, əksinə, bəlkə də onları daha çox yaxınlaşdırırdı.
"Bu gözəl sevgi hekayəsi mənim çox xoşuma gəlir" - Meghan bunu 2017-ci ilin sentyabr ayında "Vanity Fair" jurnalına demişdi.
Belə bir açıqlamadan sonra mətbuat nikah zənglərinin səsini "eşitməyə" başlamış və o günü çox gözləmək lazım gəlməmişdi.
2017-ci ilin noyabr ayında Harry Meghan-ın qarşısında diz çöküb ona evlənmək təklif etmiş və cütlük bunu Kensinqton sarayındakı şam yeməyində - tez-bazar bişirilmiş toyuq qızartmasıyla qeyd etmişdi.
Nişan üzüyünün dizaynını Harry özü hazırlamışdı: rəhmərlik anası Dianaya məxsus olmuş iki brilyant qaş və daha bir brilyant da Botsvanadan olmaqla.
BBC-yə geniş müsahibələrində onlar bildirmişdilər ki, Meghan aktrisalıq karyerasını bitirəcək və əriylə birlikdə çoxdan maraq göstərdiyi ictimai layihələrə fokuslanacaq.
2018-ci ilin may ayına təyin edilmiş toya hazırlıq prosesində məlum olmuşdu ki, bu cütlük hər şeyi öz istədiyi kimi edəcək.
Bütün dünyaya yayımlanan o toyda möhtəşəm gəlinlik və gəlinin bəzək-düzəkli rəfiqələri, o cümlədən, təntənəli andiçmə mərasimi ənənələrə tam uyğun olsa da, bu toyun kraliyyət ailəsi və onun gələcəyilə bağlı fərqli baxışlara malik müasir insanlara aid olması təəssüratı yaranmışdı.
Sussex hersoqu və hersoginyası titulu, həmçinin Vindzordakı "Frogmore House" rezidensiyası yeni ailənin toy hədiyyəsi olmuşdu.
Elə həmin ilin oktyabr ayında cütlük kraliyyət mənsubu olaraq Avstraliya, Yeni Zenlandiya, Fici və Tonqaya səfər etmişdi. Meghan və Harry ilk övladlarının dünyaya gələcəyi xəbərini həmin bu 16 günlük səyahət zamanı açıqlamışdılar.
6 may 2019-cu ildə anadan olan Archie Harrison Mauntbetten-Vindzor kraliçanın 8-ci nəticəsi, monarxiya taxtının 7-ci vəliəhdidir.
Doğuşda iştirak edən Harry demişdi ki, oğlu üçün "heç düşünmədən ölməyə hazırdır". O və Meghan günlərlə doğum evinin qabağında növbə çəkib Kembric hersoginiyasının çıxmasını gözləmiş jurnalist və fotoqrafları dərhal xəbərdar etmişdilər ki, uşağın doğulmasından başqa, mətbuata heç bir informasiya verilməyəcək.
Buna baxmayaraq mətbuat yeni vəlihədin dünyaya gəlməsinə diqqətini azaltmamış, nəticədə bəzi redaktorlara həm gənc valideynlər, həm də bütövlükdə kraliyyət ailəsi arasındakı pərdəarxası münaqişə publik savaşa çevrilmişdi.
Jurnalistlər bütün bunlara necə dözdüyünü Meghan-dan soruşanda, o, sadəcə dözməyin və "sağ qalmağın" kifayət etmədiyini, həyatının mənasının azad nəfəs almaq olduğunu Harry-yə çoxdan dediyini açıqlamışdı.
Hazırda onunla "Mail on Sunday" arasındakı məhkəmə çəkişməsi davam edir. Meghan şəxsi məktublarını icazəsiz dərc etdiyi üçün bu nəşri məhkəməyə verib. Harry isə telefon danışıqlarını qanunsuz dinləmə ittihamıyla "Sun", "News of the World" və "Daily Mirror" tabloidlərindən Ali Məhkəməyə şikayət ərizəsi yazıb.
Bu çətin ilin sonunda Harry və Meghan kral ailəsi üzvü olaraq daşıdıqları Milad öhdəliklərinin icrasından kənarlaşaraq balaca Arçiylə birlikdə Kanadanın Britaniya Kolumbiyası əyalətinə getmişdilər.
Belə məlum olur ki, sonrakı qərarlarını onlar məhz orda qətiləşdiriblər və nəticədə yeni ilin lap əvvəlində bir sensasiyaya imza atıblar: elan ediblər ki, üzərlərindəki bütün rəsmi kraliyyət öhdəliklərindən imtina edirlər.
Harry bu addımı atmazdan əvvəl nə atası şahzadə Charles ilə, nə də qardaşı şahzadə William ilə məsləhətləşib.
Əvəzində o və arvadı Meghan "İnstagram" vasitəsilə bəyan ediblər ki, indidən sonra təntənəli mərasimlər üçün ayrılan büdcə vəsaitlərindən istifadə etməyəcəklər və eyni zamnada, kraliyyət mənsubu öhdəliklərini də yerinə yetirməyəcəklər.
Onlar xoşbəxt sonluğu - həyatlarının davamını Şimali Amerikada və qismən də Britaniyada yaşamaqda, Arcie ilə birlikdə özlərinə yeni gələcək qurmaqda görürlər.