Kraliyyət mənsubu olmayan gəlinlər və bəylər. Monarxlar kimləri seçiblər?

    • Müəllif, Marianna Modenova
    • Vəzifə, BBC Rus Xidməti üçün

Bu həftə Tailand kralı öz cangüdəniylə evlənərək onu kraliça elan edib.

Saray həyatından uzaq şəxslərlə ailə quran daha hansı kraliyyət nümayəndələri var?

Tailand kralı Maxa Vaçiralonqhor və Sudhida Ticay

1 may 2019-cu il tarixdə Tailand kralı Maxa Vaçiralonqhor və onun şəxsi mühafizə xidmətinin rəis müavini Sudhida Ticayın toyu olub.

Monarx bir gün öncə taxta çıxıb.

THAİ milli aviasiya şirkətində stüardessa işləyən Sudhidanı kral 2014-cü ildə bu vəzifəyə təyin edib.

İki il sonra ona ordu generalı rütbəsi verib və təzəlikcə də kraliça titulu bəxş edib.

Norveç kralı Harald və Sonya Haraldsen

Norveçin gələcək kralı V Harald 21 yaşlı Sonja Haraldsen-lə ortaq dostlarından birinin təşkil etdiyi məclisdə tanış olub. Sonja varlı bir biznesmenin qızıydı, gələcəkdə atasının yerini tutmaq üçün geyim dizaynı üzrə təhsil alırdı.

Norveçin kral ailəsi varisin bu seçimini qəbul etmir.

9 il sonra - Harald sevgilisindən ayrılmamaq üçün taxtdan imtina edəcəyini bəyan edəndə kral V Olav, nəhayət ki, bu nikaha izacə verir və 29 avqust 1968-ci ildə gənclər evlənirlər.

1991-ci ildə V Harald taxta çıxır və Sonja 1938-ci ildən bəri, Haraldın nənəsi rəhmətə gedəndən sonra kraliça elan edilən ilk qadın olur. Vəliəhdin anası əri V Olav hələ monarx olmazdan əvvəl vəfat etmişdi.

Norveç kralının varisi Haakon və Mette-Marit Tjessem Høiby

V Harald-ın oğlu şahzadə Haakon sevgi məsələsində atasının yolunu gedərək sadə xalqın nümayəndəsi olan Mette-Marit Tjessem Høiby-yə aşiq olur. Qız nəinki saray həyatından uzaq biriydi, üstəlik, bioqrafiyası da kraliyyət ailəsinə uyğun gəlmirdi və onların evliliyini həm də bu fakt qəlizləşdirirdi.

Haakonla tanış olanda Matte-Marit ofisiant işləyirdi, oğluyla birlikdə kirayədə qalırdı, əri isə narkotik satışı ittihamıyla həbs olunmuşdu. Şaiyələrə görə, qadın özü də bir zamanlar narkotikdən istifadə etmişdi.

Gələcək kralın seçiminə nəinki onun ailəsi, bütün ölkə etiraz edir. Atası taxtdan imtina hədəsiylə problemi yoluna qoya bilmişdisə, oğlu daha çox əziyyət çəkməli olur - norveçlilərin fikrini dəyişmək üçün o, xeyli zaman və enerji sərf edir.

Haakon və Matte-Marit 2001-ci ildə evlənirlər, ikisi ortaq olmaqla, hazırda onların üç övladı var.

İsveç kralı Karl VI Gustaf Silvia Sommerlath

1972-ci ildə keçirilən Münhen olimpiadasında Norveç taxtının varisi Karl Gustav tədbirdə hostes olaraq iştirak edən Silvia Sommerlath-la tanış olur.

Alman-braziliyalı kökənli Silvia ixtisasca tərcüməçiydi, saray həyatıyla heç bir əlaqəsi yoxuydu. İsveçlilər, əlbəttə ki, onu dərhal qəbul etmədilər. Amma qızın açıq və xoş xasiyyəti tezliklə onların fikrini dəyişə bildi.

Bu gün Silvia özünə karyera qura bilmiş, əriylə münasibətlərdə paritet yarada bilmiş və kral sarayındakı ənənələri müasir dövrə uyğunlaşdırmış ilk Norveç kraliçası kimi qəbul olunr.

İsveç şahzadəsi Victoria və Daniel Westling

2010-cu ilin iyun ayında İsveç kralının varisi şahzadə Victoria və onun şəxsi treneri, bir neçə idman zalının sahibi Daniel Westling-in təmtəraqlı toy mərasimi keçirilir. Kral ailəsinin yeni üzvü Westling-ə şahzadə və Västergötland qrafı titulları verilir.

Hazırda cütlük Stokholmdan bir qədər aralıda yerləşən Haqa sarayında yaşayır. Onların 3 övladı var.

Maraqlıdır ki, Westling qaynatası Karl VI Gustaf taxta çıxan gün - 15 sentyabrda anadan olub. Onların toyu isə Victoriya-nın valideynlərinin 34 il əvvəlki toy günüylə eyni tarixə salınıb.

Victoriya-nın taxta çıxa bilməsi üçün 1980-ci ildə İsveç monarxiyanın mütləq primogentura sistemində dəyişiklik edən ilk ölkə olur - cinsindən asılı olmayaraq ailənin böyük övladına varislik hüququ verilir.

İsveç şahzadəsi Carl Philip vəSofia Hellqvist

İsveç taxtı varisinin kiçik qardaşı da həyat yoldaşı seçimində bacısının və atasının yoluyla gedir. Əyləncə məclislərinə marağıyla tanınan şahzadə Carl Filipp isveçli model Sofia Hellqvist-ə vurulur.

Sofia tez-tez erotik fotosessiyalarda iştirak edirdi. Bundan başqa, o, Rusiyadakı "Dom-2" layihəsinin İsveç variantı olan "Paradise Hotel" tele-şousunun da ulduzuydu.

Öz şəxsi təcrübələrinə baxmayaraq kraliyyət ailəsi Karlın seçimindən heç də məmnun deyildi. Onların rəğbətini qazanmaq üçün gənclər xeyli əziyyət çəkməli olur. Sofia modelliyi buraxıb xeyriyyə tədbirlərinə qatılmağa başlayır və bununla şahzadənin valideynlərinin rəğbətini qazana bilir.

2015-ci ildə gənclər evlənirlər. Hazırda Sofia Hellqvist şahzadə və Värmland hersoqinyası titullarını daşıyır.

Şahzadə Friso of Orange-Nassau və Mabel Wisse Smit

Niderland kraliçası Beatrix-in 35 yaşlı oğlu Friso insan haqları fəalı və "Müharibə uşaqları" xeyriyyə cəmiyyətinin yaradıcısı Mabel Wisse Smit-ə aşiq olur.

Onlar sevgiliykən münasibətləri o qədər ictimai maraq doğurmur. Amma nişanlanmaları xəbəri yayılanda məsələyə parlament qarışır, çünki qanuna görə kraliyyət ailəsi üzvlərinin seçimləri bu qurumda da müzakirə olunmalıdır.

Gənc yaşlarında Mabel-in narkomafiya başcısı, 1991-ci ildə öldürülmüş Klaas Bruinsma ilə tanış olması səbəbindən hökumət şiddətlə gənclərin evlənməsinə qarşı çıxır. Amma şahzadə sevgilisindən vaz keçmir və onunla evlənə bilmək üçün taxtın varisi titulundan imtina edir. Amma gənclərin ailə səadəti uzun sürmür. 2012-ci ildə Friso Avstriya kurortlarının birində qar uçqunu altında qalır və özünə gəlmədən tezliklə vəfat edir.

Yaponiya şahzadəsi Nori vəYoshiki Kuroda

İmperator Akihito-nun taxtdan imtina etməsi xəbəri dünyaya ildırım sürətilə yayıldı, amma çoxları hələ də bilmir ki, onun yeganə qızı şahzadə Nori ortancıl qardaşı Akishino-nun dostu, Tokio şəhər idarəsinin planlaşdırma şöbəsində işləyən Yoshiki Kurodayla ailə qura bilmək üçün şahzadə titulundan vaz keçib.

Toydan sonra Nori ərinin soyadını götürüb və imperator ailəsini tərk edib. Kompensasiya olaraq ona 1,3 milyon dollar verilib.

York şahzadəsi Eugenie və Jack Brooksbank

II Elizabeth-in nəvəsi şahzadə Eugenie 2018-ci ilin noyabr ayında ərə gedib. Onun həyat yoldaşı Jack Brooksbank bir neçə il klublarda və barlarda işləyib, Londondakı "Mahiki" gecə barının meneceri olub.

Gənclər 2010-cu ildə İsveçrənin Verbye xizəksürmə kurortunda tanış olublar. Sonralar Jack mətbuata müsahibəsində bunun ilk baxışdan eşq olduğunu deyib.

Eugenie və Jack şahzadə Harry-nin Şotlandiyadakı Balmoral qəsrində qeyd edilən ad günü mərasiminə qatılıblar və kraliça onlara orda xeyir-dua verib.

Şahzadə Harry və Meghan Markle

Ledi Diananın və şahzadə Charles-in kiçik oğlu Harry-lə amerikalı aktrisa Meghan arasındakı münasibət hələ də dünya ictimaiyyətində böyük maraq doğurur. Hətta cütlüyün tezliklə dünyaya gələcək övladının qız, yoxsa oğlan olacağı barədə mübahisə edənlər də var.

Onlar 2016-cı ildə Londonda tanış olublar. Harry və Meghanın toyu 2018-ci ilin ən parlaq hadisələrindən birinə çevrilib. Prosesə yeni məna qatan dəyişikliklərin olduğu nikah mərasimi Windsor qəsrinin Müqəddəs Georgi kilsəsində keçirilib.

Atası mərasimə qatılmaqdan imtina etdiyi üçün mehraba qədər gəlini qaynatası Charles müşayət edib. Çikaqodan məxsusi bu toy üçün gəlmiş Amerika yepiskopunun çıxışı qonaqların çox xoşuna gəlib.

Amma Harry-nin seçimiylə bağlı fikirlər haçalanıb. Bəziləri açıq şəkildə bu evliliyin yanlış olduğunu bildiriblər, digərləri kraliyyət ailəsinin, o cümlədən, nikaha razılıq vermiş II Elizabeth-in müasir dünyagörüşünü bəyəniblər.