Britaniya kral ailəsi necə Windsorlara çevrilib?

    • Müəllif, Yana Litvinova
    • Vəzifə, BBC Rusca

İyulun 17-i Britaniya monarxiyasının adını dəyişməsinin 100 illiyi qeyd olunur. Saxe-Coburg-Gotha-dan kral ailəsi üzvləri Windsorlara çevrildilər.

Bir dövrün sonu

XX əsrin əvvəllərində Avropanı bir qeyri-sabitlik bürümüşdü. Monarxiyalar davam gətirə bilsələr də, dəyişiklik qaçılmaz idi.

Bitən dövrün son carçısı isə kraliça Victoria-n oğlu kral VII Edward-n 1910-cu ilin 20-i mayında baş tutan dəfn mərasimi oldu.

Dəfn kortejində hakimiyyətdə olan bütün sülalələrin nümayəndələri iştirak edirdi.

Qaydalara əsasən ilk olaraq imperator və krallar, onların ardınca hersoq, arşehersoq, parlament üzvləri və şahzadələr gəlirdilər.

Birləşmiş Ştatlar və Fransa kimi varlı və nüfuzlu demokratiya nümayəndələri isə kortejin son cərgələrində yer alırdılar.

İlk sıralarda gedənlərin hələ ağlına gəlməzdi ki, gələn dəyişikliklərə ya boyun əyməli, ya da üfüqdən bir dəfəlik çəkilməli olacaqlar.

Britaniya kral ailəsi üçün bu adaptasiyanın ən mühüm hissəsi adını dəyişmək oldu.

Alman üstünlüyü

Sözün düzü, ingilis vətənpərvərlərinin bu faktla necə razılaşdığı aydın olmasa da, (qeyd edək ki, britaniyalılar yox, ingilislər) Tudorlardan sonra ingilis və daha sonra Britaniya taxt-tacında təmiz ingilis oturmayıb.

Yəni, qohumluq əlaqəsinə əməl olunsa da (monarxlar bu əmələ son dərəcə ciddi riayət ediblər), 1714-cü ildə I George-dan başlayaraq St. James sarayına almanlar rəhbərlik ediblər.

Buna səbəb isə ingilislərin tamamilə katolik hakimiyyətindən imtina etməsi olub.

Harada doğulduğun yox, harada xaç suyuna çəkildiyin önəmlidir

Stuart-lar Britaniya taxtına yaraya bilmədilər. I Charles-n başı kəsildi, bərpa dönəmində onun oğlu parlamentə böyük güzəştə getməli oldu və II James isə sürgünə məcbur edildi.

Ümumiyyətlə çox güman ki, James birinci arvadının təsiri ilə katolikliyi qəbul etməsə idi, heç kimi ona toxunan deyildi.

Artıq ingilislərin katoliklərə qarşı bir növ allergiyası yaranmışdı və parlament, devrilmiş kralın protestant və Wilhelm ilə evli qızı Mary-i hakimiyyətə gətirmək qərari verir.

Wilhelm (bəxti yaxşı gətirmişdi) də britaniyalı monarxlar ilə qohum idi. Onun anası Cromwell tərəfindən başı kəsilən I Charles-ın böyük qızı idi.

Təəssüf ki, Stuartların varis barədə bəxti gətirmədi. Nə Mary ilə Wilhelm-in, nə də onların davamçısı Anna-n övladı oldu.

1714-cü ildə Britaniya başsız qaldı. Yeganə münasib və kral ailəsi ilə uzaqdan əlaqəsi olan protestant, I James-in Elizabeth tərəfdən qız nəvəsi Hannoverli Sophia-ın oğlu I Geroge oldu.

O, Britaniya taxt-tacına oturan ilk alman oldu. Yeri gəlmişkən, o, heç bir vəchlə ingilis dilində danışmağı öyrənə bilməyib.

Hannover olmazsa, Saxe-Coburg-Gotha olsun

I George əsl alman soyadı daşıyırdı: Brunswick-Luneburg-Hanover.

Bu qədim Hannoverlər nəslin sonuncu monarx siması isə kraliça Victoria olub və ailə qurduqdan sonra əri Albert-n familiyasını götürüb. Beləliklə ailə, Saxe-Coburg-Gotha çevrilib.

Əgər Birinci Dünya Müharibəsi olmasa idi, onlar bu soyadı daşımağa davam edəcəkdilər.

Məhsuldar kraliça və qohumların müharibəsi

Avropada Birinci Dünya Müharibəsini qohumların müharibəsi adlandırırlar.

Həqiqətən də, əgər milyonlarla insanın həyatı bahasına başa gəlməsə idi, vəziyyət çox komik görünəcəkdi.

Victoria çox məhsuldar qadın idi. Onun çoxsaylı törəmələri yeddi Avropa taxtının sahibi olublar. Əgər şahzadə Albert-n qohumlarını da nəzərə alsaq, rəqəm 11-ə qalxar.

V George, kayzer Wilhelm və II Nikolay qohum olublar. Deyilənlərə görə, Wilhelm Rusiyanın müharibədə ona qarşı çıxdığını bildikdən sonra söyləyib: "Niki məni aldatdı!". Sonra isə əlavə edib: "Əgər nənəmiz (Victoria) sağ olsaydı, buna imkan verməzdi."

Yəqin ki, o haqlı deyildi. Çünki, 1914-cü ilə qədər əsl güc monarxlardan necə deyərlər hərbi-sənaye kompleksinə keçmişdi. Generallar və silah istehsalçılarının "sülh" sözü ilə heç bir əlaqəsi olmayan məqsədləri var idi.

Taleyüklü 1917

Müharibənin üçüncü ilində qohumluq hissləri artıq unudulmuşdu.

Anti-alman əhvalı Britaniyada da öz təsirini göstərirdi.

Bunu körükləyən hadisə 1915-ci ildə alman sualtı qayığının Amerika sərnişin gəmisi "Lusitania"-ı batırması oldu. Nəticədə 1200 insan həyatını itirdi. Britaniya adalarında yaşayan etnik almanlar üçün vəziyyət son dərəcə kəskinləşdi.

London, Liverpool, Manchester və Newcastle boyunca anti-alman qırğınları baş tutmağa başlamışdı.

Londonun East-End istiqamətində çörəkçi işləyən almanların dükanlarının vitrinləri acıqlı izdiham tərəfindən dağıdılır və un dolu kisələr atılırdı.

Vəziyyət elə bir yerə gəlib çatmışdı ki, şəhərin bu hissəsində çörək qıtlığı yaranmışdı.

Dağıdılmış vitrinlər küçəsi

Bradford və Nottingham-da vətəndaşlıq almış almanlar məktublar yazaraq ölkəyə və krala sədaqət andı içir, Britaniya ordusuna qalib gəlməyi arzulayır və yuxuda belə Almaniyanın dağıldığını gördüklərini deyirdilər.

Bununla belə, təhlükə altında olan təkcə almanlar deyildi.

Həmin vaxt Times qəzeti yazırdı: Poplar (Londonun şərqində yerləşən bir rayon) küçələrində izdiham alman piştaxtalarını dağıdarkən ziyan görənlər həm də, soyadı bir elə də ingiliscə səslənməyənlər olublar."

Önləyici hücum

Heç şübhəsiz ki, V George Times qəzetinin həmin nömrəsini oxusa idi, özünə gəlməzdi.

Amma, küləyin səmti artıq bəlli idi.

Hələ 1914-cü ildə Avstriya doğumlu şahzadə Ludwig Buttenberg, öz alman şəcərəsi səbəbi ilə Admirallığın İlk Lordu vəzifəsindən istefa etmək məcburiyyətində qalmışdı.

Artıq 1917-ci ildə "alman" əslli olduğuna görə bütün kral ailəsi təzyiqlə üzləşirdi.

Majesty jurnalının baş redaktoru Jo Little yazırdı: "Biz elə bir vəziyyətdəyik ki, əgər taksa (ingiliscə dachshund, danışıq dilində isə it - alman sosiskası) sahibi olsanız belə, alman hesab olunursunuz. Kralın gizli şəkildə Almaniyanı dəstəkləməsi ilə bağlı söz-söhbət artmaqdadır. Siyasətçilər onun üçün başqa çıxış yolu qoymadılar!"

Yüngül bir hərəkətlə Saxe-Coburg-Gotha dövrü sona yetir...

Belə alındı ki, 1917-ci il iyulun 16-dan 17-ə keçən gecə kral ailəsi Saxe-Coburg-Gotha kimi yatıb, Windsorlar kimi ayıldılar. Kral ailəsi üzvləri bütün alman titullarını itirib Britaniya lordlarına çevrildilər.

"Windsor" sülalə üçün seçilmiş mükəmməl ad idi.

Bu dahi fikir kralın şəxsi katibi lord Stamford-n ağlına gəlmişdi.

Bəs kraliçanın milliyyəti nədir?

1947-ci ildə hələ Wales şahzadəsi Elizabeth şahzadə Phillip ilə ailə qurdu. Phillip-n soyadı Mountbatten idi və Schleswug-Holstein-Sondrburg-Glückburg kral ailəsinə mənsub idi.

O zaman İkinci Dünya Müharibəsi yenicə bitmişdi və ailə qurduqdan sonra Phillip, bütün alman titullarından imtina etdi.

Winston Churchill-n məsləhəti ilə Elizabeth Mountbatten soyadını kral ailəsinə gətirmir və Windsor kimi qalır.

Görəsən Elizabeth-n "britaniyalı" olması barədə şübhələr hələ də mövcuddurmu?

Telegraph qəzetinin guşə yazarı Dominic Selwood bu suala belə cavab verir: "Kralıçasının ailəsi Britaniyada yüz illərdir ki yaşayıb. Onun ana dili ingilis dilidir və o, fransızca sərbəst danışır. Lakin, almanca bilmir. Kraliça, Londonun Mayfair rayonunda Bruton küçəsində doğulub. O, Piccadilly-də 145 nömrəli evdə, Richmond-da (Londonun qərbində yerləşən rayon) və Windsor qalasında böyüyüb. Kraliça, İkinci Dünya Müharibəsi zamanı yük maşını idarə edib. O, çox ciddi qadın və diplomatdır və tez-tez gülür. Kraliça, dəbilqəsiz at çapır və göyərçin yarışlarını sevir. Amma, hər şeydən öncə: bütün dünya bilir ki, o, necə it və atların vurğunudur. Bundan artıq "britaniyalı" olmaq mümkün deyil!"

Lakin, Milad hədiyyələrini kral ailəsi hələ də Miladdan bir gün öncə açır. Bu isə təmiz alman ənənəsidir!

.