Ukrayna Radasının deputatı parlamentdə fahişə ilə telefonda yazışdığı üçün "üzr" istəyib

Deputat Bohdan Yaremenko parlamentdə olduğu vaxt telefonunda fahişə olduğu güman edilən bir qadınla yazışarkən lentə alınıb.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Deputat Bohdan Yaremenko parlamentdə olduğu vaxt telefonunda fahişə olduğu güman edilən bir qadınla yazışarkən lentə alınıb.
    • Müəllif, Georgina Rannard & Dmytro Zotsenko
    • Vəzifə, BBC News

Ukraynalı bir millət vəkili parlament binasında telefonla fahişə olduğu güman edilən bir qadınla söhbət edərkən fotosu çəkildiyindən sonra üzr istəyib.

Evli və iki övladı olan deputat Bohdan Yaremenko Bukvy vebsaytında seks xidməti və qiyməti müzakirə edərkən bir jurnalist tərəfindən çəkilib.

Radanın Xarici Əlaqələr Komitəsinin rəhbəri olan siyasətçi daha sonra Tinder tanışlıq tətbiqində öz profillərini yerləşdirən istifadəçilərin səhifələrini nəzərdən keçirirkən də lentə alınıb.

Bohdan Yaremenko əvvəlcə Facebook-dakı hərəkətini müdafiə etməyə cəhd göstərərək bildirib ki, baş vermiş hadisəni "bilərəkdən qurub" ki, deputatları güdən jurnalistləri utandırsın.

Ukrayna jurnalistlərinin parlament iclasları zamanı siyasətçilərin şəxsi söhbətlərini ifşa etməsi nadir hal deyil.

Bohdan Yaremenko sonradan sosial media vasitəsiylə problem yaratdığı üçün, həyat yoldaşı və uşaqlarından tutmuş partiyası və prezidentdək hər kəsdən üzr istədiyini bildirib.

Ölkənin sosial media istifadəçiləri prezident Volodimir Zelenski ilə yaxın olan və prezidentin son mübahisəli qərarlarını dəstəkləyən deputatı lağa qoyublar.

Andriy Kokotyuxa adlı istifadəçi isə bir çox ukraynalıların təslim olmaq kimi qiymətləndirdiyi Ukrayna hökümətinin Rusiya ilə sülh bağlamaq təşəbbüsünə toxunaraq yazıb ki, "bu kimi yazışmanın Ukraynanın milli maraqları üçün təhlükəsi Yaremenkonun Rusiya ilə əlaqə qurmaq təşəbbüsündən qat-qat azdır".

Jurnalist Viktor Trehubov, Ukraynada məmurların və dövlət sektoru işçilərinin iş yerlərində qanuna əsasən Ukrayna dilindən istifadə etməli olduqları halda, Yaremenkonun rus dilində yazışmasına diqqəti çəkib.

"İşdə ola-ola, dövlət dilindən niyə istifadə etməyib?" - Trehubov soruşub.

"Burada nəsə böyük bir qüsufr görmürəm, amma millət vəkilinin fahişəliyin leqallaşdırılması ilə bağlı fikirlərini eşitmək istərdim, - populyar bloqer Serg Marko Facebook-da yazıb. - Düşünürəm ki, Yaremenkodan seks işçilərinin leqallaşdırılması, seks işçilərinin vergi ödəmələri və sosial təminatlarış barədə nə düşündüyünü soruşmaq üçün ən əlverişli vaxtdır".

"Əminəm ki, bu ikiüzlü adamlar haqqında çox maraqlı şeylər öyrənəcəyik", - daha bir populyar bloqer Aleks Noinets Facebook-da yazıb.