Şotlandiya məhkəməsi: yeni Brexit razılaşması "qanunsuz deyil"

Şəklin mənbəyi, News via Getty Images
Britaniyanın Baş naziri Boris Johnson-un yeni Brexit razılaşması "qanunsuz deyil", Şotlandiya məhkəməsi qərar verib.
Anti-Brexit kampaniyaçıları inanırlar ki, razılaşma Şimali İrlandiyanın ayrıca gömrük ərazisinin bir hissəsi olmasını məhdudlaşdıran qanunvericiliyə uyğun deyil.
Onlar bu razılaşmanın qanunsuz olub-olmadığını araşdırmaq üçün məhkəməyə üz tutmuşdular.
Cümə günü səhər hüquqi dəlilləri dinləyən hakim Lord Pentland Edinburg Məhkəməsinə bildirib ki, qərarını axşam verəcəyini demişdi.
Britaniya hökuməti bundan əvvəl bildirib ki, bu məhkəmə Parlament qarşısında olan məsələni dayandırmamalıdır.
Deputatlar şənbə günü bu razılaşmanı İcmalar Palatasının xüsusi iclasında müzakirə etməlidir.
Cümə günü axşamı razılaşmanı həmçinin Nazirlər Kabineti də müzakirə edəcək.
Cümə günü Baş nazir deputatları razılaşmanın lehinə səs verməyə inandırmağa çalışıb.
Razılaşmanın qəbul edilməsi üçün ona 320 deputatın səsi lazımdır.
BBC-nin araşdırmasına görə, 302 deputat razılaşmanın lehinə, 301 nəfər isə əleyhinə səs verəcək. Lakin yerdə qalan 36 millət vəkilinin qərarı məlum deyil.
Cümə axşamı günü Britaniya və Avropa İttifaqının danışıqlar qrupu razılaşma əldə ediblər, bu barədə Baş nazir Twitterdə bildirib.
Yeni razılaşmada təklif olunan əsas maddələr
- İngiltərə 2020-ci ilin sonunadək və bəlkə də daha uzun müddətdə Aİ-nın qaydalarına riayət etməyə davam edəcək. Bu, sahibkarlığın tənzimlənməsinə görə ediləcək.
- Böyük Britaniya hələ də təqribən 39 milyard funt sterlinqlik "boşanma pulu" ödəyəcək
- İngiltərədə yaşayan Aİ vətəndaşlarının və Aİ-da yaşayan Böyük Britaniya vətəndaşlarının hüquqları təmin ediləcək
- Şimali İrlandiya Aİ-nın vahid bazarına uyğunlaşdırılacaq
- Tənqidçilərin İngiltərəni Aİ ilə gömrük ittifaqında qeyri-müəyyən müddətə saxlaya biləcəyindən ehtiyat etdiyi mübahisəli "backstop" yığışdırılıb
- Şimali İrlandiya İngiltərənin gömrük ərazisinin bir hissəsi olaraq qalacaq, buna görə də Brexit-dən sonra hökumətin gələcək ticarət sövdələşmələrinə daxil ediləcək.
- Lakin Şimali İrlandiya Aİ-nın gömrük zonasına giriş nöqtəsi kimi qalacaq. Böyük Britaniya Şimali İrlandiyaya daxil olan və sərhəddən çıxarılmayacaq məhsullara tariflər tətbiq etməyəcək.
- Birgə Aİ / İngiltərə komitəsi hansı malların vahid bazara girmə riski altında olacağına qərar verəcək və İngiltərə Aİ adından Aİ-nın tariflərini toplayacaq.
- 2017-ci ilin yanvar ayından etibarən dayandırılmış Şimali İrlandiya Məclisi hər dörd ildən bir yeni ticarət tənzimləmələrinə davam edib-etməyəcəyinə dair səsvermə keçirəcək.
- Qərar həm ittifaqçıların, həm də millətçilərin əksəriyyətinin bu qaydaları dəstəkləmələrini tələb etmək əvəzinə, sadəcə çoxluğa əsaslanacaq.










