Britaniyada Brexit səsverməsi: Nələr ola bilər?

Şəklin mənbəyi, AFP/GETTY IMAGES
Theresa May-in Brexit müqaviləsi Britaniya parlamentində çərşənbə axşamı səsverməyə çıxarılmalıdır.
Səsvermə hələ 5 həftə əvvəl keçirilməliydi, lakin o ərəfədə hökumət məğlub olacağından ehtiyat edərək səsverməni yeni ildən sonrayadək təxirə saldı.
Bu arada hökumət belə bir təklif səsləndirdi ki, Brexit-dən sonra sərhəd "backstop"-u işə düşərsə, Şimali İrlandiya parlamenti Stormont belə olan halda bu məsələyə dair öz sözünü deyə bilsin.
Lakin Şimali İrlandiyanı Britaniya parlamentində təmsil edən DUP (Demokratik İttifaq Partiyası) həmin təklifi mənasız sayaraq rədd edib. Odur ki, Theresa May-in parlamentdən öz müqaviləsini keçirmək üçün kifayət qədər dəstəyə malik olmadığı ortaya çıxır.
Brexit müqaviləsi rədd edilsə, vəziyyət necə olacaq?
Yanvarın 9-da parlamentin qəbul etdiyi qərara əsasən, parlament Brexit müqaviləsiin əleyhinə səs versə, hökümət 3 parlament iş günü ərzində alternativ Brexit planı təqdim etməlidir.
Dekabrın 4-də parlamentdə qəbul olunmuş qərara görə, alternativ planın hazırlanmasında parlament daha fəal rol oynamalıdır - lakin bu qərar hələ hökümət tərəfindən təsdiqlənməlidir.
Avropa Ədalət Məhkəməsinin çıxardığı qərara görə, Britaniya Aİ əsasnaməsinin 50-ci maddəsindən istifadə edərək Brexit-i dayandıra bilər. Çox güman ki, belə bir addım yalnız Britaniyada yeni referendum keçiriləndən və ya hökümət dəyişəndən sonra baş verə bilər.
Daha bir variant ondan ibarət ola bilər ki, Theresa May-in müqaviləsi parlamentdə səsvermədən keçməzsə, o, öz planını yenidən və hətta təkrar-təkrar səsverməyə qoymağa cəhdlər edə bilər. Lakin parlament öz mövqeyini dəyişməsə, başqa hansı variantlar qalır?
1. Müqaviləsiz Brexit
Heç nə baş verməsə, Brexit müqaviləsiz qüvvəyə minəcək. Mövcud qanuna görə, Britaniya 2019-cu il martın 29-da Aİ-ni tərk etməlidir.
Müqaviləsiz Brexit-i istəməyən parlament yanvarın 8-də qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin müəyyən vergiləri yığmaq imkanlarını məhdudlaşdırıb. Bu qərar deputatların müqaviləsiz Brexit-in qarşısını almaq əzminin nümayişi kimi qiymətləndirilir.
Parlamentin hökümətə qarşı ən sərt qərarı isə etimadsızlığın bildirilməsi ola bilər.
2. Yenidən danışıqlar
Parlament müqavilənin əleyhinə səs verərsə, hökumət yeni Brexit müqaviləsinə dair danışıqlara başlamağı təklif edə bilər.
Söhbət tamamilə yeni danışıqlardan gedə bilər, bu isə əlavə vaxt və Brexit-in yubadılması məqsədilə 50-ci maddənin qüvvəsinin uzadılmasını tələb edə bilər.
Bunun üçün birincisi, Britaniya Aİ-yə müraciət etməlidir və 50-ci maddənin qüvvəsinin uzadılmasına Aİ ölkələrinin hamısı səsvermə yolu ilə razılıq verməlidirlər.
İkincisi, hökümət Aİ-dən Çıxış Qanunverici Aktında "çıxış günü" tərifini dəyişmək üçün müvafiq qanun layihəsini hazırlamalıdır və parlamentin buna səs verməsi lazım olacaq.
Aİ yenidən danışıqlara başlamağa razılıq verməsə, Britaniya hökuməti digər variantları nəzərdən keçirməli olacaq.
3. Ümumi seçkilərin elan edilməsi
Theresa May dalan vəziyyətindən çıxışı erkən ümumi seçkilərin elan edilməsində də görə bilər, çünki bu yolla o, öz müqaviləsinə seçicilərdən dəstək almış olar.
Erkən seçkiləri elan etmək üçün Baş nazir parlamentdə deputatların üçdə ikisinin dəstəyini qazanmalıdır.
Bununla paralel olaraq, Aİ-dən 50-ci maddənin uzadılması da xahiş edilə bilər.
Ümumi seçkilər isə başqa səbəblərə görə də keçirilə bilər.
4. Etimad səsverməsi
Leyboristlər xəbərdarlıq ediblər ki, Theresa May-in təklif etdiyi Brexit müqaviləsi parlamentdə kifayət sayda səs toplamasa, onlar hökümətə etimad səsverməsinin keçirilməsinə çağırış edəcəklər.
Theresa May mövqeyini bərkitmək üçün etimad səsverməsinin keçirilməsini hətta özü də təklif edə bilər.
Hökumət etimad səsverməsində uduzsa, bundan sonrakı vəziyyətin bir neçə variantı ola bilər.
14 gün ərzində hazırkı hökumət və ya onun hər hansı alternativi parlamentdə etimad qazana bilməsə, bu halda erkən ümumi seçkilər keçirilməlidir.
Lakin qeyd olunmuş 14 günlük müddətdə hökumət ola bilsin ki, müəyyən güzəştlər sayəsində parlamentdə etimad qazana bilsə, o zaman fəaliyyətini davam etdirəcək.
Sonuncu imkan hökumətin dəyişməsidir. Misal üçün, Baş nazir dəyişə, koalisiya hökuməti formalaşdırıla və parlamentdə etimad qazanan digər partiya hökumət qura bilər.
Fərqli hökumətinsə Brexit siyasəti də fərqli ola bilər.
5. Daha bir referendum
Hökumət daha bir referendum keçirmək variantını da seçə bilər.
Bunun üçün yenə də 50-ci maddənin qüvvəsinin uzadılması tələb olunacaq.
Lakin artıq martın 29-dək referendum keçirməyə vaxt qalmayıb.
Referendum avtomatik olaraq keçirilə bilməz.
Qanunvericiliyə görə, bunun üçün müvafiq qərarlar qəbul edilməli, referendumun keçirilməsi qaydaları müəyyən edilməlidir.
Bu zaman tələskənliyə yol vermək olmaz, çünki Seçki Komissiyası referenduma çıxarılan sualı təhlil edib öz rəyini söyləməlidir.
Referendumun sualı sonradan qanunvericilik aktında öz əksini tapmalıdır.
Qanun qəbul olunandan dərhal sonra da referendum keçirilə bilməz, çünki səsverməyə qədər müəyyən "referendum dövrü" nəzərdə tutulmalıdır.
Hüquqşünas ekspertlərə görə, bütün bu məqamları nəzərə almaqla referendumun keçirilməsi gününədək hazırlıq müddəti təxminən 22 həftə çəkə bilər.
Bu müddət hətta bir qədər qısadılsa da, mümkün referendumun keçirilməsi tarixi mart ayından sonrakı dövrə təsadüf edəcək.
6. Digər fəsadlar
Dekabr ayında Mühafizəkarlar partiyasından olan deputatların qurduğu etimad səsverməsini qazanandan sonra partiya nizamnaməsinə görə, Theresa May-ə növbəti 12 ay ərzində yenidən belə bir etimad səsverməsi keçirilə bilməz.
Lakin Theresa May öz müqaviləsini parlamentdən keçirə bilmədiyi və öz siyasi kursunu dəyişmək istəmədiyi halda, istənilən anda istefa verə bilər.
Belə olarsa, bu zaman Mühafizəkarlar partiyasında yeni lider seçilməli və nəticədə, yeni Baş nazir təyin olunmalıdır.
Theresa May-i istefaya çıxmağa parlament də məcbur edə bilər: muvafiq qərar qəbul etməlk yolu ilə.
Belə bir qərar etimad səsverməsini xatırladacaq. Lakin bu qərarın avtomatik olaraq dərhal nəticə verməsi nəzərdə tutulmayıb. Bu halda yenə də Baş nazir və ya hətta hökumət dəyişə bilər.
Hökumətə kimin başçılıq etməsindən asılı olmayaraq, həmin şəxs Brexit-lə bağlı yuxarıda sadalanan əsas problemləri həll etməli olacaq.








