Britaniyada Brexit-lə bağlı son durum: Çaş-baş qalmışam... nə baş verir?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Rob Watson
- Vəzifə, BBC
Çərşənbə axşamı Britaniya parlamentində Baş nazir Theresa May-in Brexit planı səsverməyə çıxarılacaq.
Səsvermə dekabrın 11-də keçirilməli idi, lakin son anda təxirə salındı, Britaniya isə Avropa İttifaqını martın 29-da tərk etməlidir.
Bu səsvermə Theresa May-ə Brexit məsələsində müxaliflərin sayını və onun B planının olub-olmamasını üzə çıxaracaq.
Lakin bunu tam əminliklə demək olmaz, çünki çərşənbə axşamı səsverməni uduzacağı halda onun, texniki olaraq, hələ gələn bazar ertəsinədək müəyyən addımlar atmaq imkanları qalacaq. Misal üçün o, müqaviləni parlamentdən bir daha keçirməyə cəhd edə bilər, başqa müqavilə təklif edə bilər, ikinci referendum və ya Brexit-in yubadılması variantları da var.
Səsverməyə çıxarılan nədir?
Theresa May-in Brexit müqaviləsi iki hissədən ibarətdir: Britaniyın Aİ-ni tərk etməsinə dair qanun qüvvəsinə malik saziş və Brexitdən sonra münasibətlərin qurulmasına ümid ifadə edən Siyasi Deklarasiya.
Theresa May-in Mühafizəkarlar partiyasında bir çox Brexit tərəfdarları hesab edirlər ki, Aİ-ni tərk etmək barədə saziş Britaniyanı Avropa İttifaqından kifayət qədər uzaq etmir.
Nə baş verəcəyi ehtimal edilir?
BBC Theresa May hökümətinin məğlub olacağını, özü də ki, bu məğlubiyyətin son 100 ildə baş verən hökümət məğlubiyyətlərinin ən acısı olacağını proqnozlaşdırır.
Uduzacağı təqdirdə Theresa May-in B planı varmı?
Hətta onun ən yaxın müttəfiqləri belə bunu bilmirlər.
Onun bir neçə seçimi ola bilər: Brexit müqaviləsini parlament üçün daha cazibəli etmək məqsədilə Aİ ilə yenidən danışıqlar aparmaq, alternativ müqavilə ətrafında parlament üzvlərini birləşdirmək, parlamenti müqaviləsiz Brexit-lə və ya daha bir referendumla hədələmək, ya da ki, Brüsseldən Brexit prosesini yubatmağı xahiş etmək.
Əsas müxalifət partiyasında nə baş verir?
Brexit, Mühafizəkarlar partiyası ilə yanaşı əsas müxalifət partiyası olan Leyboristləri də parçalayıb.
Partiyanın solçu lideri və ömür boyu "avroskeptik" olmuş Jeremy Corbyn indi Brexit tərəfdarları düşərgəsində yer alsa da, partiyanın əksər üzvü Brexit-i dayandırmaq üçün ikinci referendumun keçirilməsini istəyirlər.
Leyborist deputatlar çərşənbə axşamı Theresa May-in müqaviləsinin əleyhinə səs vermək niyyətindədirlər, lakin martın 29-na qədər keçiriləcək gələcək parlament səsvermələrində onların nə edəcəyini indidən demək mümkün deyil.
Brexit nə ilə bitəcək?
Bunu heç kim bilmir.
Referendumdan 2,5 ildən çox vaxt keçsə də, deputatlar referendumun nəticələrilə nə etmək məsələsində razılığa hələlik gələ bilmirlər.
Məhz buna görədir ki, Britaniya hazırda 1945-ci ildən bəri ən dərin siyasi böhranını yaşayır.
Bu da nəzərə alınmalıdır ki, heç nə baş verməsə, Britaniya Aİ-ni müqaviləsiz tərk etməlidir.







