Britaniya Ali Məhkəməsi: Boris Johnsonun qərarı yanlışdır

Britaniyanın Ali Məhkəməsi Baş nazir Boris Johnson-un parlamenti müvəqqəti buraxma qərarını qanunsuz adlandırıb.
Cənab Johnson bu ayın əvvəlində parlamenti 5 həftə müddətinə müvəqqəti olaraq buraxmağa qərar verib. Lakin Ali Məhkəmə Brexit-in son möhlət tarixi - 31 oktyabrdan əvvəl millət vəkillərinin vəzifələrini yerinə yetirməsinin qarşısını almağın qeyri-qanuni olduğu qərarına qəlib.
Ali Məhkəmənin prezidenti, Xanım Hale deyib ki, bunun "demokratiyanın fundamental [xüsusiyyətlərinə] təsiri həddindən artıq böyükdür".
Baş nazir Boris Johnson, "hökmə hörmət" edəcəyini və parlamentin bir daha açılacağını bildirib.
Müxalif leyboristlər partiyasının lideri Jeremy Corbyn və liberal demokrat partiyasının lideri Jo Swinson Baş nazir Boris Johnson-u istefa verməyə çağırıblar.
Brexit kimi tanınan hadisə - Britaniyanın Avropa İttifaqından ayrılması oktyabrın 31-də baş tutmalıdır.
Cənab Johnson parlmanetin müvəqqəti buraxılışına dair qərarını, hökumətinin yeni siyasətini təqdim etməyə vaxt almaqla əsaslandırıb.
Hökmün bəyan edilməsindən sonra ilk çıxışında, o deyib: "Təbii ki, biz bu hökmə hörmət edəcəyik. Biz hüquqi prosesə hörmət edəcəyik."
"Mən qərarın doğru olduğuna inanmıram, lakin biz davam edəcəyik və əlbəttə ki, parlament qayıdacaq."
O, əlavə edib: "Vacib odur ki, biz işimizə davam edib oktyabrın 31-i Brexit-ə nail olaq."
Lakin onun tənqidçiləri, cənab Johnson-un bu qərarı millət vəkillərinin onun Brexit planlarına mane olmasının qarşısını almaq niyyətilə verdiyini iddia edirlər.

Müxalif partiyaların liderlərilə yanaşı bir çox millət vəkili artıq onu istefa verməyə çağırıb.
Leyborist partiyasının lideri Jeremy Corbyn məhkəmənin qərarının cənab Johnson-un "demokratiyaya nifrətini" göstərdiyini deyərək əlavə edib ki, "mən Boris Johnsonu...vəzifəsini nəzərdən keçirməyə dəvət edirəm".
Məhkəmənin qərarını təqdim edərək, Ali məhkəmənin prezidenti, xanım Hale, deyib: "Əlahəzrətə parlamenti müvəqqəti olaraq buraxmağa tövsiyə vermək qeyri-qanuni olub, çünki bu qərar məqbul səbəbi olmadan parlamentin konstitusiyada nəzərdə tutulmuş fəaliyyətlərinin yerinə yetirilməsinin qarşısını alıb."
Xanım Hale bəyan edib ki, Ali Məhkəmənin 11 hakimini yekdil qərarının nəticəsi parlamentin buraxılmamasıdır.
İcmalar Palatasının sədri və spiker John Bercow parlamentin çərşənbə günü yerli vaxtla səhər saat 11:30-da açılacağını bildirib.







