Şimali Koreya lideri müqəddəs dağa atın belində qalxıb

Şəklin mənbəyi, AFP
Şimali Koreya lideri Kim Jong-un ölkənin ən yüksək dağına atın belində çıxıb, dövlət mediası xəbər verib.
Ölkənin KCNA agentliyi tərəfindən yayılmış fotolarda Kim Jong-un ağ at belində qar örtüyü altında olan Paektu dağına qalxdığı təsvir olunub.
O, ilk dəfə deyil ki, 2750 metr hündürlüyü olan zirvəyə qalxır və təhlilçilər qeyd edir ki, belə addımlar adətən mühüm bəyanatların verilməsi ərəfəsində atılır.
Kim Jong-un-un atasının doğulduğu yer kimi təsvir olunan bu dağa ölkədə xüsusi önəm verilir.
"Onun Paektu dağına atlı yürüşü Koreya inqilabı tarixində böyük əhəmiyyət kəsb edən bir hadisədir", - KCNA agentliyinin çərşənbə günü yayımlanan hesabatında qeyd olunub.
"Paektu dağının zirvəsində atın belində o, Paektu kimi möhkəm iradə ilə ən güclü ölkəni qurmaq üçün keçdiyi gərgin mübarizə yolunu dərin duyğularla xatırladı".
2017-ci ildə o, Cənubi Koreya ilə münasibətlərin yaxşılaşmasından bir neçə həftə əvvəl də bu dağa baş çəkmişdi.

Şəklin mənbəyi, Reuters

Şəklin mənbəyi, AFP

Diqqəti cəlb etməyə hesablanan oyun?
İlk əvvəl bu fotolara diqqət yetirək.
Güclü rəhbər obrazının yaradılması üçün Koreya yarımadasının ən müqəddəs sayılan yerlərindən birində, qışın ilk qarında onun ağ at belində görünməsindən daha çox yerinə düşən nəsə ola bilməz.
Bu, bəlkə də "Paektu nəslinin" - Kim sülaləsinin - gücünü və nüfuzunu bir daha nümayiş etdirmək cəhdi ola bilər.
Lakin dövlət mediasında gözə dəyən bir necə iqtibas düşündürücü görünür.
Sonuncu sətir xüsusiylə diqəti çəkəndir.
Bizə deyildiyinə görə, rəsmilər və Kim Jong-un əmindirlər ki, "dünyanı heyrətə gətirən böyük bir əməliyyat keçiriləcək".
Kim Jong-un Paektu dağına əvvəllər mühüm qərarlar ərəfəsində baş çəkib.
Güman edildiyinə görə, bu dəfə Kim uzaqmənzilli raketlər və nüvə silahı sınağını keçirməmək barədə vədini yenidən nəzərdən keçirə bilər.
ABŞ-la danışıqlar hazırda dalana dirənib və Donald Trump digər daxili və xarici məsələlərlə bir az məşğuldur.
Bəlkə də Şimali Koreya lideri təmiz dağ havasında Trump administrasiyasının diqqətini cəlb etmək yolları barədə düşünür.
Pxenyan denuklearizasiya sövdələşməsinin əldə edilməsi üçün ABŞ-a bu ilin sonuna kimi vaxt verib.
Kim nüvə proqramını bağlamaqdan əvvəl dəfələrlə sanksiyaları qismən də olsa ləğv etməyə çağırışlar edib, lakin hələlik Washington-u buna inandıra bilməyib.
Ola bilsin ki, o, bir neçə raket buraxılışı ilə təzyiqi artırmaq barədə düşünür.
Mənə elə gəlir ki, yaxın aylarda bu məsələ aydınlaşacaq.

Kim Jong-un Paektu dağına azı üç dəfə qalxıb və 2018-ci ildə orada Cənubi Koreya prezidenti Moon Jae-in ilə birgə olub.
KCNA agentliyinin bundan əvvəl yaydığı fotolarda Kim Jong-un zirvədə qara rəngli dəri ayaqqabıda çəkilib.

Şəklin mənbəyi, Reuters
Paektu dağı fəaliyyətdə olan vulkandır, deyildiyinə görə, ilk Koreya krallığı 4000 il əvvəl məhz burada yaranıb.
Bu dağ Pxenyandan yüzlərlə kilometr aralı, Şimali Koreya ilə Çin arasındakı sərhəddə yerləşir.
Bu ayın əvvəlində ABŞ və Şimali Koreya rəsmiləri arasında İsveçdə danışıqlar keçirilib.
Şimali Koreyanın nüvə məsələləri üzrə danışıqlarda aparıcı təmsilçisi Kim Myong-gil deyib ki, həmin danışıqlar Şimali Koreyanın "ümidlərini doğrultmayıb və nəticə verməyib".
Lakin ABŞ "yaxşı müzakirələrin aparıldığını" bildirirb.
Danışıqlardan əvvəl Şimali Koreya bu il sayca 11-ci olan raket sınağını keçirib.





