Erdoğan: "Əsla atəşkəs elan etməyəcəyik"

Recep Tayyip Erdoğan

Şəklin mənbəyi, Mikhail Svetlov/Getty Images

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə "Trump atəşkəs elan edin dedi, əsla atəşkəs elan etməyəcəyik" deyib.

Türkiyənin NTV kanalında açıqlamaları yer alan Prezident Erdoğan "sanksiyalar barədə narahatlıq keçirmədiklərini" söyləyib.

Erdoğan əməliyyatın hədəfinin "terrorçuların 32 km-lik ərazinin xaricinə çıxması" olduğunu vurğulayıb.

Türkiyə Prezidenti Menbic və Kobani məsələsində isə "Rusiya və ABŞ ilə danışıqlar davam edir" deyib.

Erdoğan Suriya ordusunun qüvvələrinin Menbicə daxil olması barədə "Rejimin daxil olması pis deyil, amma terror qruplaşması qalmamalıdır" söyləyib.

O, ABŞ vitse-prezidenti Mike Pence-in ziyarətini "Trump-ın təkidi ilə qəbul etdiyini" qeyd edib.

Rəsmi Kreml çərşənbə axşamı günü Vladimir Putinin Recep Tayyip Erdoğanı qarşıdakı günlərdə Moskvaya dəvət etdiyini açıqlayıb.

Açıqlamada Türkiyə Prezidentinin dəvəti qəbul etdiyi bildirilib.

ABŞ Prezidenti Donald Trump ABŞ-ın vitse-prezidenti Mike Pence və Xarici İşlər naziri Mike Pompeonun çərşənbə günü Türkiyəyə gedəcəyini açıqlayıb.

Ağ Evdə verdiyi açıqlamada Trump Türkiyəyə qarşı çox güclü sanksiyaların tətbiq edildiyini və səfərin "atəşkəs" məqsədi daşıdığını söyləyib.

Lindsey Graham

Şəklin mənbəyi, AFP

ABŞ-ın Türkiyəyə qarşı gözlənilən sanksiyalarında nələr nəzərdə tutulur?

ABŞ-ın Respublikaçı senatoru Lindsey Graham Türkiyəyə Suriyanın şimal-şərqinə hədəflənmiş hərbi hərəkatına görə sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qərar layihəsini cümə axşamı günü təqdim edəcəyini açıqlayıb.

Graham-ın Demokratların senatoru Chris Van Hollen ilə birgə hazırladığı layihədə Türkiyəyə qarşı bir sıra hərbi və maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur. Bu sanksiyaların aşağıdakı kimi olması nəzərdə tutulur:

  • Türkiyə Prezidenti Recep Tayyip Erdoğan, Prezident köməkçisi Fuat Oktay, Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mevlüt Çavuşoğlu, Xəzinə və Maliyyə naziri Berat Albayrak, Ticarət naziri Ruhsar Pekcan və Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönmez-in ABŞ-dakı sərvətinə sanksiya tətbiqi
  • Türk ordusuna maddi, məhsul və texniki dəstək satan, ya da təmin edən və ya təyyarə, təyyarə hissəsi, silah və s kimi məhsullarla bağlı bilərək əməliyyat edən xaricilərə sanksiyaların tətbiq edilməsi
  • Türk Silahlı Qüvvələrinin istifadəsi üçün ölkə daxilində inkişaf etdirilən neft və təbii qaz istehsalına dair məhsul, xidmət, texnologiya və ya məlumat təmin edən, ya da bu istehsalı dəstəkləyən xaricilərə qarşı sanksiyaların tətbiq edilməsi
  • ABŞ-ın Türk Silahlı Qüvvələrinə müdafiə məhsulları, xidməti və texnologiyası ilə sursat satışı və təchizatının qadağan edilməsi
  • Türkiyəyə Rusiyadan S-400 raket müdafiə sistemi alındığına görə ABŞ-ın "Düşmənlərlə sanksiyalara qarşı mübarizə haqqında qanun"-u çərçivəsində sanksiya tətbiqi
  • ABŞ-a səyahət edən türk liderlərə viza məhdudiyyətlərinin tətbiqi
  • Erdoğanın dəqiq sərvəti ilə bağlı hesabat hazırlanması