Türkiyənin Suriyada əməliyyatı: İŞİD üzvlərinin ailələri düşərgələrdən qaçır

Şəklin mənbəyi, AFP
İŞİD qruplaşması üzvlərinin ailələri Türkiyənin kürd qüvvələrinə qarşı əməliyyatı zamanı Suriyanın şimalındakı düşərgədən qaçıblar.
Suriyadakı vəziyyəti izləyən Suriya İnsan Haqları Müşahidəsi (SOHR) adlı qrup İŞİD döyüşçülərinin arvadları və uşaqları da daxil olmaqla 100-ə yaxın insanın Suriyanın şimalındakı düşərgələrdən qaçdıqlarını bildirib.
Kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) bundan əvvəl xəbərdarlıq edib ki, minlərlə İŞİD məhbusunu nəzarət altında saxlamaq artıq onlar üçün prioritet olmayacaq.
SDQ-in nəzarəti altında olan ərazilərdə Türkiyənin hərbi əməliyyatı artıq beşinci gündür davam edir.
BMT-nin bildirdiyinə görə 130 minə yaxın insan evlərini tərk edib və bu rəqəm arta bilər.
Sərhədin hər iki tərəfində 50-dən çox mülki şəxsin öldüyü bildirilir.
Türkiyə kürdləri terrorçuluqda günahlandırır və onları Suriyada dərinliyi təxminən 30 km təşkil edən "təhlükəsiz zonadan" çıxarmaq istəyir.
Eləcə də Türkiyə hazırda ərazisində olan üç milyondan çox suriyalı qaçqını həmin zonaya köçürmək istəyir.
Bu arada SOHR monitorinq qrupu şənbə günü Suriyanın şimalında bir kürd qadın siyasətçisi və qadın hüquqları müdafiəçisi daxil olmaqla 9 mülki vətəndaşın öldürüldüyünü bildirib.
Suriya Gələcək Partiyasının bildirdiyinə görə, təşkilatın baş katibi Hervin Xələf sürücüsü və köməkçisiylə birgə Hasəkə şəhərində keçirilmiş mitinqdən qayıdarkən yolda pusquya düşüb və güllələnib.
SDQ bəyan edib ki, Xələfi Türkiyə tərəfindən dəstəklənən üsyançılar öldürüb. SOHR müxtəlif vaxtlarda yol boyu doqquz nəfərin "səyyar şəraitdə" edam olunduğunu bildirib.
Reutres-in bildirdiyinə görə, Türkiyə tərəfindən dəstəklənən Suriya Milli Ordusu adlı üsyançı qrupun sözçüsü isə onların belə dərinə irəliləmədiklərini bəyan edib.







