Səudiyyə Ərəbistanına turist vizası ilə getmək mümkün olacaq

Səudiyyə Ərəbistan Kasr al-Farid Madain Saleh

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Madain Salehdəki Əl-Fərid qəsri Uneskonun Dünya Mədəniyyəti İrsinə daxildir.

Səudiyyə Ərəbistanı iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün öz qapılarını ilk dəfə beynəlxalq turistlərin üzünə açacaq.

Cümə günü krallıq 49 ölkəyə viza rejiminin tətbiqinə başlayır və qadın turistlərə qapalı geyim şərtini yüngülləşdirir.

Turizm naziri Ahmad al-Khateb bu hadisəni ölkəsi üçün "tarixi məqam" kimi dəyərləndirib.

Vizanl indiyədək yalnız zəvvarlar, biznes adamları və köçəri işçilər ala bilirdi.

Səudiyyə Ərəbistanı indi turizmdə xarici investisiya qoyuluşuna da ümidlidir. Bu ölkə 2030-cu ilədək daxili turizmin ÜDM-dəki faizinin 3-dən 10 faizədək artmasını istəyir.

"Ziyarətçilər bizim paylaşacağımız xəzinələr - 5 Dünya Mədəniyyəti İrsinə daxil edilmiş yerli mədəniyyət və nəfəs kəsən təbii gözəllik qarşısında təəccüblənəcəklər", -cənab al-Khateeb deyib.

Qadın əcnəbi turistlərə Səudiyyəli qadınların ictimai yerlərdə geyməyə məcbur olduqları və bədəni tam şəkildə örtən abaya adlanan geyimdən istifadə məcburiyyəti götürülür. Lakin onlardan təvazökar və ya mühafizəkar geyimlər geymək tələb olunacaq.

Ölkəyə ziyarətə gəlmiş qadınları kiminsə müşaiyət etməli olduğu qərarı da aradan qaldırılır.

"Bizim mədəniyyətimiz var. Biz inanırıq ki, dostlarımız və qonaqlarımız bizim mədəniyyətimizə hörmətlə yanaşacaq", cənab al-Khateeb deyib.

Müsəlman olmayanlar yenə də müqəddəs hesab olunan Məkkə və Mədinəni ziyarət etməyə buraxılmayacaqlar, həmçinin alkoqollu içkilərə qoyulmuş qadağa qüvvəsində qalacaq.

Bu məsələ ilə bağlı detallar, Səudiyyə Ərəbistanını hansı ölkələrin vətəndaşları ziyarət edə biləcəkləri isə cümə gününün sonlarında məlum olacaq.

Cənab al-Khateeb Səudiyyə Ərəbistanının neft sənayesinə edilmiş hücumun bu ölkəyə turist axınının qarşısını alacağına inanmadığını da qeyd edib.

"Bizim şəhərlərimiz dünyanın ən təhlükəsiz şəhərləri sırasındadır. Biz hücumun planlarımıza təsir edəcəyinə inanmırıq. Bizim Səudiyyə Ərəbistanında yaşamaqdan həzz alan xarici işçilərimiz var. Biz təhlükəsizlikdəyik", - turizm naziri əlavə edib.

Turizmə ümidlər

Bu addım vəliəhd şahzadə Məhəmməd ibn Salmanın neftdən asılılıqdan qurtulmağı hədəfləyən geniş iqtisadi islahatları çərçivəsində atılıb.

Plana əsasən, Səudiyyə Ərəbistanı 2030-cu ilə qədər beynəlxalq və daxili ziyarətləri il ərzində 100 milyona çatdırmaq istəyir. Hökumət turizmin inkişafı ilə bağlı olaraq bir milyon iş yerinin açılmasını proqnozlaşdırır.

Ötən il jurnalist Camal Kaşıkçının (Jamal Khashoggi) öldürülməsi və bu yaxınlarda qadın hüquqları fəallarına qarşı edilən təzyiqlə bu ölkənin beynəlxalq imici zərər görüb və hələ də ölkədə insan hüquqları ilə bağlı mövcud vəziyyət tənqid olunur.

2017-ci ildə Səudiyyə Ərəbistanı Qırmızı dənizdəki 50 ada və digər əraziləri lüks kurortlara çevirəcək geniş bir turizm inkişafı layihəsini elan edib.

Ötən il Ər-Riyad yaxınlığındakı Qiddiya "əyləncə şəhəri" üzərində yüksək səviyyəli əyləncə parkları, motorlu idman obyektləri və safari sahəsi də daxil olmaqla tikinti işləri başlayıb.