Husi silahlı qruplaşması Birləşmiş Ərəb Əmirliklərini hücumla hədələyib

Şəklin mənbəyi, AFP
Səudiyyə Ərəbistanındakı neft obyektlərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürən Husi qruplaşması Birləşmiş Ərəb Əmirliklərini hədəfləyən açıqlama yayıb.
Qruplaşmanın sözçüsü Yahya Sarya deyib ki, "BƏƏ daxilində hədəf kimi bir çox nöqtə təyin ediblər".
Yəmən müharibəsində tərəflərdən biri olan Husi qruplaşmasını İran dəstəkləyib.
"Əmirliklər rejimi, sizə deyirik ki, bir əməliyyatımız belə sizə baha başa gələcək. Təəssüflənəcəksiniz. Bəli, komandirimiz yaxın günlərdə və ya həftələrdə silahlı qüvvələrimizə əmr verərsə, peşman olacaqsınız. Bu gün ilk dəfə açıqlayırıq. Bəziləri Abu-Dabidədir və istənilən vaxt hücum edilə bilər", qruplaşmanın sözçüsü belə deyib.
Husi qruplaşması Səudiyyə Ərəbistanının iki ən böyük neft obyektinə edilmiş hücuma görə məsuliyyəti şənbə günü öz üzərinə götürüb.
Səudiyyə Ərəbistanı və ABŞ hücumun Husilər tərəfindən deyil, birbaşa İran tərəfindən edildiyini iddia edirlər. İran iddiaları rədd edir.
BƏƏ Yəməndəki vətəndaş müharibəsində Hüsilərə qarşı döyüşür. Yahya Sarya BƏƏ-də bir çox bölgəni təsbit etdiklərini və "hədəf təyin etdiklərini" söyləyib.
"Bu gün silahlı qüvvələrimiz rekord müddətdə pilotsuz uçuş aparatları istehsal edə bilər. Silahlı qüvvələr hər gün pilotsuz uçuş aparatı qurma qabiliyyətlərini sübut edib", Husi qruplaşmasının sözçüsü deyib.
"Biz BƏƏ-nin təcavüzünə cavab verməkdən çəkinmirik. Təcavüzkar ölkələrin sərhədləri daxilində bütün qanuni hədəflər üzərində hərəkət etmək hüququmuzdan istifadə edəcəyik", o deyib.
BƏƏ Yəməndəki müharibədə fəal rol oynayır
Yəməndə 2015-ci ilin mart ayından bəri davam edən və vətəndaş müharibəsinə çevrilən qarşıdurmalarda Husi qruplaşması ölkənin ən böyük şəhərlərini nəzarət altına alıb.
Bölgədə İranın ən böyük rəqibi olan Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının başçılığı ilə doqquz ərəb ölkəsi üsyançıları İranın himayə altına aldığını bildirərək husilərə qarşı vuruşan qruplara dəstək olmağa başlayıb.
BƏƏ Yəməndə öz silahlı qüvvələrini yerləşdirib.
Ölkədəki müharibəyə son qoymaq cəhdləri bu günə qədər nəticəsiz qalıb.





