Zimbabvenin sabiq lideri Robert Mugabe vəfat edib

Robert Muqabe

Şəklin mənbəyi, Getty Images

Zimbabvenin müstəqillik simvolundan avtoritar liderə çevrilən Robert Mugabe 95 yaşında vəfat edib.

Cənab Mugabe aprel ayından bəri Sinqapurdakı bir xəstəxanada müalicə alırdı.

O, 37 il hakimiyyətdə olduqdan sonra, 2017-ci ildə hərbi çevrilişdə devrilmişdi.

Keçmiş prezident qaradərililər üçün səhiyyə və təhsil imkanlarını genişləndirdiyinə görə tanınırdı.

Lakin sonrakı illərdə o, siyasi rəqiblərinə qarşı şiddətli repressiya və Zimbabvenin iqtisadiyyatını dağıtmağa görə yadda qalıb.

Onun xələfi Emmerson Mnangagwa, cənab Mugabeni "azadlıq ikonası" adlandırıb və onun ölümündən "son dərəcə kədərləndiyini" bildirib.

Cənab Mnangagwa əvvəllər cənab Mugabenin müavini olub.

Mugabe kimdir?

Mugabe 1924-cü ildə fevralın 21-də Rhodesia ştatında doğulub.

İndiki Zimbabvenin ərazisində mövcud olmuş Rhodesia həmin illərdə Britaniya müstəmləkəsi idi və ağdərililər tərəfindən idarə edilirdi.

O, 1964-cü ildə höküməti tənqid etdikdən sonra, məhkəməsiz on ildən çox müddətə həbs olunub.

1973-cü ildə hələ həbsdə ikən Zimbabve Afrika Milli Birliyinin (Zanu) prezidenti seçilib. O həm də bu qurumun yaradıcılarından idi.

O, həbsdən çıxdıqdan sonra Mozambikə gedir və oradan Rhodesia-ya partizan yürüşləri edir.

Böhran Zimbabve Respublikasının yaranması ilə nəticələnir.

O, 1980-ci ildə respublikanın ilk baş naziri seçilir.

Hərçənd ki, sonradan tənqidçiləri onu siyasi rəqiblərinə qarşı şiddətli repressiya və Zimbabvenin iqtisadiyyatını dağıtdığını deyərək diktator adlandırırdı.