İstefaya hazırlaşan Theresa May Donald Trump-la nəyi müzakirə edəcək?

Şəklin mənbəyi, Dan Kitwood/Getty Images
ABŞ prezidenti Donald Trump Böyük Britaniyaya səfərinin ikinci günündə Britaniyanın Baş naziri Theresa May ilə görüşəcək.
Görüşdə iki ölkə arasında razılaşdırılmamış bir sıra məsələlər müzakirə ediləcək.
İqlim dəyişikliyi kimi bir sıra məsələlərin müzakirə ediləcəyi görüşdə Britaniyanın Xarici işlər katibi Jeremy Hunt da iştirak edəcək.
Trump-ın Britaniyaya səfərilə bağlı ölkənin London, Manchester, Belfast və Birmingham şəhərlərində etirazlar planlaşdırılır.
Leyboristlər partiyasının lideri Jeremy Corbyn Londonda keçiriləcək etirazlara qoşulacaq.
Səfərin ikinci günü kraliça və Trump-ın St James sarayında birgə təşkil etdikləri səhər yeməyi ilə başlayacaq.
Səhər yeməyi Britaniya və ABŞ biznes liderlərinin iştirakı ilə keçəcək.
York hersoqu, kansler Phillip Hammond, ABŞ dövlət katibi Mike Pompeo və prezidentin qızı İvanka Trump-ın da görüşə qatılacağı gözlənilir.

Şəklin mənbəyi, AFP
Üçgünlük səfərin birinci günü necə keçib?
Bazar ertəsi günü ABŞ prezidenti Donald Trump və Birinci xanım Melania Trump-ın Britaniyaya üçgünlük səfəri başlayıb.
Dünən Bakı vaxtilə saat 12:00-da təyyarəsi Londonun Stansted hava limanına enən Donald Trump Britaniya kraliçasının ailə üzvləri ilə görüşüb.
Buckingham sarayında Donald Trump-ı qarşılama mərasimi olub. Mərasimdə Kraliça, Wels Şahzadəsi və Cornwall hersoginyası iştirak edib.
Cənab və xanım Trump York hersoqu ilə birgə Westminster Abbatlığını ziyarət etdikdən sonra sonra Sussex hersoqunun da iştirakı ilə sarayda nahar edilib.
Prezident Trump çıxışında qeyd edib ki, ABŞ və Böyük Britaniyanı "azadlıq, suverenlik, öz müqəddəratını təyinetmə, qanunun aliliyi və hüquqlara hörmət kimi ortaq dəyərlər birləşdirir".
Kraliça, "ölkələrin onilliklərdir ki, xalqlarımızın təhlükəsizliyi və rifahını təmin edən bir ittifaqı" qeyd etdiyini söyləyib.

Şəklin mənbəyi, AFP
Bazar ertəsi günü axşamı isə sarayın rəqs zalında Kraliça, cənab Trump, Şahzadə Charles və Cornwall hersoqinyası, Cambridge hersoqu və hersoqinyası, Britaniyanın tanınmış ictimai xadimləri və Britaniyada yaşayan məşhur amerikalıların iştirakı ilə rəsmi ziyafət baş tutub.
Bir aydan az yaşı olan Archie-nin doğulmasına görə Sussex hersoginyası tədbirdə iştirak etməyib.
Bazar günü prezident Trump hersoginyanın ünvanına "iyrənc" sözünü işlətdiyini inkar edib, baxmayaraq ki, həmin söz onun səs yazısında qalıb.
Leyboristlər partiyasının lideri Jeremy Corbyn, Britaniya parlamentinin İcmalar Palatasının spikeri John Bercow və Liberal Demokrat partiyasının lideri Vince Cable dövlət ziyafətini boykot edirlər.
Prezident Trump səfəri zamanı Londonun Regent parkında yerləşən ABŞ səfirinin Winfield House adlı iqamətgahında qalacaq.
Dobald Trump-ın qızı Ivanka Britaniyaya atasından əvəl gəlib.
Bazar günü o, Londonun qərbində yerləşən Victoria və Albert muzeyində keçirilən Christian Dior sərgisi ilə tanış olub və muzeyin önündə çəkdirdiyi fotonu sosial mediada yerləşdirib.

ABŞ prezidenti, təyyarəsinin enməsinə bir neçə dəqiqə qalmış əvvəllər də ədavətli münasibətlərdə olduğu London meri Sadiq Khan-ı tənqid edib.
Sadiq Khan bundan əvvəl deyib ki, Britaniya Donald Trump-ın qarşısına "qırmızı xalça sərməməlidir". Trump buna cavab olaraq Twitter səhifəsində yazıb ki, "o, tam bir zavallıdır", amma əlavə də edib ki, onunla görüşəcəyini gözləyir.

Şəklin mənbəyi, EPA









