Fransanın etnik erməni müğənnisi Şarl Aznavur vəfat edib

Şəklin mənbəyi, Getty Images
Fransanın etnik erməni müğənnisi Şarl Aznavur 94 yaşında vəfat edib, artistin nümayəndəsi bildirib.
Aznavur 80 ildən artıq səhnədə çıxış edib.
Bu yaxınlarda Yaponiyada konsertlər verən Aznavur, Fransaya qayıtdıqdan sonra öz evində vəfat edib, Frans-Press xəbər verib.
May ayında müğənni yıxılıb çiyin sümüyünü zədələyəndən sonra hospitala yerləşdirilmişdi.
Şarl Aznavur (Şaxnuur Vaxinak Aznavuryan) 1924-cü il mayın 22-də Parisə Ermənistandan gələn ailədə doğulub.
Aznavur 7 dildə 1200 mahnı yazıb, 94 ölkədə konsert verib, 180 milyondan çox musiqi valı yazdırıb, 60-dan çox kinofilmdə çəkilib.
O, üç dəfə evli olub, 6 övladı var.
1998-ci ildə Time jurnalı və CNN telekanalının keçirdiyi rəy sorğusuna görə, XX əsrin ən yaxşı estrada ifaçısı kimi seçilib.
Artist Fransa Fəxri legion ordeninə layiq görülüb, UNESCO-da Ermənistanın səfiri olub, "Ermənistanın milli qəhrəmanı" adına layiq görülüb.
Yerevanda bir meydana onun adı verilib, Gümrü şəhərində ona heykəl qoyulub.
SSRİ dağılandan sonrakı dövrün hər ilində Aznavur Ermənistana fəal kömək göstərib, tarixi vətəni ilə bağlı olduğunu həmişə vurğulayıb.
Ermənistanda bu ilin aprel hadisələri zamanı Aznavur qarşı tərəfləri dialoqa çığırıb.
"Uzaqda olsam da, ürəyim Ermənistandadır. İndiki vəziyyət məni çox narahat edir. Mən tərəfləri danışıqlar masası arxasına keçməyə, həll yolunu tapmağa və zorakılığa yol verməməyə çağırıram", - müğənninin bəyanatında deyilirdi.





