Türkiyə bəzi ABŞ məhsullarına əlavə vergi tətbiq edib

Şəklin mənbəyi, Getty Images
ABŞ mənşəli bəzi məhsulların idxalında əlavə maliyyə öhdəlikləri nisbətini artıran prezident qərarı Türkiyənin Resmi Gazete-sində yayımlanıb.
Düyü, sərt qabıqlı meyvələr, alkoqollu içkilər, tütün məhsulları, daş kömür, minik avtomobili əlavə vergi tətbiq olunan məhsullar arasında yer alır.

Şəklin mənbəyi, AFP
Prezident köməkçisi Fuat Oktay əlavə vergilərlə bağlı Twitter-də açıqlama yazıb və qərarın ABŞ hakimiyyətinin Türkiyə iqtisadiyyatına hücumlarına qarşı olaraq alındığını deyib:
"ABŞ hakimiyyətinin iqtisadiyyatımıza bilərəkdən hücumlarına qarşı olaraq, qarşılıqlılıq prinsipi çərçivəsində bəzi məhsulların idxalında vergi nisbətləri artırılmışdır".
"Çətin günlərdə liderinin ətrafında birləşən millətimiz qayda bilməyən hərəkətlərə qarşı beynəlxalq ictimaiyyətlə də birləşmiş, haqsızlıqlara qarşı dünyanı cəsarətləndirmişdir. Durmaq yoxdur, yola davam".

Şəklin mənbəyi, Getty Images
Erdoğanın boykot açıqlaması
Recep Tayyip Erdoğan çərşənbə axşamı günü verdiyi açıqlamasında ABŞ-ın elektron məhsullarının boykot ediləcəyini demişdi.
Erdoğan "Amerikanın elektronik məhsullarını biz boykot edəcəyik. Onların iPhone-u varsa, o biri tərəfdə Samsung var. Öz ölkəmizdə Venüs, Vestel var. Biz bunları tətbiq edəcəyik. Nə etdiyimizi, nə edəcəyimizi başa düşsünlər. Olmayanı da istehsal edəcəyik. Xaricə pul verib etdirdiyimiz hər işin daha yaxşısını edib, biz xaricə verəcəyik".
Erdoğanın bu açıqlaması Türkiyə ilə ABŞ arasında son olaraq rahib Andrew Brunson-un azadlığa buraxılmamasıyla dərinləşən böhranda yeni mərhələ olaraq görülür.
Türkiyə-ABŞ münasibətlərində, xüsusilə Ankaranın 15 iyul 2016-cı ildəki çevriliş cəhdinə cavabdeh bildiyi Fetullah Gülenin qaytarılması tələbinə müsbət cavab verilməməsi ilə artan gərginlik var.
ABŞ-ın Ticarət Nazirliyinin məlumatlarına görə, 2016-cı ildə 8 milyard 27 milyon dollar olan ABŞ-ın Türkiyədən idxalı 2017-ci ildə 9 milyard 412 milyon dollara qədər artıb. ABŞ-ın Türkiyəyə ixracı isə 2016-cı ildə 9 milyard 350 milyon dollar, 2017-ci ildə isə 9 milyard 741 milyon dollar olub.
2018-ci ilin ilk 6 ayında ABŞ-dan Türkiyəyə 5 milyard 75 milyon dollarlıq ixrac, Türkiyədən ABŞ-a isə 5 milyard 78 milyon dollarlıq ixracat edilib.








