Britaniyada maaş alan və qəhrəman pişiklər: Poçt, polis, hərbi və şou-biznes sahəsində çalışan pişiklər

Şəklin mənbəyi, Getty Images
Bizim təsəvvürümüzdə pişiklərin həyatı yeyib-yatmaqdan ibarətdir.
Amma bu, heç də bütün pişiklərə aid deyil.
Onlardan bəziləri hörmətli vəzifələrdə çalışır və hətta onların xüsusi geyimi - müvafiq uniforması da var.

Həmçinin oxuyun:

Poçt pişikləri

Şəklin mənbəyi, Keystone
1868-ci ildə üç pişik rəsmi sürətdə siçan tutanlar qismində Londonda Pul Köçürmələri İdarəsinə işə götürülmüşdü.
Onlara maaş da ödənilirdi - həftəyə 1 şillinq - lakin onlar 6 aylıq sınaq müddətindən keçməli idilər.
Görünür, vəzifələrinin öhdəsindən yaxşı gəlirdilər, çünki 1873-cü ildə onların maaşı yarım şillinq miqdarında artırılmışdı.
Bir müddətdən sonra pişikləri işə digər idarələr də götürməyə başladı.
Poçt Muzeyinə əsasən, pişiklər arasında ən məşhuru Tibs adlı pişik olub. O, 1950-ci ilin noyabrında doğulub, çəkisi 10,4 kq olub, Poçt İdarəsinin Londonun mərkəzində yerləşən klubunun zirzəmisində yaşayıb. 14 il sürən qulluğu ərzində pişik binada gəmiricilərin görünməsinə imkan verməyib.

Şəklin mənbəyi, Post Office Museum
Poçt İdarəsinin sonuncu pişiyi Blackie 1984-cü ilin iyununda ölüb və o vaxtdan bəri orada pişiklər işə götürülməyib.
1870-ci illərdə Belçika rəsmiləri poçt məktublarını ünvanlara çatdırılması işinə pişikləri cəlb etmək qərarına gələrək 37 pişiyi işə götürdülər.
Düşünülürdü ki, xaltalarına məktubla dolu nəmi buraxmayan kisələrə bərkidilmiş pişiklər məktubları ünvanına çatdırmaq vəzifəsinin öhdəsindən gələ biləcəklər.
Məktublar son nəticədə ünvanlarına çatsa da, təcrübə poçtalyonluq işinin pişiklərə etibar edilməsinin düz olmadığını göstərdi və bu təşəbbüsdən imtina edildi.
Polispişiklər

Şəklin mənbəyi, Holmfirth Police
İtlərin polis qüvvələrində xidmətə qəbul edilməsi, az qala, adi hadisə olduğu halda, pişiklərin polisdə xidmət etməsi çox nadir hal sayıla bilər.
2016-cı ilin yayında Durham şəhərinin polis şöbəsində Mittens adlı pişik işə götürülüb.
Bu qərarın qəbul olunmasına səbəb beş yaşlı Eliza Adamson-Hopper-in yazdığı məktub olub.
"Polis üçün pişik əvəzsiz ola bilər, çünki onun yaxşı eşitmə qabiliyyəti var. Pişiklər asanlıqla evə yol tapır və deməli, polisə lazım olanda, yol göstərə bilər", - Eliza Adamson-Hopper məktubunda yazıb.
Mittens-dən başqa, polisdə qulluq edən digər pişiklər də var.
Huddersfield-də Holmfirth polis stansiyasında Oscar adlı pişik qulluq çəkir.
Onun işi polis əməkdaşlarına "psixoloji-terapevtik dəstək verməkdən" ibarətdir.
Könüllü qismində eyni işi, Skegness polis məntəqəsində Smokey adlı pişik də görür.

Şəklin mənbəyi, Skegness Police
Şou-biznes pişikləri

Şəklin mənbəyi, Hulton Archive
Pişiklərə şou-biznesdə və kamera qarşısında həmişə yer tapılıb.
Arthur adlı pişik 1996-cı ildən başlayaraq 10 il ərzində Spillers pişik yeməklərinin reklamının əsas siması olub.
O, öz işinin öhdəsindən elə məharətlə gəlirdi ki, nəticədə brendin adı onun şərəfinə dəyişdirilib "Artur" edildi.
Arthur II və Arthur III adlı pişiklər də eyni işi görürdü.
"Aparıcı" pişiklər
Jason adlı Siam pişiyi BBC-nin Blue Peter uşaq proqramının aparıcılarına kömək edən pişiklər arasında birinci olub. Sonra Jack və Jill adlı pişiklər də bu sahədə məşhurlaşıb.

İki qırmızı fars pişiyi Harry Potter filmində Crookshanks rolunu ifa ediblər, xanım Norris rolunu meyn-kuns cinsli üç pişik oynayıb.
Çəkilişlərdə iştirak edən pişikləri aktyorun çiyninə oppanaraq tərpənməz qalmağı öyrədiblər.

Şəklin mənbəyi, Getty Images
Muzey pişikləri

Şəklin mənbəyi, British Museum
1960-cı ilədək necəsə olub ki, bir sürü evsiz pişik Britaniya Muzeyini özü üçün məskənə çevirib.
Müəyyən bir dövrdə, deyilənlərə görə, muzeydə onların sayı 100-ə çatıb.
Britaniya Muzeyinin arxivlərindən tapılan yazılara əsasən, həmin dövrdə pişiklərin əlindən muzeydə tərpənmək mümkün deyildi - onlar kitab rəfləri, yük arabaları, muzeyin, demək olar ki, hər yerində gəzib-dolaşırdı.
Muzey, nəhayət, pişiklərin axırına çıxmaq qərarına gələndə isə, muzeyin təmizliyinə cavabdeh olan şəxs, Rex Shepherd pişikləri müdafiə cəmiyyəti təsis edərək onları ölümdən xilas edir. Bundan sonra muzeydəki pişiklər axtalanır və nəticədə, onların sayı azalaraq 6-ya çatdırılıb.

Şəklin mənbəyi, British Museum
Rex Shepherd-in nəzarəti altında muzeydə bir neçə pişik qalıb, onlar binanı gəmiricilərdən qoruyub və vaxtaşırı qəzet məqalələrinin qəhramanlarına çevrilib.
Suzie adlı pişik havada göyərçin tutub yeməsi ilə məşhurlaşıb, Pippin və Poppet adlı pişiklər isə əmr veriləndə böyür üstə yuvarlanmağa başlayırdılar.
Hazırda muzeydə pişik yoxdur, yalnız pişik müqəvvası var. Amma misal üçün, muzeydə pişik görmək istəyənlər Londonun Su və Buxar Muzeyində Maudslay adlı pişiyi və Hampshire-in Chawton kəndində Jane Austen Muzeyində Marmite adlı pişiyi görə bilərlər.
Hərbçi pişiklər

Şəklin mənbəyi, Hulton Archive
İkinci Dünya müharibəsi dövründə, demək olar ki, hər bir gəmidə, ən azı, bir pişik var idi.
Lakin Simon adlı bir pişik üçün ən yüksək mükafat sayılan Dickin medalına layiq görüldü.
Bu medala həmin pişik 1949-cu ildə Çin Vətəndaş müharibəsi zamanı dənizçilərin xilas edilməsində iştirak etdiyinə görə layiq görüldü.
Onun qulluq etdiyi gəmi 101 gün ərzində mühasirədə qalıb.
Həmin müddət ərzində pişiyə ərzaq ehtiyatlarını sıçovullardan qorumaq vəzifəsi tapşırılmışdı.
Cəsur pişik atışmalar zamanı yaralandığına baxmayaraq vəzifəsinin öhdəsindən gəlmişdi.
Gəmi geriyə, Plymouth limanına dönəndə, Simon camaat tərəfindən qəhraman kimi qarşılanmışdı.
Vətəninə dönəndən cəmi 3 həftə sonra pişik ölür.
O, əsgəri ehtiram göstərilərək, Londonun Essex ərazisinin Ilford rayonunda basdırılıb.

Şəklin mənbəyi, PA
Müharibə dövrünün digər bir qəhramanı isə Tom adlı pişikdir, o, Krım Tomu və ya Sevastopol Tomu kimidə tanınır.
Bu pişik Britaniya və Fransa qoşunlarını 1854-cü ilin Krım müharibəsi zamanı aclıqdan xilas edib.
O zaman Sevastopol limanını tutmuş qoşunlar yeməksiz qalmışdı, ərazidə yemək tapa bilmirdilər.
Tom isə tapa bilmişdi.
O, rus hərbçilərinin və mülki əhalinin gizlətdiyi ərzaq ehtiyatlarının yerini tapa bilmişdi.
Müharibə başa çatandan sonra, Tom İngiltərəyə gətirilir.
Pişik 1856-cı ildə ölür, bundan sonra onun müqəvvası düzəldilir.
Bu pişik müqəvvası Londonun Milli Ordu Muzeyinin eksponatlarından biridir.

Şəklin mənbəyi, National Army Museum






