Boliviyada Che Guevara-ya görə hökümətlə ordu arasında mübahisə yaranıb

Şəklin mənbəyi, AFP
Boliviyada, kubalı inqilabçı Ernesto "Che" Guevara-nın ölümünün 50-ci ildönümü ilə bağlı, hökumətlə ordu veteranları arasında mübahisə yaranıb.
Boliviya hökuməti gələn həftə xarici qonaqların iştirakı ilə bir sıra anım tədbirləri planlaşdırıb.
Che qüvvələri ilə döyüşmüş Boliviya ordu veteranlarının sözçüsü isə həmin rəsmi mərasimlərdə iştirak etməyəcəklərini söyləyib.
Veteranlar, Che dəstələri ilə döyüşlərdə həlak olan boliviyalıları anmaq istədiklərini bildiriblər.
Hökümət təmsilçiləri rəsmi tədbirlərdə veteranların iştirak edəcəyinə ümid etdiklərini bildiriblər.
Kubanın ən əhəmiyyətli ideoloqlarından sayılan Che Guevara 1967-ci il oktyabrın 8-da həbs olunub və səhərisi gün Boliviya hökümət qoşunları tərərfindən güllələnib.
O, Kubanı, Latın Amerikasında partizan dəstələri yaratmaq üçün tərk etmişdi.
Yerli medianın xəbər verdiyinə görə, Boliviya ordu veteranlarını təmsil edən Mario Moreira deyib: "Biz mərasimdə iştirak etməyəcəyik, çünki bu, fikrimizcə siyasi tədbirə çevrilir. Biz onlara [Kuba partizanlarına] necə ehtiram göstərə bilərik?"
"Xalqı təmsil edən Boliviya dövləti ehtiramı bizə bildirməlidir ki, biz ölkəni müdafiə etmişik və 59 əsgər qurban vermişik", - veteran bildirib.
Boliviya ordusu Che-nin 47 nəfərdən ibarət kiçik dəstəsinə qarşı 1966-cu ildən 1967-dək ağır döyüşlər aparırdı, həmin döyüşlər Che-nin həbsi və öldürülməsilə nəticələndi.
Boliviyanın Müdafiə naziri Reymi Ferreira bildirib ki, Che-nin xatirəsinin anılması tədbirləri Boliviya ilə Kuba arasında "yaraların" sağalmasına kömək edəcək.
Lakin veteranlar Müdafiə nazirinin bu fikri ilə razılaşmayıblar.
Moreira deyib ki, "Boliviya ailələrinə ağrı və kədər gətirən xariciyə" ehtiram bildirilməsi mümkünsüzdür.
"Che qalib gəlsəydi, biz fərqli bir ölkədə olacaqdıq. Bizim sayəmizdə qanuni yaradılmış hökümətimiz var", - veteran bildirirb.
O deyib ki, ordu veteranları ölən əsgərləri yad etmək üçün fərqli tədbirdə iştirak etmək niyyətindədir.
Boliviya Kubanın siyasi müttəfiqidir və prezident Evo Morales-in solçu hökümətinin Kuba ilə sıx siyasi və diplomatik əlaqələri var.




