Erdoğan Kürdüstanı yalnız sözdə hədələyir, yoxsa…

Şəklin mənbəyi, AFP/Getty Images
"The Independent" yazır ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan İraqın kürd hakimiyyət orqanlarının müstəqillik referendumu keçirdiyinə görə ağır hesab ödəyəcəyini vəd edib.
İraq kürdləri ötən bazar ertəsi keçirilmiş referendumda böyük səs çoxluğu ilə bu bölgənin müstəqilliyini dəstəkləyiblər.
Bundan əvvəl bütün regional ölkələr belə bir referendumun keçirilməməsi üçün xəbərdarlıq etmişdilər.
Bunlardan iki əsas regional dövlət - Türkiyə və İran - İraq kürdlərinin referendumunun onların öz kürd icmalarını qızışdıra biləcəyindən narahatdırlar.
"Onlar müstəqil dövlət yaratmırlar, onlar içərisini bıçaqla eşmək üçün regionda yaranın üstünü açırlar" - deyib Erdoğan ötən şənbə günü hakim AKP-nin Ərzrumda keçirdiyi yığıncaqda.
"The Independent" xatırladır ki, bundan əvvəl elə Erdoğanın özü İraqın şimalındakı Kürdüstan muxtariyyəti ilə güclü ticarət əlaqələri yaradıb. Bu əlaqələrin nəticəsində hər gün yüzminlərlə barrel İraq nefti Türkiyə ərazisi ilə dünya bazarlarına çıxarılır.

Şəklin mənbəyi, AFP/GETTY IMAGES
Bu dəfə isə Erdoğan məhz buna haqq qazandırmağa çalışıb.
"Biz keçmişlərdə etdiklərimizdən peşman deyilik. Lakin o vaxtdan bəri situasiya dəyişib və bizim hər məsələdə güclü dəstək verdiyimiz kürd regional hökuməti bizə qarşı addımlar atıb. Onlar bunun ağır hesabını ödəyəcəklər" - deyib Türkiyə prezidenti.
Türkiyə dəfələrlə İraq Kürdüstanı üzərinə iqtisadi sanksiyalar qoyacağı, onun beynəlxalq bazarlara çıxışını kəsəcəyi ilə hədələyib, habelə sərhəd bölgəsində İraq ordusu ilə birlikdə hərbi manevrlər keçirib.
Lakin "Ankara yük maşınlarının və neftin yolunu kəssə, İraq kürdləri ac qalacaqlar" deyən Erdoğan əlavə edib ki, görüləcək tədbirlər vətəndaşları yox, referendum keçirənləri cəzalandırmalıdır.
İraqın Müdafiə Nazirliyi ötən cümə bəyan edib ki, onun qoşunları Türkiyə və İranla koordinasiyada muxtar regionun sərhədlərinə nəzarəti ələ alacaq.
Şənbə günü çıxış edən baş nazir Binali Yıldırım bu planlar barədə heç nə deməyib, lakin bildirib ki, Ankara bundan sonra Ərbillə heç bir münasibətdə olmayacaq.
"Bundan o yana bizim regionla münasibətlərimiz Bağdaddakı mərkəzi hökumətlə qurulacaq, - deyib baş nazir, - İran, Türkiyə və İraq bu bölgədə oyunların oynanmasına yol verməyəcək".
Putin getməyincə Rusiya-Avropa münasibətləri düzəlməyəcək
Avropa İttifaqının Moskvadakı səfiri "The Observer" qəzetində yazır ki, Rusiya və Aİ arasındakı münasibətlər "dərin və kəskin" böhran içindədir və prezident Vladimir Putin vəzifəsindən getməyincə və nəticədə Ukraynadakı münaqişə çözülməyincə yaxşılaşmayacaq.
Bu iki hadisə, Aİ-nin Moskvada missiyasını başa çatdıran səfirinin sözləri ilə deyilsə, çox da yaxın vaxtda baş verməyə bilər.
İttifaqın 2013-cü ildən bəri Moskvada səfiri olan Vygaudas Ušackas deyib ki, Aİ Kiyevi tamamilə Moskvanın nəzarətinə çəkməyə çalışan Rusiyanın bu səylərinə son qoymaq istəyirsə, Ukraynanın yolunu açaraq onun ittifaq üzvü olmasına imkan verməlidir.
"Mən öz postumu tərk edərkən bildirirəm ki, bizim Rusiya ilə yaxın gələcəkdə normal partnyorluğumuzun ola biləcyinə bədbin yanaşıram, - yazıb Ušackas oktyabrın 1-də Observer qəzetində dərc edilmiş açıq məktubunda, - Bizim aramızdakı fikir ixtilafı nəhəngdir və Avropanın təhlükəsizlik prinsipləri üçün təhlükə yaradır".

Şəklin mənbəyi, AFP
Səfir məktubunda Rusiya tərəfindən demokratiyanın "təməl Avropa dəyərlərinə", söz azadlığına və qanunun aliliyinə artan hücumlardan təfərrüatı ilə yazır və bildirir ki, Kremlin idarəçilik aparatının bütün diqqəti Putinin 2018-ci ildə yenidən prezident edilməsi üzərində cəmləşib. Səfir yazır ki, Kreml bunu ətraf dünyaya "rəvan və qanuni" proses kimi təqdim etmək istəyindədir.
"Bunun ardınca başlanan yeni altı illik prezidentlik dövründə, belə görünür ki, Moskva ilə Qərb arasında qarşıdurma davam edəcək" - yazır səfir. Onun fikrincə Rusiya həmin dövrdə də Avropa daxilindəki fikir ayrılıqlarından ona zərbə vurmaq üçün istifadə edəcək.
Diplomatın qənaətinə görə, Rusiya Qərbdəki seçkiləri və siyasətləri təbliğat vasitəsilə təsirləndirə bilir, lakin həm də Aİ-ni parçalamaq üçün biznes sazişlərindən faydalanmağa çalışır.
Məktubda deyilir ki, Moskva Avropada Rusiyaya qarşı sanksiyaların əleyhinə çıxan ölkələri mükafatlandırır.
"Bizim gücümüz birliyimizdədir. Rusiya Aİ modelini gözdən və hörmətdən salmaq üçün məhz bizim aramızdakı ixtilaflardan faydalanır" - yazır Ušackas.
Diplomatın firkincə, Aİ-yə üzv ölkələr özlərini qorumaq üçün kifayət qədər çalışmırlar. Bundan istifadə edən Rusiya özünün Şimal Axını 2 qaz kəmərini həyata keçirir. Halbuki bu kəmər, Rusiyanın enerji asılılığından azad olmağa çalışdığını deyən Aİ-ni Moskvanın asılılığına daha dərindən salacaq.
Ušackas yazır ki, Avropa səylərini Brexit prosesinin və qaçqın böhranının həllinə yönəltməlidir, çünki Rusiya bu iki problemdən fürsətlənməyə çalışır.
Səfir qeyd edir ki, bir də Avropa liderləri Rusiya tərəfindən hücuma məruz qalan insan hüquqlarının müdafiəsinə qalxmalıdır.
"Bir sovet dissidenti və aparıcı insan haqları müdafiəçisi kimi Lüdmila Alekseyeva mənə bu yaxınlarda demişdi: "Lütfən Brüsselə deyin ki, rus xalqını tək qoymasın".
Ušackas bu qənaətdədir ki, Moskva bundan sonra da Ukrayna və Gürcüstan üzərində daha böyük nəzarətə malik olmaq istəyəcək.
"Rusiya öz qonşularının suverenlik və ərazi bütövlüyünə yalnız o zaman hörmət edir ki, həmin ölkələrin geosiyasi seçimi Moskvanın maraqları ilə üst-üstə düşsün" - yazır səfir.
Diplomat Avropa İttifaqını Ukraynada sülh prosesinə dair danışıqları intensivləşdirməyə və bu ölkəyə özünün xüsusi səfirini təyin etməyə çağırır. ABŞ Ukraynada artıq öz xüsusi səfirinə malikdir.
"Biz Ukraynada münaqişəyə son qoyulması üçün səylərimizi artırmalıyıq, çünki əks halda münasibətlərin normallaşdırılması çətin olaraq qalacaq" - yazır Ušackas .
Səfirin fikrincə, münaqişəyə son qoyulmasının yollarından biri də Aİ-nin qapılarını üzvlük üçün Ukraynanın qarşısında açmaqdır.
Diplomat yazır ki, məhz bu, Rusiyaya Aİ-nin Ukrayna və Gürcüstan demokratiyalarına sadiqliyini nümayiş etdirər. Belə bir mövqe Ukrayna və Gürcüstanı da islahatları daha ürəklə həyata keçirməyə ürəkləndirər.
Ušackas-ın fikrincə Aİ Rusiyaya göstərməlidir ki, "Avropaya gedən yol Kiyevdən və onun Avropa seçiminə hörmətdən keçir"
ABŞ "gizli kanalla" Pxenyanla danışırmış

Şəklin mənbəyi, Image copyright
"The Sunday Telegraph" dövlət katibi Rex Tillersona istinadən yazır ki, ABŞ Şimali Koreya rejimi ilə birbaşa kommunikasiyadadır.
Cənab Tillerson bu bəyanatı şənbə günü Pekində Çin liderləri ilə danışıqlardan sonra verib.
Məqalədə deyilir ki, Washington-un ABŞ vətəndaşı olan girovların azad edilməsi üçün məxfi kanallardan istifadə etməsi kimi bir praktikanın olması çoxdan məlumdur.
Lakin cənab Tillerson-un açıqlamalarından belə çıxır ki, ABŞ rəsmiləri gizli danışıqlardan Pxenyanı həm də rəsmi danışıqlara sövq etmək və gərginliyi azaltmaq üçün istifadə edir.
"Biz çalışırıq ki, vəziyyətə nəzarət edək - deyib dövlət katibi, - Bizim Pxenyanla kommunikasiya xətlərimiz var. Biz tamamilə kor vəziyyətdə deyilik. Bizim Pxenyanla iki-üç açıq kanalımız var. Biz onlarla danışa bilirik və biz onlarla danışırıq".
Bu məsələdə Çinin vasitəçi olub-olmadığı barədə suala Tillerson "öz kanallarımız var" cavabını verib.
Bəzi xəbərlərə görə Şimali Koreya raketlərini tədqiqat mərkəzindən çıxarıb. Bu isə o deməkdir ki, yeni təxribat hər an baş verə bilər.

Şəklin mənbəyi, Getty Images
Tillersonun Pekinə səfəri zamanı həm də Donald Trump-ın noyabr ayı üçün nəzərdə tutulmuş Çin səfərinin və prezident Xi ilə görüşünün təfərrüatları müzaklirə olunub.
Trump və Xi bundan əvvəl apreldə Floridada, iyulda isə Hamburqda keçirilən G20 sammitində görüşüblər.
"The Sunday Telegraph" yazır ki, Pekin ABŞ və Pxenyanın birbaşa danışıqlara başlaması üçün səylər göstərir.
Çinin "Global Times" qəzeti yazıb ki, Pxenyanın getdikcə artan təxribatlarına "iki fikir qatarı" var. Onlardan biri "Şimali Koreyanı əz", ikincisi isə "Şimali Koreya ilə danış"dır.
"Çin və Rusiya ikinci qatardadır" - yazır qəzet, - ABŞ, Yaponiya və Cənubi Koreya Pxenyana Rusiya və Çinin təmkinli yanaşma möqveyinə hörmət etməli, böhranla bağlı Çin və Rusiya ilə əlaqədə tədbir görməlidirlər".







