Trump-NFL qalmaqalı: ABŞ prezidenti boykota çağırıb

Mr Trump, smiling, holds a "Trump" NFL jersey with the number 45, standing on a podium in front of assembled New England patriots players and staff

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bu ilin əvvəlində Donald Trump-a Patriots klubunun idman köynəyi hədiyyə edilmişdi.

Prezident Donald Trump ABŞ himni ifa olunarkən, diz üstə çökərək etiraz nümayişi keçirən oyunçular cəzalandırılmayana qədər, azarkeşləri NFL Milli Futbol Liqasını boykot etməyə çağırıb.

İdman aləmi ilə Trump arasında böyüyən qalmaqalın gedişində, ABŞ prezidenti təkrar bildirib ki, milli himn çalınarkən ayağa qalxmayan oyunçular qovulmalı və ya çıxışlardan kənarlaşdırılmalıdır.

Prezident Trump-ın bu şərhləri pislənilərək, "təhqiredici" və "ayrı-seçkilik yaradan" bəyanatlar kimi qiymətləndirilib.

Trump-ın şərhindən sonra ilk keçirilən Jacksonville Jaguars və Baltimore Ravens klubları arasında oyunda bir çox oyunçular və klub əməkdaşları himnin ifasını yenə də diz üstə qarşılayıblar.

NFL oyunları başlamamışdan əvvəl, bazar günü prezident Trump paylaşdığı iki tvitində klublara çağırışını təkrarlayaraq, onları himnin ifası zamanı etiraz bildirən oyunçuları cəzalandırmağa çağırıb.

Keçən il ABŞ himni ifa olunduğu zaman ayağa qaxmamaqla etirazını ilk bildirən oyunçu Colin Kaepernick olub.

Trump-ın cümə günü etdiyi şərhlər geniş tənqidə səbəb olub.

Jacksonville Jaguars players kneel during the U.S. national anthem before the match

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Jacksonville Jaguars oyunçuları ABŞ himni ifasını diz üstə duraraq qarşılayıblar.

NFL sədri Roger Goodell bəyanatında deyib ki, "ədavət yaradan bu şərhlər, təəssüf ki, hörmətsizlikdən xəbər verir".

Prezident Trump isə bu tənqidə növbəti tviti ilə cavab verib: "Onlara de ki,ayağa qalxsınlar".

NFL Oyunçular Assosiasiyası qurumunun prezidenti Eric Winston isə deyib ki, Donald Trump-ın şərhləri "keçmişin və indinin insan haqları qəhrəmanlarının üzünə vurulan şillədir".

Prezident Trump eləcə də basketbol çempionluğunu qazanan Golden State Warriors klubuna göndərdiyi Ağ Evə dəvətini ləğv etdiyinə görə tənqid olunub.

Trump bu addımı, oyunçulardan biri, Stephen Curry, Ağ Evə getməyəcəyini bildirəndən sonra atıb.

NBA ABŞ basketbol liqasının 2015-ci ildə ən yaxşı oyunçusu kimi tanınan Stephen Curry deyib ki, Ağ Evə getməməklə o və digər oyunçular Trump-ın bəyanatlarını dəstəkləmədiklərini və lazım olan anda ehtiyac duyulan sözləri demədiyinə görə ona etirazlarını bildirmək istəyirlər.

Bundan sonra isə Trump öz tvitində yazıb kı, "Ağ Evə dəvət olunmaq çempionluq qazanmış komanda üçün böyük şərəf sayılır. Stephen Curry tərəddüd edir. Buna görə dəvətnamə geri çağırılıb".

Golden State Warriors klubu isə bildirib ki, komanda "Ağ Evə dəvət olunmadığını anlayır", lakin oyunçular Waşington-a öz təşəbbüsü ilə səfər edəcək və "bərabərliyi, müxtəlifliyi və birliyi bayram edəcəklər".