Ən qədim nəcislər neandertalların hər şey yeyən olduğunu sübut edir

neanderthals_dig_site

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Tədqiqat müəllifləri İspaniyanın Aralıq dənizi kənarında Alicante yaxınlığında 50 min il bundan əvvəl neandertalların sakin olduğu yerdə təhqiqatlar aparıblar
    • Müəllif, Jonathan Webb
    • Vəzifə, BBC

Ən qədim insan ifrazatları nümunələrinin təhqiqi neandertalların bitkilərlə qidalanmasına dair nəzəriyyənin etibarlığını iddia etməyə əsas verir.

İspaniyada qazıntılar zamanı aşkar edilmiş qədim insan həyat fəaliyyətinin tullantıları həm ət, həm də bitki qida elementləri ehtiva edir.

Əvvəllər hesab edilirdi ki, neandertallar yalnız ətyeyən olub, lakin onların dişləri arasında və mağaralarda bitki qida izləri aşkar edildikdən sonra bu nəzəriyyənin dəqiqliyindən şübhələnməyə başlayıblar.

PLOS One dərgisində dərc edilmiş yeni tədqiqat qədim insanların qida müxtəlifliyi nəzəriyyəsinin ən yaxşı isbatını təqdim edir.

Nəcislər “ideal dəlil olub, çünki nümayiş etdirir ki, həqiqətən də tərəvəz yeyilib”, tədqiqatların əsas müəllifi Kanar adalarındakı La Laguna Universitetinin aspirantı xanım Ainara Sistiaga deyir.

Sistiaga həmkarları ilə birlikdə nümunələri İspaniyanın Aralıq dənizi kənarında Alicante yaxınlığında yerləşən El Salt-də 50 min il bundan əvvəl neandertalların sakin olduğu yerdə toplayıblar.

Bundan bir il sonra qədim nəcis nümunələri Massaçusets Texnologiya İnstitutunun laboratoriyasında tədqiq edilib.

"Onlar doğrudan da bunu yeyirmiş"

Qədim nümunələrdə kimyəvi maddələri ayırmaq üçün tədqiqat qrupu qaz xromatoqrafiya üsulunu tətbiq edib. Bu üsul, nümunələrin tərkibində hansı molekulların hansı həcmdə olduğunu müəyyən etməyə imkan verən mass-spektrometriya üsulu ilə birləşdirilib.

Nümunələrin tərkibində insan fəaliyyətinin tullantılarını müəyyən etmək imkanı verən korposterin adlı mürəkkəb efirin mövcudluğu göstərib ki, bəzilərinin tərkibində qazıntı halında tapılan ifrazat nişanələri olub.

neaderthals_fossils

Şəklin mənbəyi, PLOS One

Şəklin alt yazısı, Qazıntı halında tapılmış nəcis (koprolit), tərkibində fosfat ehtiva etdiyinə görə, ultra çəhrayı şüalar altında işiq saçır

Nəcis torpağın üst layında tonqal yerində tapılıb. Həmin yerdə tədqiqat qrupu kiçik “koprolit”lər - insan ifrazatının əlamətləri olan, o cümlədən fiziki struktur və ultra çəhrayı şüalar altında işıqlanan yüksək fosfat tərkibli daşlaşmış bütöv nəcis tikələri tapıb.

Nümunələrin çıxarıldığı laya görə, onların təxminən 50 illik tarixi var. Belə olan halda, bu, hazırda məlum olan ən qədim insan nəcisidir. Sistiaga-nın sözlərinə görə, onun nümunələri yunan ictimai tualetlərində və Misir mumiyalarında qazıntı halında tapılmış müasir insana (homo sapiens) aid olan ən qədim nəcisdir.

Beləliklə, neandertalların əsas qidası ət olsa da, nümunələrin kimyəvi tərkibi “kifayət həcmdə bitki qidası” olduğunu göstərir, Sistiaga izah edir.

“Əgər bu, nəcisdə müəyyən edilirsə, deməli, onlar doğrudan da bunu yeyiblər, - Sistiaga BBC-ə deyib. – Bu molekulyar qazıntılar neandertal yemlərində ətlə bitki qidasının nisbətini bilmək üçün əladır”.

Qazıntılar tapılan bölgənin tarixinə əsaslanaraq, neandertalların əsasən ət diyetası ilə qarışdırılan bitki qidanın giləmeyvə, qoz-fındıq və bitki köklərindən ibarət olduğunu söyləmək olar.

Təftiş etmək lazımdır

neanderthals

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Neandertalların sırf ətyeyən olduqları nəzəriyyəsi bir neçə tədqiqat sayəsində şübhə altına qoyulub

Daha əvvəl neandertalların dişləri arasında, o cümlədən, yəqin tibbi məqsədlərlə tətbiq edilən bitki qidasının əlamətlərinin olması barədə York Universitetinin arxeoloqu, professor Stephen Buckley tədqiqat dərc edib.

O, bu günədək alimlər arasında mübahisə doğuran tədqiqatının yekunlarını neandertalların diyetası məsələsində “yeni və tamam başqa” və “olduqca vacib əlavə” adlandırıb.

“Çıxış nöqtəsi - dişlər və son nöqtə - nəcis eyni şeyi göstərir, - BBC-ə Buckley danışıb. – Hər iki tərəfdən də sübutlar aşkardır”.

“İndi neandertalların yalnız ət yediyi və bitki qidasından çəkindiklərini təkidlə israr etmək daha çətin olacaq”.

O hesab edir ki, onların diyetası da, yəqin ki, məskun olduqları yerdən asılı olaraq dəyişirmiş.

“Mərkəzi Almaniyada daha çox ət yemək məntiqidir – iqlim daha soyuqdur və daha çox kaloriya tələb olunur. Daha mülayim İspaniya şəraitində isə bitki ilə qidalanmaq məqsədəuyğundur”.

Neandertalların 30-40 min əvvəl məhv olmasının səbəblərindən biri onların diyetası hesab edilir. Bu versiyaya əsasən, ət yeyən neandertalların yerini şəraitə daha yaxşı uyğunlaşan homo sapiens tutub.

“Son zamanlar get-gedə daha da aydın olur ki, bu təsvirin təftişə ehtiyacı var”, - Buckley deyir.

Sistiaga da onunla razılaşır: “Biz hesab edirik ki, neandertallar müxtəlif şəraitlərdə, ilin mövsümündən və iqlimdən asılı olaraq, tapa bildikləri ilə qidalanıblar”.