Ayağı səhv amputasiya edilən qadının ailəsi dövlətdən dəstək gözləyir

Tərlan Məmmədovanın sol ayağı əvəzinə sağ ayağını kəsmiş həkim-cərrah Valeh Kərimov barəsində ehtiyyatsızlıqdan sağlamlığa ağır zərər vurma maddəsi cinayət işi açılıb
Şəklin alt yazısı, Tərlan Məmmədovanın sol ayağı əvəzinə sağ ayağını kəsmiş həkim-cərrah Valeh Kərimov barəsində ehtiyyatsızlıqdan sağlamlığa ağır zərər vurma maddəsi cinayət işi açılıb
    • Müəllif, Günel Səfər
    • Vəzifə, BBC Azərbaycanca, Bakı

"Əməliyyatdan sonra palataya girəndə bacım gördü ki, anamın işarələnmiş ayağı deyil, digər ayağı kəsilib, onda dəhlizdə özümü döyərək qaçdım", bu sözləri ötən həftə səhv ayağı amputasiya edilmiş 87 yaşlı Tərlan Məmmədovanın qızı deyir.

Tərlan Məmmədovaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın ötən həftə Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində əməliyyat edilib.

Ancaq əməliyyatı aparan həkim sol ayaq əvəzinə sağ ayağı kəsib.

Tərlan Məmmədova 11 uşaq anasıdır, 80-dən çox nəvə, nəticə və kötücəyə sahibdir. Sovet dövründə ona qəhrəman ana medalı da verilib.

O Ermənistandan qaçqın düşənlərdəndir və qızının dediyinə görə, diabet xəstəliyinə 2003-cü ildə tutulub.

"...əziyyət çəkir"

Tərlan Məmmədova hazırda köhnə tikili olan xəstəxananın 4-cü mərtəbəsində 4 nəfərlik palatada yerləşdirilib. O, palatada təkdir, çarpayılardan birində işə kiçik nəvəsi yatıb.

Yanında olduğumuz müddətdə bir çox qohumları ona baş çəkməyə gəlir, ürək-dirək verir. Tərlan xanım isə kövrəlir, ağlayır.

Tez-tez qızını çağırır və ayaqlarının altına nə isə qoyulmasını istəyir. Qızı çarpayı örtüsünü müxtəlif formalarda qatlayıb anasının istəyini yerinə yetirsə də, Tərlan xanım narazılıq edir, rahat olmadığını deyir.

Palatadakı qohumları onun "əzəb çəkdiyini deyirlər". Gəlinlər narahatlıqla "nənənin bir dərdi var idisə, həkim onu 10 etdi" deyir.

Səhv

Qızı Tahirə Əliyeva deyir ki, illərdir anası dövlət xəstəxanalarında müalicə alır. O, müalicələrin "bir xeyiri olmadığını" da vurğulayır.

Anasının ayağının bir barmağında yaranmış qızartıya görə də dəfərlərlə müalicə edildiyini qeyd edən Tahirə xanım, "sonuncu 10 günlük müalicənin 8-ci günündə qızartı baş barmaqdan topuğa qədər qalxdı" deyir.

Təlaşa düşən Tahirə Əliyeva təcili yardım çağırır, amma bir neçə xəstəxana xəstəni qəbul etmir. Bir müddət sonra o, Angioloji və Mikrocərrahiyyə Mərkəzə müraciət edir. Burda sonradan əməliyyatı etmiş həkim xəstənin sol ayağının amputasiya edilməli olmasını bildirir.

Anasının ağrılara dözmədiyini görən övladları buna razı olur. Ancaq nəticə gözlənilən olmur.

Əməliyyatın səhv edilməsindən sonra Səhiyyə Nazirliyi məsələnin araşdırılması üçün xüsusi komissiya yaradıb.

Əməliyyatı etmiş həkim-cərrah Kərimov Valeh barəsində ehtiyyatsızlıqdan sağlamlığa ağır zərər vurma maddəsi cinayət işi açılıb və müvafiq ekspertizalar təyin edilib.

İyunun 26-da isə ikinci əməliyyatla Tərlan Məmmədovanın ikinci ayağı da amputasiya edilib.

87 yaşlı Tərlan Məmmədova Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində əməliyyat edilib
Şəklin alt yazısı, 87 yaşlı Tərlan Məmmədova Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində əməliyyat edilib

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov Trend-ə açıqlamasında deyib ki, ekspertizasının rəyinin yaxın 10 gün ərzində məlum olacağı gözlənilir.

Həkim-cərrah onu da deyib ki, "xəstənin xəstə ayağının əvəzinə sağlam ayağının kəsilməsi" ifadəsinin işlədilməsi düzgün deyil.

O, ayaqların hər ikisinin xəstə olduğunu deyir. Ancaq Tərlan xanımın ailəsi bu fikri rədd edir.

Biganəlik

"Bizi inandırdı ki, sağ ayağı sağlamdı. Dedi heç nə yoxdur o ayaqda. Ancaq sol ayağı kəsməli idilər. İstəməsək də, anamız çox əzab çəkirdi deyə razılaşdıq", qızı söhbətə davam edir.

Bu zaman palatada olan digər qohumlar həkimin ailəni əməliyyata razı salmaq üçün "ananızın yaşamasını istəyirsinizsə, ayaq kəsilməlidir" deməsini xatırladır.

Bircə gün sonra əməliyat baş tutur və xəstənin səhv ayağını kəsən həkim xəstə qohumlarının sözü ilə desək, "yoxa çıxır".

Tərlan xanımın qızı deyir ki, hadisəni öyrənəndə başını tutaraq qışqırıb, xəstəxananın dəhlizində qaçıb və halı pisləşib.

"İnsult keçirməyimə az qalmışdı", o izah edir.

O bildirir ki, hadisədən sonra xəstəxanada onların qarşısına çıxıb "cavab verən olmayıb" və onlar bu haldan çox narazıdırlar.

Təranə Əliyeva illərdir həkim biganəliyindən əziyyət çəkdiyini də vurğulayır.

"İllərdir anamı xəstəxanalara aparıram. Hər yerdə həkim biganəliyi ilə rastlaşıram. Dəfələrlə rüşvət istənilib. Analizə görə pul istəyiblər, verməmişəm. İndi mən nə bilim cavabda nə yazıblar. Düzgünlük olmalıdır", o qeyd edir.

Söhbət zamanı Tərlan xanım gah ağlayır, gah da yerinin narahat olduğunu deyir. Yuxudan gözləri yumulsa da, yatmaq istəmir. Qohumları onun saatlarla eyni vəziyyətdə oturmaqdan yorğun düşdüyünü bildirir. Gəlini deyir ki, gecələri də uzanmır, oturaq vəziyyətdə yuxuya gedir.

"Bu yaşda nə qədər zülm çəkir", deyə qızı heyfslənir.

"Allahın işi"

Bu zaman palataya 2 tibb bacısı daxil olur. Onlar da söhbətə qoşulur. Deyirlər ki, ilk əməliyyat zamanı həkim hamını çox tələsdirib. Həmçinin, əməliyyat otağında 4-5 nəfər olub. Amma onlardan heç biri səhv ayağın amputasiya edilməsinin fərqinə varmayıb.

"İşərələnmiş ayağı necə görməmək olar?" sualına isə tibb bacılarından biri "bu allahın işidir" deyə cavab verir.

Hazırda Tərlan Məmmədovanın ailəsi əməliyyatı etmiş həkimin məhkəməyə verildiyini deyir.

Onun qızı isə dövlət xəstəxanasında belə bir hadisə baş verdiyi üçün dövlətin anasının ehtiyaclarını təmin etməli olduğunu bildirir.

"Dövlət adamları oturub bizi xaricilərlə müqayisə edirlər. İstəyirəm xaricdə belə vəziyyətdən necə çıxırlarsa, mənim dəm xəstəmin elə eydinə qalınsın. Bura dövlətin xəstəxanasıdır, dövlət səviyyəsində etsinlər", Təranə Əliyeva vurğulayır.

O, anasının müalicəsinin və digər ehtiyaclarının təmin edilməsini təlb etdiyini deyir. Bundan başqa müsahibim"mənəvi əziyyət də ödənilməlidir", deyir.

Səhiyyə Nazirliyinin sözçüsü isə BBC Azərbaycancaya bildirir ki, səhv əməliyyat etmiş həkimlə bağlı hansı təbirin görülməsi, ekspertizanın cavabından sonra bilinəcək.