Aİ referendumu: Britaniyadakı azərbaycanlılar qalmaq istəyir, yoxsa çıxmaq?

Britaniyada yaşayan azərbaycanlılar bu ölkənin Aİ-dən çıxması barədə nə düşünür? Onlar özləri bu referendumda necə səs vermək istəyirlər? Londondakı müxbirimiz Vüsal Həmzəyev onların rəylərini öyrənib.
___________________________________________________________________
Rauf Xəlilov – Londonda yaşayan azərbaycanlı hüquqşünas
Mən qalmağın tərəfdarıyam. Bütün ekspertlər deyirlər ki, çıxsaq ölkə ekonomik böhrana girəcək.
Çıxandan sonra uzun müddətdən sonra bəlkə yaxşı olsun, amma bu qarantili deyil.
___________________________________________________________________
Məmməd Ənsari – Londonda yaşayan azərbaycanlı bəstəkar
Britaniya Avropa üçün Amerika qapısıdır, habelə Amerika üçün Avropa qapısı. Avropa Birliyindən çıxıb doğru siyasət yürüdərsə daha önəmli rol daşıya biləcəyini düşünürəm.
Düşünürəm ki, Britaniya Avropa Birliyindən çıxarsa yerli əhali üçün daha çox iş fürsətləri yaranacaq.
Avropanın gələcəyini yaxın illərdə yaxşıya doğru getməsini görə bilmirəm, bu üzdən çıxmağın xeyiri zərərindən çox görünür.
___________________________________________________________________
Sevinc Rüstəmova – Londonda yaşayan azərbaycanlı
Mən çıxmağın tərəfdarıyam. Məncə Böyük Britaniya bir ölkə olaraq iqtisadi cəhətdən udar.
Həm də ki, bir ölkənin qapısı pəncərəsi olar, gələni gedəni qarşılayan, yola salan olar... Yoxsa ki indi bütün Avropa burdadı, hökumət də sayını sanbalını bilmir.
___________________________________________________________________
Fuad Ələkbərov – Şotlandiyada yaşayan azərbaycanlı
Mən "Remain"-a [qalmağa] səs verəcəm, çünki, Avropa İttifaqı işçi haqqlarını qoruyur və Şotlandiyanın ən yaxşı maraqlarına cavab verir.
Bundan əlavə, "Vote Leave" [çıxmaq] kampaniyasının düzgün işləyən iqtisadi planı mövcud deyil.



