Ombudsman aparatı "gənclərin bədənində işgəncə izləri aşkarlamayıb"

Şəklin mənbəyi, Ramin Deko
Mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılan gənclərin “ bədənində işgəncə izləri aşkarlanmayıb", Ombudsman aparatının məlumatında deyilir.
Çərşənbə günü Azərbaycan ombudsmanı yanında işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupun üzvləri gənclərin işgəncə ilə bağlı müraciətləri bağlı təcridxanaya baş çəkiblər.
Aparatın yaydığı bəyanatda bildrilir ki, Bayram Məmmədovun və Qiyas İbrahimovun valideynlərinin müraciəti əsasında ombudsman onlarla təkbətək görüşlər keçirib. Gənclərin bədəninə baxış həkimin iştirakı ilə aparılıb və hər hansı xəsarət izi aşkar edilməyib.
"Bundan başqa, tibbi sənədlərdən məlum olur ki, onlar Bakı təcridxanasına daxil olarkən tibbi müayinədən keçiblər və xəsarət izləri aşkarlanmayıb, ombudsmanın nümayəndələri bildiriblər", Turan Agentliyi Ombudsman aparatının bəyanatına istinadən yazır.
Gənclərin vəkili Elçin Sadıqov isə bəyanatın "həqiqəti əks etdirmədiyini" deyir. BBC Azərbaycancaya danışan vəkil gənclərin hər ikisi ilə çərşənbə günü görüşdüyünü bildirir.
"Onlar bildirdilər ki, Ombudsman nümayəndəsilə görüşdə işgəncələr barəsində ətraflı məlumat veriblər. Bayram Məmmədovun xəsarətlərinin fotoşəkilləri çəkilib. Ancaq Ombudsman o fotoşəkillərin heç birini yaymayıb", vəkil deyir.
Cənab Sadıqov qeyd edir ki, bəyanat "işgəncə faktının gizlədilməsinə" yönəlib.
NİDA hərəkatının üzvü Bayram Məmmədov və Qiyas İbrahim adlı gənc mayın 10-u gecə saatlarından "yoxa çıxıblar".
Onlara qarşı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma maddəsilə cinayət işi başlayıb.
Onların mərhum prezident Heydər Əliyevin heykəli üzərinə cızılmış qraffiti ilə əlaqədar saxlandığı bildirilsə də, polis bu iddiaları təkzib və ya təsdiq etməyib.
Sosial şəbəkələrdə yayılan şəkillərə görə, hər il mayın 10-da təntənəli şəkildə Gül bayramı keçirilən Milli Bankın önündəki parkda yerləşən mərhum prezident Heydər Əliyevin abidəsinin ətrafına "Qul bayramınız mübarək" şüarı yazılıb.
Gənclərin vəkilə verdiyi ifadələrə görə mayın 10-dan başlayaraq polis bölməsində mütəmadi olaraq işgəncə ilə üzləşiblər.
Onların həbsindən verilmiş apellyasiya şikayətinə cümə axşamı baxılacaq.




