Xədicə İsmayıl: "Çox xoşbəxtəm ki, araşdırma yazıları davam edir"

Şəklin mənbəyi, Azadliq Radiosu RFE RL
Hazırda həbsdə olan araşdırmaçı- jurnalist Xədicə İsmayıl UNESCO-nun 2016-cı il Guillermo Cano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görüldüyü üçün "çox sevinclidir".
"Bu mükafatı aldığıma görə çox sevincliyəm. Çox xoşbəxtəm ki, araşdırma yazıları davam edir, dayanmayıb. Mənim araşdırmaların başqa jurnalistlər tərəfindən davam edir. Bu yazıların, araşdırmaların davam etməsi üçün həbsdə olmağıma razıyam", jurnalistlə görüşən vəkillər onun sözlərini BBC Azərbaycancaya deyib.
Jurnalist Xədicə İsmayıl aprelin 8-də müstəqil beynəlxalq peşəkar münsiflər tərəfindən çətin şəraitdə jurnalistikaya tövhələri və jurnalist araşdırmalarına görə bu mükafata layiq görülüb, UNESCO-nun saytında yazılır.
"Xədicə İsmayıl bu mükafata çox layiqdir və mən onun peşəkarlığının və cəsarətinin tanınmasından xoşbəxtəm", mükafatın prezidenti Ljiljana Zurovac deyib.
25 min dollar dəyərindəki mükafat mayın 3-də "Beynəlxalq Mətbuat Azadlığı" Günündə Finlandiyada təqdim ediləcək.
UNESCO-nun Guillermo Cano mükafatı 1997-ci ildə meksikalı narkobaronların 1986-cı ildə qətlə yetirdiyi kolumbiyalı jurnalist Guillermo Cano Isaza şərəfinə təsis edilib.
Cümə axşamı jurnalistin əməkdaşlıq etdiyi Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması Layihəsinin (OCCRP) həyata keçirdiyi "Xədicə Layihəsi" də
“Araşdırmaçı Reportyorlar və Redaktorlar" təşkilatının (IRE) 2015-ci il üçün xüsusi "Tom Renner" mükafatına layiq görülüb.
Bundan əvvəl isə o, İsveçin Milli Mətbuat Klubu tərəfindən təsis edilmiş Anna Politkovskaya adına “Söz azadlığı”, “Alison Des Forges”, PEN/Barbara Goldsmith və digər mükafatlara layiq görülüb.
Xədicə İsmayıl 2014-cü ilin dekabrın 5-də həmkarını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib, lakin sonradan bu maddə üzrə ona bəraət verilib.
Həbs-qətimkan dövründə jurnalistə qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb və o, 7 il 6 ay müddətinə həbs edilib.
Jurnalist və əməkdaşlıq etdiyi Azadlıq Radiosu onun həbsinin səbəbini siyasi motivli və apardığı araşdırmalarla əlaqələndirir.




