Ağdam: "dinc sakin dünyasını dəyişdi"

Tərtər rayonu, Qazıyan kəndi istiqamətində atışma gecə saat 3-dən sonra səngiyib, kənd sakini deyir

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Tərtər rayonu, Qazıyan kəndi istiqamətində atışma gecə saat 3-dən sonra səngiyib, kənd sakini deyir

Ağdamda dinc sakinlərdən biri, mal-qara otardığı zaman atılan mərmilərdən birinin yanında partlaması nəticəsində dünyasını dəyişib, rayon sakini Valeh Məmmədov BBC Azərbaycancaya bildirib.

Onun sözlərinə görə Əhmədağalı kənd sakini olan Qaraş Dadaşov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib, "otardığı mal-qara da tələf olub."

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə sutka ərzində "qarşı tərəf atəşkəs rejimini 120 dəfə pozub", Azərbaycan Silahlı Qüvvələri "əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 126 dəfə atəş zərbəsi endirib."

Bu məlumatla bağlı Ermənistan tərəfi hər hansı açıqlama verməyib.

"Qazımız kəsilib"

Tərtər rayonu Qazıyan kənd sakini Müşfiq Axundov deyir ki, ötən gün atılan mərmilərdən biri Qaynaq kəndində "qaz borusunun üstünə düşüb."

"Boru partladı. İndi də qazımız kəsilir", kənd sakini deyir. "Bazar günüdən etibarən isə kənddə elektrik enerjisi <link type="page"><caption> kəsilib.</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/04/160403_situation_in_tartar?ocid=socialflow_facebook%3FSThisFB" platform="highweb"/></link>"

Onun sözlərinə görə atışma gecə saat 3-dən sonra bir qədər səngiyib. Atılan mərmilərdən ikisi "yaşayış evlərinin həyətinə düşdüyünə görə dinc sakinlər arasında xəsarət alan olmayıb, evlərə ziyan dəyib."

"Kəndin uşaqları hərəsi cibində bir torba qəlpə gəzdirir. Partlayan topun qəlpələrini yerdən yığıb o ona göstərir, bu buna göstərir."

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, "erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub."

Məlumatda o da bildirilir ki, sutka ərzində "Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl rayonundakı adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri; Qazax, Tovuz və Gədəbəy rayonunda yerləşən Azərbaycan tərəfinə məxsus adsız yüksəkliklər atəşə tutulub."

Aprelin 2-ə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında "qızğın döyüşlər" başlayıb. Hər iki tərəfdən mülki və hərbi tələfat var.

Aprelin 3-də Azərbaycan tərəfi "atəşkəs elan etdiyini" bəyan etsə də, Ermənistan tərəfi bəyanatı “həqiqətə uyğun olmayan” adlandırıb.