Yoldaşlarını qorumaq üçün "özünü qumbaranın üstünə atıb"

Mayor Elnur Əliyev ailəlidir və 2 oğlu var
Şəklin alt yazısı, Mayor Elnur Əliyev ailəlidir və 2 oğlu var

Dağlıq Qarabağda gedən döyüşlərdə həlak olan mayor Elnur Əliyev bazar günü doğulduğu Füzuli rayonunda dəfn edilib. Sabah onun 3 mərasimidir.

Mayor Elnur Əliyev ailəlidir və 2 oğlu var.

Aprelin 2-ə keçən gecədən başlayaraq, Dağlıq Qarabağın cəbhə boyu rayonlarındakı döyüşlərdə, Azərbaycan tərəfi 15, Ermənistan tərəfi 18 əsgər itirib, rəsmi məlumatlarda deyilir.

Mayor

Elnur Əliyev 1976-cı ildə Füzuli rayonunun Dədəli kəndində anadan olub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olub və 1998-ci ildə Ali hərbi məktəbi bitirib.

Onun bibisi oğlu Mərdan Əliyev BBC Azərbaycancaya deyir ki, mayor Əliyev 10 il Tovuzda, daha sonra bir neçə il Daşkəsən, Gəncə və Murovdağda yerləşən n saylı hərbi hissələrdə xidmət edib.

Sonuncu həbi hissədə mayor rütbəsi alıb. Daha sonra o, Bərdənin n saylı hərbi hissəsində qərargah rəisi olub və son olaraq 2014-cü ilin noyabrından etibarən Füzuli rayonundakı n hərbi hissəsin səfərbərlik və komplektləşdirmə şöbəsinin rəisi kimi işləyib.

"O, ancaq əsgərlərin təxris olunması və ya işə götürülməsi kimi idarə işləri ilə məşğul olub. Amma vuruşmanın başlandığı gecə kabinetdə yoldaşlarına deyib ki, özü Füzulidəndir və bir neçə adam götürərək Lələ Təpə uğrundakı döyüşə qatılıb", - Mərdan Əliyev bildirir.

Onun sözlərinə görə, Elnur Əliyev döyüşdə yoldaşlarını xilas edib.

"Döyüşdə atılan qumbaranın üstünə tullanıb, yanındakıların həyatını xilas edib və şəhid olub", Mərdan Əliyev ağlayaraq vurğulayır.

Qohumcanlı

Mərdan Əliyev deyir ki, mayorun çox yumşaq xasiyyəti olub və o, qohumcanlı biri idi.

"Elnur mənim qucağımda böyüyüb. Yaşı az olsa da nəslimizin ağsaqqalı idi. Oğlum onu nümunə götürərək hərbi məktəbə daxil olub", o qeyd edir.

Elnur Əliyevin 3-cü və birinci siniflərdə oxuyan iki oğlu var, sabah mayorun 3 mərasimidir.

Cəbhədə atəşkəsin pozulması nəticəsində 2 dinc sakin həyatını itirib və 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Azərbaycan tərəfi "atəşkəs elan etdiyini" bəyan etsə də, Ermənistan tərəfi bəyanatı “həqiqətə uyğun olmayan” adlandırıb.