Azərbaycan: Novruz bayramında hara getməli?

Şəklin mənbəyi, Onnik Krikorian

Azərbaycanda Novruz bayramı ilə əlaqədar mart ayının 20-dən 28-dək qeyri iş günü hesab olunur.

BBC Azərbaycanca, bu günlərdə sizə iştirak edə biləcəyiniz 10 tədbir barədə siyahı təqdim edir.

12:00. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu il də İçərişəhər və Qala qoruqlarında "Novruz – Bahar Festivalı” təşkil edəcək.

Festival Qala qoruğunda martın 20-də saat 12-dən 18:00-dək keçiriləcək. İçərişəhərdə isə tədbir həm martın 20-i, həm də 21-i eyni saatlarda baş tutacaq.

Festivalda Qoşa Qala Qapısı meydanında “Meydan Bazarı”, sərgi-satışlar təşkil olunacaq, musiqili proqram göstəriləcək. Giriş pulsuzdur.

18:00. Azərbaycan Dövlət Kukla Teatrında uşaqlar üçün "Qoğal" tamaşası göstəriləcək. Həmin gün taaşanı izləməyə vaxt tapmayanlar martın 25-i saat 18:00-da teatra üz tuta bilərlər.

Bilet 3 manatdır.

Heydər Əliyev Sarayı bayram tətili günlərində uşaqları musiqili və əyləncəli proqramı ilə bayram konsertinə dəvət edir. Şənlikdə Novruzun sevilən personajları Kosa və keçəl, Bahar qız uşaqlara Novruz bayramı, baharın gəlişi, Novruz çərşənbələri və digər adət-ənənələr haqda məlumat verəcək, müxtəlif oyunlar keçirəcəklər.

Biletlər 10-20 manat arasındadır.

18:00. Abdulla Şaiq adına Kukla teatrında "Çippolino" adlı uşaq tamaşası nümayiş etdiriləcək. Tamaşa rus dilindədir və Gianni Rodarinin eyni adlı əsəri əsasında səhnəyə qoyulur. "Çippolino"ya, həm də martın 24-də tamaşa etmək olar.

Bilet 3 manatdır.

20:00. "Ritz Baku"da American Parti stilində əyləncə gecəsi keçiriləcək. Gecədə müxtəlif yarışmalar olacaq, məşhur djlər, rəqqaslar və bitbokserlər çıxış edəcək.

Bilet qiymətləri 15-25 manat arasındadır. Xanımlara giriş pulsuzdur.

Müasir İncəsənət Muzeyində Azərbaycan rəssamlarının "12" adlı sərgisinə tamaşa edə bilərsiniz. Sərgidə Altay Sadıqzadə, Eldar Məmmədov, Şamil Buksayev, Əli İbadullayev, Hüseyn Haqverdiyev, Anar Hüseynzadə, Elşən Qaraca, Vüqar Quliyev, Elşən Sərxanoğlu, Fəxri Abbasov, Emin Əsgərov və Rəşad Babayevin əsərləri nümayiş etdiriləcək.

Sərgi martın 3-dən başlayıb və aprelin 3-də bitəcək. Giriş 5 manat, tələbələr üçün 2 manat, məktəblilər üçün isə pulsuzdur.

19:00. Rus Dram Teatrının səhnəsində "Maskarad" tamaşası nümayiş etdiriləcək. Mixail Lermontovun əsəri əsasında səhnələşdirilən tamaşanın quruluşçusu və rejissoru Azərbaycanın xalq artisti Aleksandr Şarovskiydir.

Bilet 11 manatdır.

19:00. Azərbaycan Dövlət Musiqili Teatrında bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettası əsasında hazırlanan tamaşa göstəriləcək.

Biletlər 6-10 manat arasında dəyişir.

19:00. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində İtalyalı bəstəkar Cüzeppe Verdinin “Traviata” operası tamaşa etmək imkanı qazana bilərsiniz.

Biletlər 22-33 manatdır.

19:00. Gənc Tamaşaçılar Teatrı xalq yazıçısı Elçinin eyni adlı əsəri əsasında "Buzovna kəndinin əhvalatları" tamaşasını təqdim edəcək.

Biletlər 6 manatdır.