Erdoğan Azərbaycanı Türkiyənin "qara gün dostu" adlandırıb

Şəklin mənbəyi, AFP
Türkiyə prezidenti Recep Tayyip Erdoğan İlham Əliyev ilə birgə mətbuat açıqlaması zamanı Azərbaycanı "qara gün dostu" adlandırıb, Anadolu agentliyi yazır.
Erdoğan, bazar günü baş vermiş hücumdan danışaraq, hadisəni "bütün Türkiyəyə, 79 milyonun hamısına edilmiş hücum" adlandırıb.
Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyəyə rəsmi səfərdədir.
Ankaradakı partlayışla əlaqədar keçirilməsi Bakıda nəzərdə tutulmuş Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası Ankarada keçirilir.
Bu münasibətlə Türkiyəyə gedən Azərbaycanın dövlət başçısı İlham Əliyevi Recep Tayyip Erdoğan qarşılayıb.
Azərbaycan prezidenti üçün prezident kompleksində rəsmi mərasim keçirilib, Türkiyənin Yeni Şafak qəzeti yazır.
Mərasimdən sonra hər iki prezidentin təkbətək görüşü keçirilib.
"Qara gün dostu"
Görüşdən sonra jurnalistlərə açıqlama verən Türkiyə dövlət başçısı Azərbaycanın "terror hücumunun ardından göstərdiyi həmrəyliklə qara gün dostu olduğunu" bildirib.
"Terrora dəstək verməyi, terrorçuya pərdə olmağı azadlıq deyə təqdim edənlər, daha meyitlərimiz dəfn edilmədən siyasi rant arxasınca qaçanlar, bu qardaşlıq mesajından lazımlı dərsi almalıdırlar", Anadolu agentliyi Erdoğana istinadən yazır.
Çərənbə axşamı İlham Əliyevin və Türkiyə prezidenti Recep Tayyip Erdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib, Azərtac dövlət agentliyi məlumat verir.
Türkiyə mətbuatının yazdığına görə, prezidentlərin görüşündə iki ölkə arasında münasibətlər, regional və beynəlxalq məsələlərlə yanaşı, Dağlıq Qarabağ regionunda baş verən son vəziyyət haqqında fikir mübadiləsinin aparılması gözlənilir.
Fevral və mart aylarında Ankarada baş vermiş və bir çox insanın ölümü ilə nəticələnmiş 2 müxtəlif partlayışdan sonra Recep Tayyip Erdoğanın Bakıya nəzərdə tutulan iki görüşü təxirə salınıb.
<bold>Həmçinin oxuyun</bold>: <link type="page"><caption> Türkiyə-Azərbaycan görüşündən nə gözlənilir?</caption><url href="http://www.bbc.com/azeri/region/2016/03/160314_erdogan_aliyev_meeting_analysis" platform="highweb"/></link>




