Gəncə sakini: "Evdən kömək etsələr dolanaram"
Fevralın əvvəlində işsizliklə bağlı narazılıq baş vermiş Gəncədə o vaxtdan çox şeyin dəyişmədiyini deyən sakinlər işsizlik və bahalaşmadan şikayət edirlər. BBC Azərbaycancanın müxbirləri Günel Səfər və Elnarə Məmmədova ilə söhbətləşən insanların əksəriyyəti dolanışığın zəifliyindən gileyləniblər.
Bazarda satıcılar alıcı azlığından, alıcılar qiymət bahalığından, şəhər sakinlərinin əksəriyyəti isə işsizlikdən və Məşğulluq Mərkəzinin təklif etdiyi işlərin qənaətbəxş olmamasından danışırlar.

Buna baxmayaraq, şəhərin Məşğulluq Mərkəzi müraciət edənlərin işlə təmin olunmasında problemin olmadığını deyir.
"İşsizlik artıb"
Şəhər boyu istər cavan, istərsə də yaşlı kişilərin bir yerə toplaşaraq söhbət etdiyini müşahidə edirik.
Bir çoxları verdiyimiz suallara cavab verməkdən çəkinir. Bəzi sakinlər isə işsizlik olsa da bunun "dünya problemi olduğunu" deyərək hökumətin bu məsələyə həll çarə tapacağına ümid etdiyini deyir.

Bazarda meyvə satan sakinlərdən biri 4 ildir fotoqrafçılıq etdiyini son aylarda isə ticarətlə məşğul olmağa başladığını deyir. Onun sözlərinə görə, bu addımı atmağa onu dolanışığın yaxşı olmaması vadar edib.
Sakinlər arasında şəhərin Məşğulluq Mərkəzinə müraciət edənlər də var, etməyənlər də. Edənlər təklif olunan işlərdən və əmək haqqının azlığından gileylənir.
"Deyir iş var zibil idarəsində, 120 manat maaşa. 120 manata adam dolanarmı", sakinlərdən biri danışır.
Məşğulluq mərkəzində

Məşğulluq mərkəzində isə az insan gözə dəyir. Təzəcə göndəriş alan vətəndaş deyir ki, bir neçə aydır mərkəzdə qeydiyyatdadır. Bundan əvvəl göndərildiyi işdə isə "İş yoxdur" deyilib.
O, ailəli olduğunu amma heç vaxt işləmədiyini də əlavə edir.
"Evdən kömək etsələr dolanaram" deyir vətəndaş.
Müsahibəmiz bitən kimi bizə yaxınlaşan Mərkəzin direktoru Abil Tağıyev vətəndaşların işlə təmin olunmasında "heç bir problemin olmadığını" vurğulayır. Onun sözlərinə görə, gündəlik mərkəzə 150 nəfər müraciət edir və ümumilikdə 600 vakant yer var.
"Kommunal sahədə 280 nəfər, su idarəsində 60 nəfər, Azərenerjidə 19, şəhər işıq idarəsində 25 nəfər, SOCAR-da 242 nəfər işlə təmin olunub. SOCAR-da işləyənlərin minimum əmək haqqısı 275 manatdır".
Direktor təkcə fevral ayında "800 nəfərin" işlə təmin olunduğunu bildirir.
İnsanların göndərildiyi iş yerlərindən geri qayıtması ilə bağlı isə cənab Tağıyev deyir ki, göndərilmiş insanların ikinci dəfə geri qayıtması "onların özünün ordakı tələblərə cavab verməsindən asılıdır".
"Maaş yetmir"

Ümumilikdə isə, müşahidələrimizə əsasən, Gəncədə işləyənlər belə aylıq gəlirlərinin dolanışığa yetmədiyini bildirir. Ötən ilin dekabrında manatın ucuzlaşmasından sonra bazardakı qiymətlərin artdığını bildirən sakinlər aldıqları əmək haqqının və pensiyanın xərcləri ödəmədiyini də qeyd edirlər.
"1 ildir ki, firmada işləyirəm, aylıq gəlirlə tələbatımı ödəyə bilmirəm, maaş azdır, qiymət baha", deyən müsahibimiz bahalaşmanın son vaxtlar baş verdiyini qeyd edir.
"Mağazaya gedəndə əvvəl etdiyin bazarlığın yarısı qədər çox ödəyirik", deyən müsahibimiz əlavə edir ki, "vəziyyət çətindir"
"Usta işləyirik, sifarişlərmiz çox azdır. 5-6 ildir bu işlə məşğuluq, ilk dəfədir belə vəziyyət olur", deyir digər müsahibimiz.




