Quba sakinləri bahalığın öhdəsindən necə gəlir?

Quba sakinləri gündəlik ərzaqlarını almaq üçün yerli bazara deyil, Dərbəndə üz tutur.

Hər gün Qusardakı gömrük postlarından sərhədi keçən yüzlərlə insan bunu ərzağın Dərbənddə çox ucuz olması ilə əlaqələndirir. Onların dediyinə görə 10 kiloqram kartofu Dərbənddə yerli bazarla müqayisədə 6 manat ucuz qiymətə alırlar.

Yerli bazarda çalışan satıcılar isə məhsullarının qiymətinin ötən il manatın kəskin ucuzlaşmasından öncə olduğu kimi qaldığını, hətta bəzi məhsulları daha ucuz qiymətə satdıqlarını deyirlər.

İqtisadiyyat Nazirliyi isə dəfələrlə bazarlarda bahalaşmanın olmadığını, Azərbaycanda un və çörəyin qonşu ölkələrdən daha ucuz olduğunu bəyan edib.

Bu ilin yanvar ayında qubalılar da qiymət artımı və işsizlik kimi problemlərə etiraz olaraq küçələrə<link type="page"><caption> axışıb</caption><url href="http://www.bbc.com/azeri/international/2016/01/160115_quba_protest" platform="highweb"/></link>. Aksiya Daxili Qoşunların xüsusi təyinatlılarının müdaxiləsindən sonra başa çatıb.

"Yetər ki alıcı gəlsin"

Hadisədən təxminən bir ay sonra Qubaya səfər edən BBC Azərbaycanca müxbirlərinin müşahidələrinə görə, rayonda hər zaman səs-küyü ilə seçilən Quba bazarına indi sanki satıcı sükutu çöküb. Alıcıdan çox satıcı olan bazarın sakitliyini pozan da onların öz aralarında etdikləri zarafat və söhbətlər idi.

Yeşikdə büzüşüb qalan Quba almalarını satan satıcı bir kişi gündə yalnız 2-3 kilosunu sata bilir.

“Bir aya yaxındır almanı yığmışam piştaxtaya. Hələ də qurtarmayıb”, satıcı deyir.

“Əvvəl camaat almasını gətirib bazarda satırdı, sonra da gəlib bizdən alver edirdi. Amma indi heç o da yoxdur” deyə balıq satıcısı alma bazarının zəifliyinin dolayısı ilə onların da satışına mənfi təsir etdiyini deyir.

Satıcıların dediyinə görə bazardakı alıcı qıtlığı ötən ilin dekabr ayından, manatın dollara qarşı 47 faiz ucuzlaşmasından sonra daha da kəskinləşib. Onlar düşünür ki, insanlarda pulun, gəlir yerinin olmaması səbəbindən bu gün bazar sakitlikdir.

Ağartı məhsulları satan qadın satıcı isə iddia edir ki, “məhsulları daha ucuz” təklif edir. Yetər ki, alıcı gəlsin.

“Ay bala, keçən ilki satışın 20-30 faizini edirik. Elə gün olur ki, günə 2-3 manat alver edib gedirik evə”, deyə satıcı alıcı qıtlığından narazılıq edir.

Bazar rəhbərinin dediyinə görə bazarda 280 piştaxta olsa da bu gün onlardan yalnız 180-də satış var. “Alıcı qıtlığından bir çox satıcı piştaxtasını tərk edib”, bazar rəhbəri təəssüflə çiyinlərini çəkir.

Amma alıcılar satıcılar kimi qiymətlərin ucuz olmadığını düşünür. Şəhər mərkəzində “Bazarlığınızı hardan edirsiniz?” sualı ilə yaxınlaşdığımız sakinlərin bir çoxu “Dərbənddən alıram, ora daha ucuzdur” deyə cavab verirdi.

İşsizlikdən əziyyət çəkdiklərini deyən sakinlər hazırki vaxtda qənaətin vacib olduğunu əsas gətirərək bu seçiminin daha düzgün olduğunu düşünürlər.

Bazarlığa Dərbənd yaxşı

Dərbəndə keçmək üçün insanların üz tutduğu Qusar rayonu Şirvanovka gömrük postuna çatanda günün ikinci yarısı idi. Əli ağır yüklərlə dolu insanlar Azərbaycana qayıdırdı.

Yağ, kartof, süd, siqaret, konserv qutular, şampun və sair gündəlik məhsullarla dolu sellofan torbalarla sərhədi keçən sakinlər taksi maşınlarına doğru tələsirlər.

Qubadan olan bir alıcı deyir ki, gəlib getmək zaman sərfi olsa da, onun üçün vacib olan büdcəsinə qənaətdir.

“Burda həftəlik bazarlığa verdiyim pulla Dərbənddə ikihəftəlik bazarlığımı edirəm”, alıcı bunun üçün xüsusi olaraq xarici passport aldığını deyir.

“Şəhərdə 14,40 manata satılan yağı burdan keçib 7 manata alıram. Çəkdiyim siqareti 3 manat ucuzuna alıram Dərbənddə”, alıcı ümumi bazarlığında büdcəsinə 70 faiz qənaət etməsindən məmnun görünür.

Bazarlıq üçün Sumqayıtdan Dərbəndə gedən alıcı isə deyir ki, ötən ilin dekabr ayında manatın ucuzlaşmasından sonra buraya üz tutub. Ucuz bazarlıq etmək üçün ayda bir dəfə tanışlarla birlikdə 230 kilometr yolu qət edərək Şirvanovka gömrük postuna gəlmək onun üçün artıq adiləşib.

“Sumqayıt nə qədər Bakıdan ucuz olsa da, Dərbənd ondan da ucuzdur”, sakin bura yol pulu verib gəlməyə dəydiyini düşünür.

“Səhər ertədən gəlib görsəniz burda necə izdiham yaranır” deyə taksi sürücülərindən biri ərzaq keçirilməsi üçün hər adama 10 kiloqramlıq məhdudiyyət qoyulmasına baxmayaraq insanların Dərbəndə kütləvi axın etməsindən bəhs edir.

“Burda bir basabas olur, tez keçməyin üstündə qırğın düşür”, deyə taksi sürücüsü təsvir edir.

Nazirlər kabinetinin təsdiqlədiyi "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları"-na əsasən, fiziki şəxslər nərə cinsli balıq istisna olmaqla 10 kiloqrama qədər ərzaq məhsullarını güzəştli qaydada, yəni gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirilə bilər.

BBC Azərbaycancanın Bakıda və başqa royunlarda apardığı müşahidələr zamanı məlum olub ki, manatın dəyərinin kəskin azalmasından sonra qiymətlərdə artım baş verib.

İqtisadiyyat Nazirliyi isə dəfələrlə yerli məhsulların qiymətinin artmadığını, manatın ucuzlaşmasından istifadə edərək süni qiymət artıranlara qarşı nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə "qanunvericiliyə uyğun tədbirlər gördüklərini" bəyan edib.